"Erməni xalqı Sarkisyanın istefasından dərs çıxartmalıdır" - AKP rəsmisi

 "Türkiyə və Azərbaycan arasında heç bir mənəvi sərhəd yoxdur". 

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hər iki millətin vətəni sayılır. 

AKP rəsmisi Türkiyə və Azərbaycan arasında tarixi bağlılığın qırılması məqsədilə həmin coğrafiyaya kənar millətlərin köçürüldüyünü söyləyib:

"Ermənilər bu coğrafiyaya aid deyil, onlar sonradan həmin ərazilərə köçürülüblər. Çox təəssüf ki, azərbaycanlıların və türklərin sülhsevərliyindən suiistifadə edən bəzi millətlər sonradan ərazi iddialarına düşüblər. Biz türklər heç zaman irqçilik və millətçilik etməmişik. Ancaq ortada bir haqsızlıq, işğalçılıq varsa, qardaş ölkə olaraq Türkiyənin bununla bağlı ermənilərdən öz şərti var. İlk növbədə erməni silahlıları işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çəkilməlidir. Ermənilər də vicdanlı hərəkət etsələr, işğalçılıq siyasətindən əl çəksələr, onlar da bu coğrafiyada sülh şəraitində yaşaya biləcəklər. Belə olan təqdirdə ermənilər də Azərbaycan və Türkiyənin inkişafından faydalana biləcəklər".

Mustafa Kabakçı Serj Sarkisyanın baş nazirlik postundan istefa verməsi məsələsinə də münasibət bildirib. 

O deyib ki, Ermənistanda yaşanan hadisələrdən erməni əhalisi dərs çıxartmalıdır:

"Tarixdə heç zaman zülmün əbədi olaraq davam etməsi mümkün olmayıb. Bu gün Ermənistan qanayan bir yaraya bənzəyir. Onu bu vəziyyətdə çox saxlamaq mümkün deyil. Əgər belə vəziyyət davam edərsə, bu bölgəyə də zərər vurar. Bunun üçün də Ermənistan bir an ağılına başına yığmalı və işğalçılıq siyasətinə dərhal son verməlidir. Əks halda böhrandan çıxış yolu yoxdur".


Orxan Bəşirov 
Tarix: 27-04-2018, 21:54
Xəbəri paylaş





Xəbər lenti