Azərbaycanla Avropa Şurası arasında münasibətlər yenidən gərginləşib. AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və orada Azərbaycanın insan hüquqları və azadlıqlarla bağlı problemlərin susdurulması yönündə “bazarlıq” etdiyi barədə ittihamın olması, AŞ PA-da korrupsiya faktlarına dair hesabatın qəbul edilməsi, hesabatda Azərbaycanın müxtəlif vaxtlarda AŞ PA deputatlarına və rəhbərliyinə daxil olan şəxslərin ələ alınması üçün müxtəlif addımlar atması iddiaların qeyd olunması münasibətləri ən kritik həddə çatdırıb.
Bundan əlavə, AŞ PA-nın 24 deputatının baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırması “odun üzərinə benzin töküb”. Yaz sessiyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdəki sərt çıxışı məsələnin nə qədər ciddi olduğunu göstərib. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyada çıxışında “Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm” bəyanatını verib.
Azərbaycanın nümayəndə heyətinin kəskin etirazlarına baxmayaraq AŞPA-da korrupsiya ittihamları üzrə müstəqil istintaq orqanının 219 səhifəlik hesabatı plenar iclasda qızğın müzakirələrdən sonra qəbul edilib. Azərbaycan nümayəndə heyəti üzvlərinin buna yol verməmək cəhdlərinə baxmayaraq, 123 deputat sənədin “lehinə” səs verib.
Bir çox siyasi ekspertlər isə hesab edir ki, AŞPA-nın qəbul etdiyi sözügedən “rüşvət hesabatı” müzakirəyə çıxarması və qəbul etməsi həm də bu qurumun özünü də ifşa etməsidir. Əgər orada qeyd olunanların hətta müəyyən bir hissəsi doğrudursa, belə çıxır ki, AŞPA-nın deputatları və rəhbərliyinə daxil olan şəxslər uzun illər rüşvətxorluqla, qurumun elan etdiyi dəyərləri tapdalamaqla məşğul olublar. Bundan sonra da belə etməyəcəklərinə təminat yoxdur.
Bu barədə fikirlərini “Yeni Müsavat”la bölüşən politoloq Elxan Şahinoğlu öncə qeyd etdi ki, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının alınmadığını artıq açıq söyləmək olar: “Bunda hər iki tərəfin günahı var. Biz onların bir qisim tələbini yerinə yetirmədik, onlar isə bizim ordakı deputatların səyi ilə qəbul edilən qətnamələrin icrasını təmin etmədilər. Rüşvətxorluqla bağlı iddialara qaldıqda araşdırılmanın necə aparıldığını demək çətindir. Çünki həmin araşdırmada adları çəkilənlərin bəziləri iddiaların tamamən yalan olduğunu söyləyirlər və bunların içində avropalı deputatlar da az deyil.
Buna baxmayaraq, Azərbaycanın adı mənfi mənada çəkilib. Fikrimcə, Azərbaycan hakimiyyəti özü də daxili araşdırma aparıb qərar verməlidir ki, nə baş verib və Avropa Şurasına daxil olan deputatlarla münasibətlərdə hansı hallara yol verilib?
Bu bizim özümüzə lazımdır ki, həqiqəti bilək. Çünki hətta hesabatda hər şey yalandırsa belə, bu hesabat Avropada müzakirəyə çıxarılıb və ölkəmizin adı mənfi mənada hallanır. Bizim Dağlıq Qarabağ kimi münaqişəmiz var, əsas məramımız torpaqlarımızı işğaldan azad etməkdir. Bu mənada bizim sivil dünyanın dəstəyinə ehtiyacımız var. Ancaq əgər Qərbdə Azərbaycanın adı mənfi mənada çəkilirsə, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə zərər dəyə bilər. Ona görə bizim özümüzə bilmək lazımdır ki, nə baş verib, hesabat nə dərəcədə yalan, nə dərəcədə doğrudur".
Səməd Seyidovun “Avropa Şurası mənə lazım deyil” bəyanatına və Milli Məclisin bir sıra deputatlarının Avropa Şurasından çıxmaq çağırışlarına gəlincə, E.Şahinoğlu bildirdi ki, Avropa Şurasında təmsil olunmaq Azərbaycana lazımdır: “Avropa Şurası hansısa deputata lazım deyilsə, Azərbaycana lazımdır. Səməd Seyidova lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən, Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə, istefa ver, qoy başqası ölkəmizi təmsil etsin. Əlbəttə, Avropa Şurasını tənqid etmək hamının haqqıdır, tənqid olunmalıdır da. Ziddiyyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s. Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir. Biz getsək Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə təbliğatını rahat aparacaq. Bumu bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da ”Avropa Şurası bizə lazım deyil" deyənlər unutmasınlar".
Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, AŞPA dövlətlərin üzərində nəzarət həyata keçirə biləcək bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmadığı üçün heç bir hüquqi qüvvəyə də malik deyil: “Rüşvət məsələsi bütün dünyada olduğu kimi, Avropa Şurasına üzv olan ölkələrdə də cinayət sayılır. Cinayət əməlinə isə yalnız hüquqi müstəvidə qiymət verilə bilər. İndiki halda əgər rüşvətlə bağlı hər hansı bir hadisə baş vermişdisə, o zaman rüşvət təklif edilən şəxs dərhal hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməliydi. Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar.
Hesabatda rüşvətlə bağlı irəli sürülən bütün ittihamlar şayiə və ehtimallar üzərində qurulub. Hesabata diqqət yetirsək, bu siyasi motivli iddiaların nə üçün irəli sürüldüyünü müəyyənləşdirmək olar. Məsələn, hesabatda qeyd olunur ki,“Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi”. Bu, Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurduğunun etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edirdi? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizm və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s. Yəni Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞ PA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edirdi. Əgər Azərbaycanın lobbiçilik fəaliyyəti kimlərisə narahat edirsə, bu o deməkdir ki, onlar Ermənistan və bu işğalçı ölkə vasitəsilə Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu qorumağa çalışan, terrorizmə və aqressiv separatizmə dəstək verən dairələr tərəfindən satın alınıblar".
Politoloq qeyd edib ki, AŞPA-nın nüfuzu çoxdan zədələnib. Bu qurum artıq xeyli müddətdir ki, qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir. Bu qurumun sonuncu hesabatı isə şantaj xarakterlidir və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib.
Ümumən, müstəqil ekspertlər hesab edir ki, AŞPA-nın “korrupsiya hesabatı” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. Bu, AŞPA-nın “hesabatı” Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyunu kimi qiymətləndirilir.
Habelə, “hesabat” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Eyni zamanda o da vurğulanır ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. Parlament Assambleyasının Azərbaycanla qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirməsi kimi dəyərləndirilir.(“Yeni Müsavat”)