Məlum olduğu kimi, Prezident İlham Əliyev yenidən Azərbaycan prezidenti seçildikdən sonra hökumətin tərkibində ciddi dəyişikliklərə imza atıb. Komandaya yeni simalar, xüsusən də gənc kadrlar cəlb olunub.

Siam.az bildirir ki, Milli Məclisin deputatı Tahir Kərimli “Reytinq” qəzetinə müsahibəsinə də elə bu mövzudan başlayıb:

– Biz hər zaman hökumətin, hakimiyyətin komandasının təzələnməsi məsələsinin önəmli olması ilə bağlı fikirlər səsləndirmişik. Gənc insanların rəhbər vəzifələrinə gətirilməsi məsələsini ortaya qoymuşuq. Yaradıcı, müasir innovasiyaları tətbiq edə biləcək insanları hakimiyyətdə görməyi arzu etmişik. Nəhayət ki, bu istiqamətdə addımlar atıldı.

10 nəfərə yaxın şəxslə bağlı yeni təyinat oldu. Onlar xaricdə təhsil almış insanlardır. Gənc olmaqla bərabər, ingilis, rus və digər dilləri də bilirlər. Düşünürəm ki, onların vəzifələrə təyin edilməsi ölkəmizə müəyyən müsbət abu-hava gətirəcək.

Açığı, mən hökumətdə son 25 ildə bu cür inqilabi dəyişikliyin şahidi olmamışdım. Birdən-birə orta yaşı 44 olan bir komanda formalaşdırıldı. Bu mənada, ölkə başçısının gənc kadrları vəzifəyə təyin etməsini alqışlayıram.

Əlbəttə, bu, çox yaxşı göstəricidir. Yeni nəfəsdir. Kadr islahatı birinci növbədə geniş islahatların dərinləşməsinə yönəlib və hər şeydən əvvəl şəffaflığın təmin edilməsi, korrupsiya və rüşvətxorluqdan uzaq zümrənin hökumətə gətirilməsi ilə xalqın içində hökumətin nüfuzunun qaldırılmasına gətirib çıxaracaq. Kadr islahatları xalqın rifah halının daha da yaxşılaşdırılması üçün böyük şanslar verir.

– Deməli, yola salınan kadrlarla bağlı ciddi problemlər var idi?

– Dəyişdirilən kadrların hamısını pis kimi qələmə vermək olmaz. Onların arasında səriştəli, eyni zamanda, idarəetmə təcrübələri olan kadrlar da var idi. Həmin kadrlardan başqa sahələrdə istifadə etmək olar. Onları öz ixtisaslarına uyğun sahələrə yönəltmək lazımdır. Yəni, onları bir kənara atmaq olmaz. Cənab Prezident bir neçə dəfə belə kadrlardan başqa sahələrdə istifadə edib və güman edirəm ki, bundan sonra da səriştəli şəxslərin köməyindən yararlanacaq.

Bu, yeni komandadır. Bu komanda formalaşandan sonra bütün sahələr üzrə müəyyən struktur dəyişiklikləri gözlənilir.

Bayaq dediyimiz kimi, hökumətin tərkibinə yeni nəfəs gəlib. Camaata maraqlı olan da, yeni nəfəsin gəlməsidir. Xalq vəzifəyə yeni gələn gənclərdən müsbət işlər gözləyir. Siyasi qüvvə olaraq, bizim də müəyyən gözləntilərimiz var. Gözləntimiz ondan ibarətdir ki, onlar Prezidentin ehtimatını doğrultsunlar. Hesab edirəm ki, yeni kadrlar rüşvət və korrupsiyanın, süründürməçiliyin kökünü kəsməlidirlər.

Bir çox məmurlarda arxayınlıq yaranmışdı ki, onlar heç vaxt vəzifələrindən çıxarılmayacaqlar və bunun üçün istədiklərini edir, xalqı narazı salırdılar. Hesab edirəm ki, yeni gənc kadrlar belə fikirlərdən çəkinməli, xalqı razı salan islahatlarla öz bacarıqlarını göstərməlidirlər.

– Tahir müəllim, bundan əvvəl də gənc kadrlar yüksək vəzifələrə təyin olunmuşdular, amma ciddi bir dəyişiklik olmadı. Deməli, əsas gənc olmaq yox, iş görməkdədir…

– Bunlar ayrı-ayrı məsələlərdir. Amma indiki hökumət komandası fərqli müstəvidə formalaşıb. Hər şeydən öncə yeni nəfəsdir. Onların arasında hansısa qanundankənar əlaqələrin mövcudluğu yox dərəcəsindədir. Yuxarıdan da onlara komanda verilib ki, gedin, xalq üçün yaxşı işləyin, Azərbaycan üçün nə lazımdırsa, o olsun. Hazırda hökumətin ən böyük məqsədi qeyri-neft sektorundan tutmuş, bütün sahələrdə tərəqqi əldə etməkdir. Bunun üçün şans var.

Bu gün Azərbaycanda böyük logistika mərkəzləri yaranıb. Ölkəmiz Avrasiyada böyük bir nəqliyat qovşağına çevirilib. Yəni imkanlar var ki, bütün sahələr inkişaf etdirilsin.

Hətta Dağlıq Qarabağ problemi üçün də Azərbaycana müəyyən şanslar yaranıb. Düşünürəm ki, indiki halda komandada müəyyən qədər keyfiyyət dəyişikliyi var.

– Bilirsiz, baş verən dəyişiklikləri tam mənada mütərəqqi addım kimi də dəyərləndirmək olmur. Tutaq ki, İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilən kimi “ASAN Xidmət”dəki komandasını da özü ilə buraya gətirdi. Yəni, peşəkar kadrlarla işləməkdən daha çox “öz adamları” ilə işləmək yolu tutulur. Bu addım nə dərəcədə doğrudur? 

– Mən o vaxtı Ali Məhkəmədə işləyəndə rəhbərliklə aramızda çox ciddi narazılıq var idi. Çünki məndən Ali Məhkəmənin tamamilə dəyişilməsi tələb olunurdu. Mən isə, əlbəttə ki, orada səriştəli kadrlara üstünlük verdim və axırda da onların özü mənə qarşı çıxdı. Baxmayaraq ki, mən onları vəzifələrindən uzaqlaşdırmadım.

Amma bir məsələ də var. Hökumətdə kimin olması Prezidentin səlahiyətindədir. Nazir vəzifəsi elədir ki, o, ancaq öz komandasın yığır. Əgər həmin məmurlar “ASAN Xidmət”də özlərini doğruldublarsa, Azərbaycan brendi olan “ASAN”-ı yarada biliblərsə, onlar özlərini rüşvətxorluqdan uzaq bir məmurlar kimi göstəriblərsə, bunun nəyi pisdir ki?

Əgər məmurlar yenə də qohumlarını, yaxınlarını vəzifəyə gətirəcəklərsə, beyinlərində korrupsiya məsələsi olacaqsa, bu, çox pis nəticə verəcək. Bu, dövlətçiliyimizə də düşmənçilik sayılmalı, Prezidentin etimatına zərbə kimi qiymətləndirilməlidir. Buna görə də onlar çox ciddi düşünməlidirlər. Onlara ciddi dönüş etmək tapşırılıb.

Cənab Ramiz Mehdiyev də bütün görüşlərində, təqdimatlarda hamısına Prezidentin tapşırığını çatdırır. Deyir ki, oturun, təmiz işləyin, özünüzü doğruldun. Necə ki, Gürcüstanda rüşvətxor məmurlar təmizləndi, Azərbaycanda da buna getmək lazımdır. Mütləq və mütləq kadr islahatları daha da dərinləşəcək. Yuxarı ilə bərabər, aşağı icra strukturlarında da ciddi kadr islahatları aparılacaq. Artıq vaxdır, mənfi imicdən qurtulmalıyıq.

Mən düşünürəm ki, onların qarşısına qoyulan tələb budur. Onların qarşısına qoyulmur ki, hansısa “pulyığdı” etsinlər və yaxud hansısa mənfi işlərlə məşğul olsunlar.

– Bu məsələdə bəlkə də mənimlə razılaşacaqsınız. Deməli, uzun illərdir ki, Azərbaycanda hökumət təmsilçiliyində müxalifətə pay verilmir. Sizcə, bu islahatlarda müxalif düşərgəyə də üstünlük verilməsi yaxşı olmazdımı?

– Olardı. Amma müxalifətin bir hissəsi indiki hökuməti tanımır. Tanımadığı halda bu vəzifə təyinatı necə ola bilər? Tanıdığı halda Müsavatdan, Xalq Cəbhəsindən nə qədər vəzifədə mütəxəssislər işləyirdi? Hər zaman demişik, müxalifətdə nə qədər gözəl insanlar var. Onlar dövlət üçün də faydalı işləyiblər. İndi də işləyib, xeyir verə bilərlər. Düşmənçilik aradan qalxar. Bütün bunlar çox yaxşı olar. Amma çox təəssüf edirəm ki, ümumiyyətlə, bu dialoq baş tutmur. Nədənsə müxalifətlə iqtidar bir-birlərinə qarşılıqlı addımlar atmırlar.

Mən açıq danışıram. Özüm də mərkəzçi qüvvəyəm. İqtidarın yaxşısı yaxşı, pisi də pis, müxalifətin də yaxşısı yaxşı, pisi də pisdir. Bunlar bir-birlərində mənfi axtarırlar. Müsbət heç nə tapmırlar.

– Parlamentdə Sizin kimi müxalif nümayəndələr var. Axı, Sizin potensialınızdan da istifadə edən olunmur. Halbuki Siz vaxti ilə hüquq sistemində ən yüksək vəzifədə dayanmışdınız.

– Vallah, mənim belə bir iddiam yoxdur. Mən düşünürəm ki, istifadə eləmək olar. Ancaq bircə nəfər hökumət üzvü başqa partiyadan olsa, bu, artıq koalisiyon hökumət deməkdir.

Düşünürəm ki, lap aşağı vəzifələrdə istifadə etmək olardı. Hökumət üzvü də ola bilərdi. Amma hazırda iqtidar Yeni Azərbaycan Partiyasından ibarət öz komandasını formalaşdırıb. Özünü o cür təqdim edib. Yüksək vəzifələrə təyinatı ölkə başçısı seçir və ona görə də bu məsələni mühakimə edə bilmərəm. Amma arzu edərdim ki, bundan sonra onlardan da istifadə olunsun. Çünki gənclər var ki, onlar da Vətən üçün işləmək istəyirlər. Bu adamlardan istifadə etmək mümkündür.

– Heç olmasa, Milli Məclis müstəvisində güzəşt ediləydi. Məsələn, vitse-spikerlərdən biri müxalif deputat ola bilməzdimi?

– Çox təəssüf edirəm ki, Milli Məclisdə təmsil olunan partiyalar hələ fraksiya təşkil eləmək gücündə deyillər. Yəni, onların sayı çatmır. Əgər sayımız çox olsayd, həmin vəzifədə müxalif deputat da ola bilərdi. Komitə sədri və yaxud müavinlər də olardı. Ümumiyətlə, Milli Məclisdə Komitə sədri olmasa belə, sədr müavini səviyyəsində başqa fraksiyaların üzvlərini irəli çəkmək mümkündür. Bu, iqtidar-müxalifət arasında barışığı, qarışılıqlı ehtimatı da gücləndirərdi. Yenə dediyim kimi, hakimiyyət bu haqda daha çox düşünməlidir.

– Tahir müəllim, son dövrlər nöbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səslənir. Sizcə, buna zərurət varmı?

– Düşünürəm ki, buna heç bir zərurət yoxdur. Birincisi, prezident seçkilərinin vaxtı çatmışdı. İkincisi, bu seçkilər Ermənistan və Rusiyada da keçirildi. Üçüncüsü, konstitusiyada dəyişkliklər olmuşdu. Bu dəyişikliklərdə Prezidentlik müddəti də uzadılmışdı. Dördücüsü, gələcəkdə Milli Məclisə seçki, Prezident seçkiləri ilə eyni vaxta düşə bilərdi. Ona görə bir sıra məsələlər vadar elədi ki, Azərbaycanda növbədənkənar seçkilər keçirilsin. Amma parlament üçün növbədənkənar seçkiyə ehtiyac yoxdur. Parlamentdə cəmi 6 yer boşalıb. Konstitusiyada nəzərdə tutulan kimi, həmin dairələrə seçkilər keçirilə bilər. Ona görə də, düşünürəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə obyektiv zərurət yoxdur.

– Məlumdur ki, son illər ölkədə iqtisadi vəziyyət ağırlaşıb. Vətəndaşlar devalivasiyadan sonra hələ də sıxıntını öz həyatlarında hiss edirlər. Qarşıdakı dördə iqtisadi durumla bağlı gözləntiləriniz nədir?

– Biz öz üzərimizə düşən işi görürük. Kreditlərin bağışlanması ilə bağlı, şəhid ailələrinin mənzil təminatı və ümumiyətlə, bütün sosial problemlərlə bağlı mütəmadi olaraq Milli Məclisdə məsələ qaldırılır. Zaman-zaman təkliflərimizi səsləndirir və deyirik. Məqsədimiz odur ki, yumuşalma baş versin, sosial mühit sağlamlaşsın. İndi məsələ budur ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanın məcmu daxili məhsul artımını 1.8 faizə qaldırdı. Yəni pis heç nə gözləmirəm.

Neftimiz də bahalaşıb. Ölkəyə kifayət qədər valyuta daxil olur. İxrac-idxal əməliyatları da artır. Belə vəziyətdə kasıblaşmanı gözləmirəm.

– Axı, hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil. Qiymətlər bahalaşıb, xərclər çoxalıb, gəlirlər isə cüzi artıb. Bu, insanların sosial vəziyyətinə təsir etmir?

– Bundan ötrü Azərbaycan prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini yaradıb. Bu qurumun üzərinə çox böyük vəzifələr qoyulub ki, qiymət artımı, inhisarçılıq və digər neqativ məsələlər aradan qalxsın. Yəni ölkədə inhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalı, süni qiymət artımının qarşısı alınmalıdır. Bunun üçün yeni dövlət qurumunun üzərində böyük vəzifələr düşür. Bu qurum elə etməlidir ki, infilyasiya ikirəqəmli olmasın və insanların gəlirinə mənfi təsir etməsin.

Siam.az