“Nikol Paşinyanın 10 gün əvvəl yeganə məqsədi Serj Sərkisyanı devirmək idi. O bəlkə də etiraza başlayanda ümid etmirdi ki, bunu bacaracaq. Ancaq bacardı”.
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında bildirdi. Ekspertə görə, Nikol Paşinyan bundan sonrakı məsələlər barədə hələ fikirləşməyib: “Məsələn, o baş nazir olmaq istəyir, ancaq iqtisadiyyatı necə düzəldəcəyi haqqında aydın təsəvvürü yoxdur. Bu da təbiidir. Paşinyanın nə komandası var, nə də islahat proqramı. Bu ikisi olsa belə hansı resurslarla Ermənistan iqtisadiyyatını dirçəldəcək? Paşinyanın xarici siyasətdə nələr edə biləcəyi də böyük sual altındadır. O ölkəsini nə asanlıqla Rusiyadan qoparda, nə də Qərblə çox yaxınlaşdıra bilər. Serj Sərkisyanda balans siyasəti alınmadı. Paşinyan üçün xarici siyasətdə qızıl ortanı tapmaq daha çətin olacaq”.
N.Paşinyanın Qarabağla bağlı fikirlərinə gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, o, bu problemi də necə həll edəcəyini bilmir: “Azərbaycan ordusunun təzyiqləri azalmayacaq, işğalçı itki verməkdə davam edəcək. Bu baxımdan İrəvandakı “əsgər anaları” necə ki, Sərkisyana etiraz edir və oğullarını işğal altındakı torpaqlara göndərmək istəmirdilər, eləcə də Paşinyana etiraz edəcəklər. Yenə Sərkisyan bu etirazlara dözürdü, çünki özü birbaşa separatçıların liderlərindən olub, Paşinyan erməni gənclərinin ölümünü necə izah edəcəyi isə daha maraqlıdır”.
Politoloq bildirdi ki, Paşinyan yaxın müddətdə Dağlıq Qarabağ məsələsində radikal addım atmayacaq: “Ancaq bir var Paşinyanın dedikləri, biri də var onun əməlləri. Biz gələcək baş nazirin indiki sözlərinə yox, gələcək əməllərinə diqqət etməli olacaq və buna uyğun addımlarımızı atacağıq. Bizim cəbhə bölgəsində atdığımız və atacağımız istənilən addımlarımız Paşinyanın hakimiyyətini laxladacaq. Ona görə bölgəyə ədalətli sülh nə qədər tez gəlsə, bu bir o qədər Paşinyana xeyirlidir. Top Paşinyanın meydanındadır”.