Nicu Popescu
Stanislav Secrieru
Karnegi Moskva Mərkəzi
30 aprel 2018-ci il
Son iyirmi ildə postsovet məkanında Qərblə Rusiya arasında rəqabətin müxtəlif formaları haqqında çox yazılıb. Şübhəsiz, bu rəqabət vacibdir, ancaq regionda başqa geosiyasi proseslər də gedir.
AB, ABŞ və Rusiyanın keçmiş sovet respublikalarında gərginliyi artırıb azaltmaq istiqamətində aktiv səyləri fonunda çox az adam üçüncü ölkələrin bu məkanda tədricən aktivləşməsinə diqqət yetirib. Hələlik bu ölkələrdən heç biri regiona əhəmiyyəti baxımından Rusiya, AB və ABŞ ilə müqayisə edilə bilməz. Lakin onların hamısı birlikdə postsovet məkanında Moskvanın siyasi, iqtisadi və hərbi dominantlığını, həmçinin Qərbin təsirini dağıdır.
Sürünən diverfikasiya
Keçmiş sovet respublikaları və üçüncü ölkələr arasındakı münasibətlərin əsasını mənfəət yarışı təşkil edir. Bu, azad ticarət haqqında sazişlərin yayılması, həmçinin ikitərəfli ticarətin artmasında özünü göstərir. Gürcüstan Türkiyə və Çinlə saziş imzalayıb və hazırda Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası və Honkonqla (Çin) konsultasiyalar aparır. Türkiyə ilə azad ticarət haqqında saziş imzalayan (nəticədə ötən il iki dövlət arasında əmtəə dövriyyəsi 25% artıb) Moldova Çinlə danışıqlar aparır. Ukrayna bu yaxınlarda Türkiyə və İsrailllə azad ticarət haqqında saziş imzalayacaq, Çin də bu sazişə böyük maraq göstərir. Qəribədir ki, AB ilə Ukrayna, Gürcüstan, Moldova və Ermənistan arasında azad ticarət zonalarına qarşı var qüvvəsi ilə mübarizə aparan Rusiya Moskvanın iqtisadi təsirini, həmçinin AB-nin fəaliyyətini kölgədə qoyan Çin aktivliyinə diqqət yetirmir.
Gələcək ticarətin liberallaşdırılması, çox güman, regionda üçüncü ölkələrin təsirini möhkəmlədəcək. Çin və Türkiyə Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın ən böyük ticarət tərəfdaşlarının yer aldığı beşlikdədir. Ermənistan üçün Çin və İran əhəmiyyətinə görə üçüncü və beşinci ticari tərəfdaşdır. Keçmiş sovet respublikalarının ixrac coğrafiyasına baxsaq, onda üçüncü ölkə bazalarlarının əhəmiyyəti daha da aydın olacaq. Və bu, yalnız Çin və Türkiyəyə aid deyil. 2016-cı il Misir əhəmiyyyətinə görə Ukraynanın üçüncü ixrac bazarı olub. Birinci və ikinci yerləri AB və Rusiya tutub. Elə həmin il Azərbaycanın İsrailə ixrac həcmi, Rusiyadan daha çox olub (müvafiq olaraq, 7,3% və 4,5%). İran isə Ermənistan üçün böyüklüyünə görə dördüncü ixrac bazarına çevrilib (7,7%).
Yeni marşrutlar və investisiyalar
Nəqliyyat və turizm əlaqələri də genişlənir. Regional aviaşirkətlər yeni marşrutlar açır və əlavə reyslər işə salır. “Air China” 2015-ci ildə Belarusla birbaşa reys açıb, Minsk isə Çinin başqa şəhərlərinə yeni reyslərin açılmasına nail olmağa çalışır. “Fly Dubai” və “Qatar Airways” müvafiq olaraq 2011 və 2012-ci illərdə Tbilisi ilə birbaşa təyyarə reysi açıb. “Fly Dubai” həmçinin 2011-ci ildə Ukrayna, 2012-ci ildə isə Moldova bazarına daxil olub. Xüsusilə İranın yeni ilində Ermənistanla İranı birləşdirən reyslərin sayı xeyli artıb.
Üçüncü ölkələrlə dəmiryol əlaqəsi də inkişaf edir. Ötən il təxminən 10 ildir davam edən Bakı-Tbilisi-Qars dəmir yol xəttinin inşası başa çatıb, üç ildən sonra isə bu yolun İranla birləşən 180 kilometrlik qolu tikilə bilər.
“Şərq tərəfdaşlığı” ölkərinin demək olar hamısının avia-əlaqəni genişləndirməsi və viza tələblərini yumşaltması üçüncü ölkələrdən turist axınını gətirib çıxarıb. Statistika öz sözünü deyir: ötən il Gürcüstan üçüncü ölkələrdən 1,7 milyon nəfər və Rusiyadan 1,39 milyon nəfər turist qəbul edib, Azərbaycanda isə üçüncü ölkələrdən və Rusiyadan turist sayı 850 min nəfər təşkil edib. Ötən ilin ilk yarısında İrandan Ermənistana turist axını ümumi axının təxminən 18%-ni təşkil edib(Rusiyanın payına 7,5% düşüb).
Turist axınları işçi qüvvə axınları kimi əks-istiqamətdə gedir. 2016-cı il Ukraynadan Türkiyəyə 1 milyondan çox insan gəlib, ötən il Gürcüstandan Türkiyəyə 2,4 milyon səfər həyata keçirilib. 2010-2015-ci illər ərzində Türkiyədən Gürcüstana işçi miqrantların beynəlxalq köçürmələri təxminən iki dəfə artıb. 2017-ci il İsrail Moldovaya pul köçürmə həcminə görə Rusiyadan (33,6%) sonra ikinci yeri tutub (17%).
Ticarət və humanitar əlaqələrin inkişafının növbəti nəticəsi ikitərəfli biznes nümayəndə heyətlərinin və investisiya layihələrinin sayının sürətlə artmasıdır. BƏƏ sahibkarları hələ 2008-ci ildən Gürcüstanın telekommunikasiya şirkətləri, bankları və daşınmaz əmlak sahəsinə investisiya edirlər. Türkiyə də Gürcüstana bərpa edilə bilən enerji və nəqliyyat investisiya edir.
Çin Fars körfəzi ölkələri və Türkiyədən olan investorlara çatıb. 10 il ərzində Çinin “Hualing Group» şirkəti bir neçə yüz milyon dollar yatırıb və ölkənin ən böyük investorlarından birinə çevrilib. İnvestisiya edilən sahələr arasında sığorta, logistika, nəqliyyat və daşınmaz əmlak var. Ötən il şirkət aviadaşımalar bazarına da çıxıb: Gürcüstanın “MyWayAirlines” startapının nəzarət paketini əldə edib. Çinin “CEFC Energy Company” şirkəti Potidə yerləşən Azad ticarət zonasında 75% pay sahibi olduqdan sonra ölkənin Gürcüstandakı mövqeyi daha da möhkəmlənib.Nəticədə Çindən Gürcüstana illik axın 10 milyon dollardan (2011-ci il) 200 milyon dollaradək (2014-cü il) artıb.
Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycan və Türkiyə arasında qaz kəmərinin inşasına 600 milyon dollarlıq krediti təsdiqləyib. Belarusda Çin yerli tərəfdaşlarla sənaye parkı təşkil edib, ilin əvvəlində 1 milyard dollarlıq investisiya müqavilələri bağlayıb. Ukraynada Çin 2013-ci ildən 3 milyon hektarlıq əkin sahələrinə investisiya edir və depressiv kənd rayonlarını canlandırır. Səudiyyə Ərəbistanı da Ukraynanın kənd təsərrüfatı sektoruna investisiya etməyi planlaşdırır. Keçmiş sovet respublikalarının demək olar hamısı Çinin “Bir qurşaq, bir yol” layihəsində iştirak etmək üçün özlərini ən yaxşı tərəfdən tanıtmağa çalışır.
Hərbi aspekt
Ukraynada (və Suriyada) yaşanan müharibə Rusiyaya nəinki Hərbi Sənaye Kompleksinin uğurlarını reklam etməyə imkan yaradıb, həmçinin Ukraynanın müdafiə sənyesinə də müsbət təsir göstərib. Sülh problemlərinin öyrənilməsi üzrə Stokholm beynəlxalq institutunun (SIRPI) hesabatında deyilir ki, 2007-2016-cı illər beynəlxaq silah ixracında Ukraynanın payı 1,9%-dən 2,6%-dək artıb. Məlumatlar göstərir ki, 2012-2016-cı illər Ukraynanın istehsal etdiyi hərbi məhsulların əsas istehlakçısı Rusiya deyil, Çin olub (müvafiq olaraq, 17% və 28%).
2015-ci il Rusiyaya ixracın dayandırılması və (Donbasdakı cəbhəyə tədarükü artırmaq məqsədilə) Ukraynadan bəzi silah növlərinin ixracına qadağa sonuncunun silah ixracının 323 milyon dollaradək azalmasına səbəb olub. Ancaq cəmi bir il sonra bu göstərici 756 milyon dollardək artıb. Üçüncü ölkələrlə əməkdaşlıq Ukraynaya nəinki Hərbi Sənaye Kompleksini üzdə saxlamağa, həmçinin ordusunu ən müasir silah sistemləri ilə təchiz etməyə imkan verir.
Gürcüstanın müdafiə sənayesi xaricdə yeni imkanlar axtarır. Hazırda Gürcüstan Səudiyyə Ərəbistanına zirehli sanitar maşınlar tədarük edir. Belarus və Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi üzrə Çinlə əməkdaşlıq əldə etməyə çalışır. Ermənistana müasir raket kompleksləri tədarük edən Çin erməni zabitlərini təhsil almaq üçün öz hərbi institutlarına qəbul edib. Pekin həmçinin “Polonez” raket komplekslərinin istehsalında Belarusa kömək edir, bu yaxınlarda iki ölkə birgə anti-terror təlimi həyata keçirib.
Üçüncü ölkələrlə əməkdaşlıq Azərbaycanın da hərbi potensialının möhkəmlənməsinə gətirib çıxarır. Türk və İsrail şirkətləri ilə birgə təşəbbüs sayəsində Azərbaycan silah, sursat və pilotsuz uçuş aparatlarının istehsalını artırıb. “SIRPI”-nin məlumatına əsasən, ötən il Azərbaycan idxalında İsrailin payı 29%-ə çatıb. Halbuki 2010-2017-ci illər Rusiyanın payı 20% azalıb.
Düz hədəfə düşmək
Şərqi Avropada üçüncü ölkələrin rolunun artması nisbətən yeni fenomendir. Son on ildə bu proses tədricən temp yığsa da, bütün regiona ciddi təsir göstərən Rusiya-Ukrayna münaqişəsindən sonra kəskin şəkildə sürətlənib. Bu münaqişə fonunda postsovet respublikalaırnın üçüncü ölkələrlə əlaqələrinin aktuallığı birdən artıb, bu ölkələrin doldura biləcəyi iqtisadi və siyasi boşluqlar yaranıb.
Başqa sözlə, postsovet məkanında üçüncü ölkələrin aktivliyinin artmasının iki səbəbi var: bir tərəfdən, Rusiya və Qərb alternativlərinə tələb artıb, digər tərəfdən regionda yeni, iddialı iqtisadi və siyasi oyunçular meydana çıxıb.
Son on ildə haqqında bəhs etdiyimiz üçüncü ölkələrin çoxu zəngin və iddialı olub. Onların xaricə əlavə resurs investisiya etməsi üçün vəsait və siyasi iradələri var və Şərqi Avropada bu investisiyalar aktivləşib. Adətən bu kontekstdə Çin qeyd olunur, ancaq eyni sözlər Türkiyə və bəzi ərəb dövlətlərinə də aiddir. İran kimi dayanıqsız iqtisadiyyata malik ölkələr də özlərini kifayət qədər iddialı aparır. İran üçün bu region təhlükəsizlik baxımından əhəmiyyət kəsb edir.
Postsovet dövlətlərinə gəldikdə, onlar birmənalı şəkildə xarici siyasi və iqtisadi əlaqələrin diverfikasiyasında maraqlıdırlar. Müxtəlif səbəblər var. Gürcüstan, Moldova və Ukrayna son on ildə Rusiyanın qoyduğu ticarət embarqosunun vurduğu zərəri kompensasiya etmək üçün üçüncü ölkələrlə əməkdaşlıq edir. Onların Rusiya bazarından Çin, Türkiyə və ya bəzi ərəb dövlətlərinə istiqamət dəyişmələri uğurla gedir. Rusiyanın regiondakı müttəfiqləri Ermənistan və Belarusun belə bir əvəzləməyə ehtiyacları yoxdur, ancaq yenə də Rusiyadan asılılığı azaltmaq üçün üçüncü ölkələrlə əlaqə qurmağa çalışırlar. Belarus və Azərbaycan, həmçinin ümid edir ki, üçüncü ölkələrlə yaxınlaşma avropalılar tərəfindən ölkələrin siyasi sistemlərinə ünvanlanmış tənqidi yumşaldacaq.
Nəticədə bir çox postsovet dövləti üçün xarici siyasi və iqtisadi imkanlar spektri genişlənir və onların çoxvektorlu xarici siyasətlərinin əsasını möhkəmlədir. Onlar istədikləri vaxt həm Moskvaya, həm də Qərb paytaxtlarına “yox” demək imkanı əldə edirlər. Başqa sözlə, üçüncü ölkələrin güclənməsi həm Rusiyaya, həm Qərbə nəzərəçarpan təsir göstərməyə başlayır.
Üçüncü ölkələrin güclənməsi regionda Rusiya və AB-nin iqtisadi təzyiq vasitələrini tədricən zəiflədir (burada Birləşmiş Ştatların iqtisadi iştirakı nəzərə çarpmır). Bu zaman, görünən odur ki, yaranmış vəziyyət AB-dən çox Rusiyaya problem yaradır. AB və Ukrayna, Moldova və ya Gürcüstan arasında azad ticarət zonaları digər azad ticarət zonaları haqqında sazişlərlə birgə fəaliyyət göstərə bilir (Məsələn, Rusiya, Türkiyə və ya Çinlə). Ona görə AB ilə Gürcüstan və ya Ukraynanın ticarət əlaqələri bu ölkələrin Türkiyə və ya Çinlə azad ticarət zonalarına ziyan vurmur.
Rusiya ilə vəziyyət fərqlidir. Moskvanın regional iqtisadi inteqrasiyada ümid etdiyi Avrasiya İqtisadi İttifaqı daha sərt fövqəlmilli konstruksiyadır. Bu inteqrasiya layihəsi İttifaqın bütün iştirakçılarının razılığı əldə olunduqdan sonra bir neçə azad ticarət zonasını özündə birləşdirə bilər.
Deməli, postsovet ölkələrinin başqa ölkələrlə ticarət əlaqələri genişləndikcə, onların Avrasiya İqtisadi İttifaqına nə vaxtsa üzv olmaq ehtimalı bir o qədər azalır, ya da Ermənistanda olduğu kimi, onlar bu ittifaqda iştiraklarından bir o qədər narazı qalırlar. Başqa sözlə, regionda Rusiyanın iqtisadi təsiri baxımından bir tərəfdə Gürcüstan, Moldova və ya Ukrayna, digər tərəfdə Çin və ya Türkiyənin iştirakı ilə regionda azad ticarət zonalarının yaradılması AB ilə assosiasiya sazişi kimi problemlər yaradır. Hər iki hal Rusiyanın iqtisadi rolunu azaldır və təzyiq vasitələrini zəiflədir.
AB üçün problem başqadır. Üçüncü ölkələrin güclənməsi AB-nin region dövlətləri qarşısında siyasi tələblər qoymaq imkanını məhdudlaşdırır. Bu, heç əvvəl də yaxşı alınmırdı. AB islahatlarda israr edir. Ancaq Brüssel getdikcə daha tez-tez – özü də nəinki Minsk və Bakı, həmçinin Kiyev və Kişinyovdan da – bu sözləri eşidir: AB müəyyən islahatların keçirilməsinə çox israr etsə, onda bu ölkələr investisiyaların cəlb edilməsi və xarici bazarlara çıxış əldə etmək üçün başqa imkanları dəyərləndirə bilərlər. Şərq qonşular tez-tez deyirlər ki, avropalılar bundan sonra da bu qədər sual versələr, heç bir sual verməyən çinlilər, türklər və ərəblər tapılacaq. Hələlik bu cür ab-hava Kiyev və ya Kişinyovda dominant hal almayıb, ancaq oxşar fikirlər artıq səslənməyə başlayıb. Ümumilikdə, AB-nin diplomatik təzyiq vasitələri – korrupsiya ilə mübarizədə israr imkanı və ya bazara çıxış müqabilində islahatların keçirilməsi – getdikcə zəifləyir.
Bununla belə, hələlik həm Rusiya, həm AB bu tendensiyalara yalnız müsbət münasibət göstərir. AB və ABŞ hesab edir ki, postsovet ölkələrinin xarici siyasi və iqtisadi alternativlərinin genişlənməsini, dolayısıyla, müstəqil siyasət yürütmək imkanlarının artmasını yalnız alqışlamaq olar. Rusiya isə Qərblə müqayisədə üçüncü ölkələrə düşmən gözü ilə baxmır, onları daha məqbul hesab edir. Amma həm Rusiya, həm Qərb yeni reallığı dərk etməlidir. Son iyirmi ilin böyük bir hissəsini onlar postsovet məkanı uğrunda mübahisə aparıblar. İndi isə ətrafa boylanıb bir məsələni dərk etməyin vaxtı gəlib çatıb: onların hərdən “ümumi qonşuluq” adlandırdıqları region nəinki Rusiya və Qərb, həmçinin digər ölkələr üçün də ümumi olmağa başlayıb. Bu dövlətlərin yerləşməsi üçün həm Rusiya, həm Qərb sıxlaşmalı olacaq.