PUTİN ÖZ ROLUNUN GİROVUNA ÇEVRİLİB! – “Rusiya ilə bağlı böhranlar səngiməyəcək”

 Putinin üçüncü və sonuncu prezidentlik müddəti, onun Rusiyanın Solsberi qalmaqalında əli olmadığının sübut olunması ilə əlaqədar mübarizəsindən başladı. Putinin qarşısında həm daxili və həm də xarici siyasətlə bağlı ağır problemlər dayanır.
Təhlükəsizliklə bağlı siyasət Putin üçün mühümdür, çünki o, Rusiyaya böyük dövlət statusunu qaytarmağa cəhd göstərir. Hələ də Rusiya ilə Amerikanın rəhbərlik etdiyi NATO arasında rəqabət var. Lakin ən ciddi və uzunmüddətli mübarizə Rusiya və Avropa Birliyi arasında gedir.
Xoşbəxtlikdən AB ilə mübarizə siyasi səviyyədədir. Krımın zəbt olunması və Şərqi Ukraynadakı hərbi böhran Avropa Birliyinin Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalarına səbəb olub. Helsinki Universiteti nəzdindəki Aleksandrovski institutunun bu yaxınlarda rəhbəri olmuş araşdırmaçı Markku Kanqaspuro da bu fikirdədir. Aleksandrovski institutu Rusiya ilə bağlı olan məsələləri öyrənir.
Ukrayna üzündən Qərb və Rusiya arasındakı gərginlik indi elə bir mərhələdədir ki, burada hər şey baş verə bilər. M.Kanqaspuro deyir: “2015-ci ildə imzalanan Minsk müqaviləsi vəziyyəti sabitləşdirdi və Ukraynaya “öldürücü silahlar”ın tədarükünün qarşısını aldı. İndi gərginlik zamanıdır, çünki ABŞ Ukraynaya silah yollamaq qərarına gəlib. Böyük sual ondan ibarətdir ki, görəsən Ukrayna rəhbərliyi vəziyyəti hərbi yolla həll etməyə ehtiyac görürmü”.
- Ukrayna böhranı üzündən Avropa Birliyi və NATO ilə münasibətlərin korlanması
2014-cü ilin aprelində Ukraynanın şərqində Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında müharibə başladı. Rusiya uzun müddət Ukraynadakı müharibədə iştirakını inkar edirdi. Amma 2017-ci ilin iyulunda Rusiya xarici işlər naziri Sergey Lavrov öz çıxışında Şərqi Ukrayna münaqişəsinin iştirakçılarına yardım göstərdiklərini etiraf edib.
Kanquspuro deyir ki, Rusiyanın rəsmi mövqeyi əvvəlki kimi böhranın iştirakçısı olmaq deyil, barışdırıcı tərəf kimi önə çıxmaqdan ibarətdir. Ukraynanın şərqində döyüşən rusiyalı əsgərlər barəsində Moskvada deyirlər ki, onlar sadəcə olaraq könüllülərdir.
Kanqaspuronun fikrinə görə, Rusiya Ukraynadakı vəziyyətə müdaxilə edib və ona görə də onun planlarını Avropa Birliyi və sonra isə NATO təqdir edə bilməz. Ukraynanın qərbpərəst hökuməti Avropa Birliyinə qarşı rəqabət aparacaq Avrasiya İqtisadi İttifaqında iştirakdan imtina edib. Rusiyanın planına görə Ukrayna bu ittifaqın əsas iştirakçısı olmalıydı.
Kanqspuro bu barədə bildirib: “Əlbəttə ki, Ukraynasız bu ittifaq natamamıdr. Rusiya üçün bu ciddi məğlubiyyət oldu. Ona görə də xüsusi tədbirlərə əl atıldı. Bunun ardınca gələn iqtisadi böhran Rusiyadakı vəziyyəti kəskin pisləşdirdi. Rusiyadakı məvaciblərin səviyyəsi xeyli düşdü. İqtisadi baxımdan Rusiya geriyə atıldı və Kreml rəhbərliyi hələ uzun müddət bunun hesabını verməli olacaq. Həmin hesab dedikdə indiki rəhbərliyə qarşı çıxan yeni populist əhval-ruhiyyəli müxalifətin peyda olması nəzərdə tutulur. Əslində Ukrayna Rusiyanın qarşıya qoyduğu minumum məqsədlərə çatmanın təminatçısı ola bilərdi və həm də ki, bu ölkə ilə Rusiya arasında böhran olmasaydı, onlar Avropa Birliyinə və ya NATO-ya doğru indiki kimi yön almazdılar”.
- Rusiya iqtisadiyyatı axsıyır
Putinin hərbi kampaniyalarına çəkilən xərclərə görə ölkə iqtisadiyyatı daha da zəifləyib. Təəccüblü olsa da, Rusiya Ukrayna böhranı üzündən ona qarşı tətbiq edilmiş sanksiyaların və neftin qiymətinin düşməsinin öhdəsindən gələ bilir. Proqnozlara əsasən Rusiyanın ehtiyat fondu artıq əriməliydi. Rusiyanın bəxti gətirib ki, neftin qiyməti yüksəldi.
Rusiya iqtisadiyyatı bir tərəfli olduğundan o, enerji daşıyıcıları asılılığından əziyyət çəkir. “Rosstat”ın dərc etdiyi məlumata əsasən, sonucu rübdə ictimayi sektora yatırılan sərmayələrin üçdə ikisi enerji sektoruna yönəlib. Əgər onlar iqtisadiyyatı çoxtərəfli etmək istəyirlərsə, onda investisiyalar digər sahələrə də yönəldilməlidir. Praktik baxımdan büdcəyə daxil olan vəsaitlərin böyük əksəriyyəti enerji sektorundan gəlir.
Ukrayna böhranı hesabına Rusiya hərbə böyük xərclər çəkir. Bu isə onun üçün əsl yükə çevrilir. Rəsmi statistikaya görə müdafiə xərcləri ölkənin Ümumi Daxili Məhsulunun 5 faizini təşkil edir. Donald Tramp ABŞ müdafiə xərclərini 10% artırıb ki, elə təkcə bu artım Rusiyanın bütün müdafiə xərcləri qədərdir. Buradan vəziyyətin Rusiya üçün nə dərəcədə ümidsiz olduğu görünür.
- Avropa Birliyi və NATO Rusiyanı mühasirəyə alır?
Rusiyada deyirlər ki, Qərb təşkilatları və ilk növbədə Avropa Birliyi və NATO onu hər tərəfdən əhatəyə alaraq, təzyiq edir. Kanqaspuronun fikrinə görə, Rusiyanın NATO-ya qarşı neqativ münasibətinin səbəblərindən biri Rusiyanın eşidilməməsidir.
Kanqaspuro deyir: “SSRİ-nin dağılmasından sonra Rusiya Avropa təhlükəsizlik sisteminə düşməyə cəhd etdi, lakin Rusiyanı komandaya qəbul etmədilər. Rusiyaya Rusiya-NATO formatını təklif etdilər və beləliklə onun Avropa təhlükəsizlik sistemində qərar qəbul etmək hüququ tanınmadı. Qərb hesab etdi ki, Rusiya elə də böyük dövlət deyil ki, onunla təhlükəsizlik sferasında əməkdaşlıq edilsin”.
NATO-nun 2014-cü ildə Uelsdə keçirilən sammitindən sonra təhlükəsizlik siyasəti ilə bağlı meydana gəlmiş yeni istiqamətdən Rusiya tamamilə narazıdır. Çünki alyansa daxil olmayan ölkələrlə də aktiv əməkdaşlıq başlanılıb.
Rusiya hərbi baxımdan daha bərbad vəziyyətə düşməmək üçün indiki siyasi təhlükəsizlik kontekstində hansı addımlar atacağını analız edir. Bütün bu əlamətlər bizi Rusiyanın hərbi məsələlərdə məğlub olması nəticəsinə gətirib çıxarır. Rusiyanın nüvə silahı ilə əlaqədar artan bəlağəti bunun bariz nümunəsidir.
- Putin öz rolunun girovuna çevrilib
Yenidən seçilmiş Putin öz rolunun girovluğundadır. Kanqaspuro deyir ki, Putin sifətini itirmədən israrla müdafiə etdiyi xəttdən imtina edə bilməz: “Ukraynada və Krımdakı böhranlar təkcə daxili siyasi səbəblər üzündən baş verməyib. Amma əlbəttə ki, bu hadisələrdən daxili siyasətdə də istifadə edirlər. Rusiyalılar güclü lideri dəstəkləmək istəyirlər. Elə bu səbəbdən də beynəlxalq böhranlar Rusiyada sabitliyi təmin edir”.
Rusiyada keçirilən ictimai rəy sorğusunun nəticələri də bunu deyir. 2015-ci ildə rusiyalılar hesab edirdilər ki, Putinin ən böyük nailiyyəti Krımın Rusiyaya birləşdirilməsidir. Altı ildən sonra hakimiyyətin dəyişdirilməsi haradasa problemli görünür.
Putinin öz gələcəyini təmin etməsiylə yanaşı, onun komandası da özünün perspektivini təminat altına almalıdır. Ona görə də kifayət qədər güclü xələf tapılmalıdır ki, toxunulmazlıqla əlaqədar təminat vermiş olsun ki, Putin öz pensiyasını sakitcə keçirə bilsin.
Kanqaspuro hesab edir ki, Rusiyada dövlət çevrilişi çətin ki, olsun. O bu barədə deyib: ”Putin məlum qruplar üçün kompromis namizəddir. O müxtəəlif vəziyyətlərə uyğun şəkildə balans saxlayır. Əgər Putin səhnədən yox olarsa, onda qüvvələr nisbətində yerdəyişmələr baş verə bilər. Rusiyada hakimiyyətin dəyişilməsi iqtisadi maraqlarla bağlıdır. Belə ki, dövlət şirkətlərindəki rəhbərlik, yarıfeodal imtiyazlar, dövlət strukturlarının oliqarxların başçılıq etdiyi firmalarla bağlılığı indiki hakimiyyətin mahiyyətidir.”
Altı ildən sonra Putin siyasi səhnəni tərk etsə də, onun Rusiyaya göstərdiyi təsir hələ uzun illər hiss ediəcək.
(“Kansan Uutiset”-Finlandiya)
Tarix: 1-05-2018, 08:46
Xəbəri paylaş





Xəbər lenti