Azad Demokratlar Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik Nazirliyində birinci müavin vəzifəsində işləmiş Sülhəddin Əkbər İran ətrafında getdikcə gərginləşən hadisələrlə bağlı Teleqraf.com saytına maraqlı müsahibə verib.
Strateq.az aktuallığını nəzərə alaraq, Sülhəddin Əkbərin həmin müsahibəsini öz oxucularına da təqdim edir:
– İsrail Baş Naziri Benyamin Netanyahu aprelin 30-də sensasiyalı çıxış edib. Baş nazir bəyan edib ki, “Mossad” İranın nüvə arxivini bütövlükdə ələ keçirib və bununla da aydın olub ki, Tehran nüvə proqramından imtina etməyib. Yəni beynəlxalq ictimaiyyəti aldadıb. Bu bəyanatın ciddi rezonans doğurduğu ortadadır. Siz, Netanyahunun son bəyanatını necə şərh edirsiniz?
– Bildiyiniz kimi, İranın nüvə proqramı ilə bağlı ABŞ, İsrail, Körfəz ölkələri və qərb kəşfiyyatı illərdir ki, geniş iş aparır. Son zamanlar bu iş yeni mərhələyə keçib. Xatırlayırsınızsa, İraqa hərbi müdaxilədən əvvəl, guya, Səddam Hüseynin kütləvi qırğın silahlarının olmasına dair məlumat yayıldı və bundan sonra BMT Təhlükəsizlik Şurasının qərarı olmadan İraqa hərbi müdaxilə edildi. İndi analoji situasiya İran ətrafında yaradılır. İsrail, ABŞ, Körfəz ölkələri və qərb müttəfiqləri anlayır ki, İrana onun nüvə proqramı ilə bağlı hərbi müdaxilə üçün BMT Təhlükəsizlik Şurasından müsbət qərar çıxması qeyri-mümkündür. Odur ki, indidən birtərəfli qaydada müdaxilənin əsaslarını yaratmaq məqsədilə informasiya müharibəsi başlayıb və ictimai rəy hazırlanır. Beynəlxalq birliyin rəyi hazırlanır ki, İranla “5+1” formatında razılaşma əldə olunmasına baxmayaraq, İran nüvə proqramını, xüsusilə onun gizli hərbi tərkib hissəsini – “Amad layihəsi”ni davam etdirir. Başlıca məqsəd bu rəyi yaratmaqdır. Netanyahunun bunu yüksək səviyyədə təqdim etməsi, bu zaman xəritələr və əyani vasitələrdən istifadə etməsi, təqribən 100 min gizli faylların olmasını bildirməsi, məncə, beynəlxalq birliyi inandırmağa hesablanıb. Halbuki İranın nüvə proqramına dair müqaviləyə əsasən BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin mütəxəssisləri İranda daimi yoxlamalar və müşahidələr aparır, Tehranın bu razılaşmaya əməl edib-etmədiyini hesabatlarında göstərir. Xüsusilə qeyd edim ki, razılaşma tərəfli olan “5+1” ölkələri indiyə qədər İranın sazişi nə zaman, harada və necə pozmasına dair açıqlama verməyib. Ona görə də, son açıqlamalara tənqidi yanaşmaq lazımdır. Bu açıqlama İrana müdaxilə hazırlığıdır və bunun üçün beynəlxalq ictimai rəy hazırlanır.
Onu da nəzərə almaq lazımdır ki, 12 mayda Tramp İranla “5+1” formatında imzalanan nüvə razılaşmasını imzalamaya bilər və 14 mayda ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə daşınması planlaşdırılır.
– Söhbət İsrail kəşfiyyatının İranın nüvə arxivini ələ keçirməsindən, 100 minlərlə məxfi fayllardan gedir. Bunun “Mossad” tərəfindən ələ keçirilməsi nə dərəcədə etibarlı xəbərdir?
– 2015-ci ilin 14 iyulunda imzalanan “5+1” müqaviləsinə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin öncədən xəbərdarlıq etmədən İranda monitorinqlər aparmaq səlahiyyəti var. Bu mənada hansı obyekt şübhə doğurursa, orada gözlənilmədən yoxlamalar keçirilə bilər. Bunun üçün BMT-nin ayrıca qərarına da ehtiyac yoxdur. Yalnız Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin açıqlamasından sonra bu istiqamətdə ciddi və əsaslı fikirlər söyləmək olar. Başqa sözlə, bu məsələdə İsrailin müttəfiqi olan qərb ölkələrinin kəşfiyyatına da etibar etmək olmaz. Zamanında İngiltərə baş naziri Toni Bleyer İraqla bağlı açıqlama vermişdi, amma sonra yalanını da etiraf etməli oldu.
– Netanyahu iddia edib ki, Tehran nüvə arxivini başqa obyektlərə köçürüb, hətta İranın özündə bundan 5-6 nəfərin xəbəri olub. Ancaq İsrail kəşfiyyatı 100 minlərlə faylları, foto və diskləri ələ keçirə bilib. Başqa sözlə, İran nüvə arxivini beynəlxalq müşahidəçilərin araşdırma apara biləcəyi obyektlərdən kənarlaşdırıb…
– Əgər, belə bir şübhə vardısa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin xətti ilə həmin obyektlərin yoxlanılması tələb olunardı. Bu, çox sadə və bəsitdir.
– ABŞ Prezidenti Donald Trampın İsrail baş nazirinə dəstək verməsi nəyə hesablanıb?
– Hələ ötən ilin mayında Tramp Səudiyyə Ərəbistanına səfər etdi və səfər zamanı İran əleyhinə koalisiyanın formalaşdırılması razılaşdırıldı. İndi ABŞ, İsrail, Səudiyyə, Misir, BƏƏ və digər ərəb ölkələri birlikdə hərəkət edirlər. Böyük ehtimalla, İngiltərə də onlarla birgə hərəkət edəcək. Bu mərhələdə ABŞ-ın əsas məqsədi Fransa və Almaniyanı da bu prosesə qoşmaqdır.
– Yeri gəlmişkən, dünən Benyamin Netanyahu həm Fransa prezidenti, həm də Almaniya kansleri ilə müzakirələr aparıb…
– Sözsüz ki, məqsəd Avropa Birliyi ölkələrini də bu prosesə qoşmaqdır. Fransa və İngiltərə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Almaniya isə “5+1” razılaşmasını imzalayan ölkələrdən biridir. Hazırda əsas iş bu istiqamətdə gedir. İranın demokratik dünya tərəfindən siyasi-diplomatik izolyasiyası üzərində aparılan hazırlıq işini tamamlamaq istəyirlər. Artıq Fransanı prinsipcə razı salıblar, qalır Almaniya. BMT Təhlükəsizlik Şurasının İrana hərbi müdaxiləyə imkan verən qərarı olmayacağı səbəbindən mümkün qədər geniş anti-İran koalisiyası qurulmalıdır. Yeri gəlmişkən, fevral ayından başlayaraq Rusiya və ABŞ-ın xüsusi xidmət orqanları arasında ciddi danışıqlar gedir. Onların danışıq gündəliyində əsas məsələlərdən biri də İrandır. Rusiyanı İran məsələsində razı salmağa çalışırlar.
– Dünən axşam saatlarında Netanyahu və Putin arasında da son informasiyalarla bağlı telefon müzakirəsi aparılıb…
– Bəli, bu müzakirələr getdikcə intensivləşəcək. Bu müzakirələr ABŞ-Rusiya arasında gedir və paralel olaraq artıq neçə ildir ki, İsrail-Rusiya arasında da dialoq qurulub.
– Müzakirə etdiyimiz yeni durumla paralel olaraq Suriyada İrana aid hərbi bazalar İsrail tərəfindən bombalanır. Bunlar bir-birinə bağlı məsələdir?
– İranın Yaxın Şərqdə iştirakı, onların təbirincə desək, terrorizmə dəstəyi, Orta Şərqdə sabitliyi pozması, onun raket-nüvə proqramı və digər məsələlər gündəmə gətirilir. Tehranın Yəməndə, Fələstində, İraqda, Suriyada, Livanda iştirakı, Bəhreyn, Səudiyyə və Qətərə təsiri məsələləri diqqətə alınır. Məqsəd İranın regiondan sıxışdırılıb çıxarılması, raket və nüvə proqramının birdəfəlik dondurulmasıdır. Məqsəd budur.
– İran nüvə-raket proqramını dondurmayıb?
– Nüvə proqramı razılaşdırma əsasında müddətli olaraq, dayandırılıb. Amma raket proqramı dayandırılmayıb. İsrail də deyir ki, İran nüvə proqramını dondurduğunu desə də, gizli formada davam etdirir. Raket proqramı isə “5+1” razılaşmasında nəzərdə tutulmur və İran burada sərbəstdir. ABŞ isə deyir ki, nüvə razılaşması bərbaddır, anlaşmada ciddi boşluqlar var, 2025-ci ildən sonra İran nüvə proqramını yenidən canlandıra bilər. Yəni, İranın nüvə proqramını dondurması müvəqqəti nəzərdə tutulub, birdəfəlik dondurma deyil. Tərəflərin yanaşmalarında fərq var. ABŞ və müttəfiqlərinin məqsədi odur ki, İranın nüvə-raket proqramı birdəfəlik dondurulsun.
– İsrail parlamenti fövqəladə hallarda baş nazir və müdafiə nazirinə Nazirlər Kabinetinin, Knessetin razılığını almadan müharibə elan etmək haqqında səlahiyyət verib. Bunu necə anlamaq olar?
– Görünür, onlar belə əsaslandırır ki, ola bilər gözlənilmədən İrana qarşı hərbi əməliyyatlar keçirməyə ehtiyac yaranar, bu zaman biz hökumətə və parlamentə xəbər versək gözlənilməzlik kimi mühüm hərbi-strateji amil aradan qalxar. Bu məsələ hökumətdə, parlamentdə müzakirə olunarsa, Rusiya və ya İran bundan xəbər tutar, buna qarşı profilaktik tədbirlər görər. Beləliklə də, bizim endirəcəyimiz zərbələr lazımı effekt verməz. Odur ki, siz, bizə səlahiyyət verin gözlənilmədən və operativ-taktiki baxımdan vacib bildiyimiz anda zərbə endirək. Nəticədə, İran gözlənilməz vəziyyətlə üzbəüz qalsın, profilaktik tədbirlər görə bilməsin, zərbələr effektiv olsun.
– Rusiya və Çinin bu məsələdə son mövqeyi necə olacaq: onlar sona qədər İranı müdafiə edəcək, yoxsa hansısa mərhələdə geri çəkiləcək?
– Görürsünüz ki, Şimali Koreya probleminin həllinə dair ciddi siyasi-diplomatik addımlar atılır. Aprelin 27-də Şimali və Cənubi Koreya liderləri görüşdü, ciddi razılaşmalar əldə olundu. Şimali Koreya nüvə-raket proqramını dayandıracağını öhdəsinə götürür və əsas nüvə poliqonunu may ayında qapadacağı haqda söz verib. Bütövlükdə Koreya yarımadasının nüvə silahından təmizlənməsi razılaşdırılıb və eyni zamanda sülh sazişinin imzalanması haqda mövqe birliyi ifadə olunub. Nəzərə alın ki, Şimali və Cənubi Koreya arasında 1953-cü ildə atəşkəs əldə edilsə də, sülh müqaviləsi bağlanmayıb. Bu ayda isə Tramp və Şimali Koreya lideri görüşəcək. Görünür, əldə olunan razılaşmaların ABŞ-Şimali Koreya arasında təsbit edilməsi nəzərdə tutulur. Bu, o deməkdir ki, Uzaq Şərqdə olan böhran siyasi-diplomatik yolla yaxın perspektiv üçün həll olunur, daha sonra əsas diqqət Rusiya və İrana yönəldilir. ABŞ-ın yeni milli təhlükəsizlik konsepsiyasında iki strateji, iki regional hədəf göstərilib. Strateji hədəflər Çinlə Rusiya, regional hədəflər isə İran və Şimali Koreyadır. İndi anlaşılan odur ki, bir strateji və bir regional hədəf yaxın perspektiv üçün təxirə salınır. Yəni, Çin və Şimali Koreya ilə məsələ yaxın gələcək üçün nizama salınır və əsas diqqət Rusiya ilə İrana yönəldilir. Burada da ABŞ və İsrailin yanaşması odur ki, Rusiyanı İrandan ayırsın və Tehranı təkləsin. Hesab edirəm ki, bu gün bizim regionda və qonşu regionlarda baş verənlər İran məsələsi ilə bağlıdır. Suriyada, İraqda, Pakistanda, Əfqanıstanda baş verənlər, o cümlədən Cənubi Qafqazda – Ermənistan və Gürcüstanda müşahidə olunanlar bununla bağlıdır və gələcəkdə baş verəcək hadisələr də bununla bağlı olacaq. Burada məsələnin ən mühüm tərəfi Rusiyanın son məqamda ABŞ-la razılaşıb-razılaşmayacağındadır. Mənim fikrimcə, Rusiyanın ABŞ-la razılaşması ehtimalı böyükdür. Amma burada əsas məsələ siyasi alver olacaq, yəni, əvəzində Rusiyaya nə veriləcək? Bu, bizi də maraqlandırmalıdır. Bu alverdə Rusiyanın payına düşənlərin vay halına.
– Sonuncu müsahibənizdə demişdiniz ki, İrana qarşı müharibə uzunmüddətli olacaq, siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edəcək, sanksiyalarla müşahidə olunacaq. İsrail baş nazirinin son bəyanatından və yüksək səviyyəli diplomatik danışıqlardan, yeni yaranan situasiyadan sonra bu fikrinizdə qalırsınız?
– Bəli, fikrimdə qalıram. İrana qarşı müharibə deyəndə, insanlar əsasən klassik müharibələr haqda düşünür, yadlarına İraqa və ya Əfqanıstana müdaxilə gəlir. İndi müharibələrin forması dəyişib və strateji xarakter alıb. Başqa sözlə, müharibə uzunmüddətli, geniş olur, bütün sahələri əhatə edir. Eyni zamanda da müharibənin tarixi, coğrafi, sosial-psixoloji və strateji dərinlikləri nəzərə alınır. Nəticədə çox zaman biz müharibənin getdiyini anlamırıq. Müharibə başlayıb, biz bunu bilmirik. Çünki gözləyirik quru qoşunları, aviasiya və ya hərbi donanmanın iştirakı ilə hərbi əməliyyat başlasın. Halbuki müharibə çoxdan başlayıb. Odur ki, mütəxəssis olmadan müharibənin nə zaman başladığını, nə zaman qurtardığını anlamaq çətindir. Düşünürəm ki, İrana qarşı strateji müharibə əslində gizli olaraq başlayıb, bunun açıq formada aparılan ilkin hazırlıq işləri də tamamlanmaq üzrədir. Burada əsas ciddi məsələ kimi ABŞ-Rusiya anlaşması qalır. Bu danışıqlar da gizli gedir. Böyük ehtimalla, Rusiya sonda razılaşacaq.
– Rusiya razılaşmasa, nə baş verəcək?
– Rusiya razılaşmasa, ona qarşı ağır sanksiyalar tətbiq ediləcək, postsovet məkanında oyunlar başlayacaq. İndi bunun xəbərdarlığı edilir. Artıq ABŞ Ukraynaya öldürücü silahlar verməyə başladı. Dünən Ukrayna prezidenti dedi ki, tank əleyhinə “Javelin” raketləri artıq orduya təhvil verilib. Ukrayna və Gürcüstan NATO üzvlüyünə namizəd ölkə kimi tanındı. ABŞ Gürcüstanda NATO standartlarına cavab verəcək 9 batalyonun hazırlanmasına başlayır. Bu, təxminən, 4500 canlı qüvvə deməkdir. Ermənistanda baş verənlərə baxın, Saakaşvilinin yenidən Gürcüstan siyasətinə qayıdışı, Amsterdamda keçirilən görüşlər və s.
Rusiya razılaşmayacağı təqdirdə əsas hədəf onun özü ola bilər. Rusiya bilir ki, hədəf taxtasında İranla onun yeri dəyişdirilə bilər.
– Bu proseslərə qarşılıq olaraq İranın reaksiya və davranışları haqda nə deyə bilərsiniz?
– Məncə, İranın davranışlarına ikili baxmaq lazımdır. Bir tərəfdən İran liderləri əsasən daxili auditoriyaya hesablanan çıxışlar edirlər və məqsəd xarici təhlükə qarşısında İran cəmiyyətini konsolidasiya etməkdir. Eyni zamanda da xaricə yönəlik mesajlar var. Bu mesajların da öz növbəsində iki istiqaməti var: öz müttəfiqlərinə yönəlik mesajlar və rəqibləri ilə düşmənlərinə verilən mesajlar. Odur ki, İrandan verilən mesajlara bir istiqamətdə baxmaq və nəticə çıxarmaq yanlış olardı. Fikrimcə, İran liderlərinin mesajlarını kimə yönəlik verdiyinə baxmaq lazımdır.
– Proseslər bu cür davam etsə İran müqavimət göstərəcək?
– Təbii ki, İran dini-ideoloji və dini-siyasi bir rejimdir. İranda dövlət və hökumət sistemində paralel olaraq ikili sistemin mövcud olduğunu nəzərə almalıyıq. İranda rəsmi dövlət idarə sistemi ilə paralel sistem olduğundan, sistemlərdən biri lazımı səviyyədə işləməsə, digəri işə düşür. İranın ordusu var, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu var. Həm ETTELAAT adlanan kəşfiyyat nazirliyi var, həm İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidməti, həm də dini xətlə digər kəşfiyyat qurumları… Mən mövcud paralel sistemlər hesabına İranın ciddi və uzunmüddətli müqavimət göstərəcəyini gözləyirəm. Eyni zamanda İranın strateji uzantılarını nəzər almaq, regiondakı potensialına bütöv baxmaq lazımdır. Yəni, bu ölkəni ancaq İran dövlət sərhədləri daxilində qiymətləndirmək yanlış olardı.
Teleqraf.com