“43-lər”i digərləri ilə eyniləşdirmək olarmı? - İstiqlalçı "savaş"ı...







Milli Məclisin (MM) son-1 may iclasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi yönündə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olundu.

Çox güman ki, yaxın günlərdə də ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənərək, hüquqi qüvvəyə minəcək. Bəribaşdan qeyd edək ki, çox müsbət, çox vacib və çox təqdirəlayiq məsələdir, hadisədir.

Eyni zamanda, bu yerdə qeyd edək ki, parlamentin sonuncudan əvvəlki iclasında millət vəkili, “Demblok”un üzvü və məşhur “43-lər”dən olmuş  Fərəc Quliyev çıxışı zamanı  1991-ci ildə keçmiş Ali Sovetdə SSRİ-nin qorunub saxlanılması haqqında referendumun keçirilməsinin əleyhinə səs vermiş və Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsində xidmətləri olmuş istiqlalçı deputatların da tarixi  xidmətlərinin qiymətləndirilməsini, onların da medalla təltif olunması təklifini irəli sürmüşdü.

Parlamentin sonuncu iclasında isə bu mövqeni digər millət vəkili Fazil Mustafa daha geniş şəkildə sərgilədi, “43-lər”in xidmətlərinin unudulmamasını, AXC-nin yubliyey medalının onlara da şamil olunmasını təklifinin dilə gətirdi.

Ancaq hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu məsələdə bir qədər gözlənilməz və əks mövqe sərgilədi.

Siyavuş Novruzov həm  Fazil Mustafanın, həm də Fərəc Quliyevin fikirlərinin əleyhinə çıxaraq, qeyd etdi ki, deputatları bir-birindən ayrımaq olmaz. “O vaxt parlamentdə 350 deputat var idi. Onlar hamısı müstəqilliyə səs veriblər. Sadəcə istiqlalçı kimi adları çəkilən 43 nəfər SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə çıxıblar. Kimlərsə o vaxt özünü “Demblok”, “Komblok”a bölmüşdülər. Axı, kimin pasportunda ya da diplomunda bu sözlər yazılmışdı?”-deyə, o, sözlərinə əlavə etdi.

heydar

Açıq şəkildə qeyd etsəm, Siyavuş bəyin bu cür mövqe sərgiləyəcəyini gözləmirdim, təxmin etmirdim, əksinə, onun bu məsələyə bir qədər fərqli formada olsa da, dəstək verəcəyini düşünürdüm. Çünki məşhur “43-lər”dən biri də Siyavuş Novruzovun təmsil olunduğu hakim partiyanın-YAP-ın yaradıcısı və qurucusu olan mərhum eks-prezident Heydər Əliyev idi, Heydər Əliyevdir. SSRİ-nin qorunub saxlanmasını nəzərdə tutan referendum layihəsinin əleyhinə səs verən millət vəkillərindən biri də məhz mərhum Əliyevdi. Eyni zamanda, Naxçıvanda referendumun keçirilməsinin qarşısının alınmasında Əliyevin müstəsna rolu, tarixi xidmətləri olmuşdu və bu xidmətlər də heç zaman unudulmayacaq. Bu baxımdan, Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu partiyanın yetkili şəxsinin də “43-lər”lə bağlı məsələyə dəstək verməsi lazım idi…Yəni, onları SSRİ dağlandan sonra Müstəqillik Bəyannaməsinə və Müstəqillik haqqında Konstitusiya aktına ya vəlvələdən-ya zəlzələdən səs verən digər sabiq bitərəf və “Komblok”çu deputatlarla eyniləşdirməməliydi…

Onu da qeyd edim ki, məşhur “43-lər”dən bəziləri-çox az qismi- sonrakı dönəmlərdə öz keçmişlərinə, öz əqidələrinə və sonuc etibarilə vətənlərinə xəyanət yolunu tutdular, bu da deyilməlidir… Amma bununla belə, fakt faktlığında qalır. Faktı danmaq, inkar və görməzdən gəlmək olmaz. Kimisə bəyənməyə, qəbul etməyə, tənqid hədəfi seçə, hətta, kiməsə düşmən ola, nifrət edə bilərik, amma və lakin… olanları, həqiqətləri. reallıqları öz şəxsi və siyasi maraqlarımız naminə və bu günün prizmasından dəyərləndirib, dəyişdirə bilmərik…Çünki alınmaz, alınmır və alınmayacaq.

“43-lər”dən tam müxalifləri, keçmiş cəbhəçiləri və Cəbhə liderlərini bir kənara qoyuram, çünki onlar SSRİ-yə müxalif mövqedə olduqlarını açıq şəkildə bəyan etmişdilər və buna görə də əks mövqe sərgiləyə bilməzdilər…Amma “43-lər” arasında bitərəf və kommunist olan imkanlı, vəzifəli şəxslər də var və vardı ki, onları bu yerdə xüsusilə, xartlamağa dəyər…

tofiq

Məsələn, kommunist olsa da, daim Azərbaycanın müstəqilliyi (əməlləri ilə) üçün çalışmış  keçmiş Ali Sovet sədrinin-mərhum Elmira Qafarovanın müşaviri olmuş mərhum Tofiq Məsim oğlu Bağırovu götürək…Bu insan uzun illər böyük vəzifələrdə işləmiş, Azərbaycan Kommunist Partiyasının aparıcı və nüfuzlu simalarından olmuşdu…Amma bunlara baxmayaraq, Tofiq Bağırov böyük vəzifə(lər)də işləyə-işləyə SSRİ-nin qorunub saxlanılması haqqında referendumun əleyhinə səs vermişdi…Düz 17 il öncə bu böyük insandan “525”-də müəllifi olduğum”Sabiqlər” rubrikası üçün müsahibə götürəndə söhbət hərlənib-fırlanıb bu məsələnin üstünə gələndə rəhmətlik Tofiq müəllim bunları demişdi:

“Oğul, mən o vaxt vəzifədə işləyirdim, həm də Kommunist Partiyasının üzvüydüm…Mənim əslində SSRİ-nin qorunub saxlanması ilə bağlı referendum layihəsinin lehinə səs verməyim lazımıydı…Amma mən bunu edə bilməzdim, çünki o zaman öz keçmişimə, öz amallarıma xəyanət etmiş olardım…O vaxt hətta, dostum, böyük yazıçımız İsmayıl Şıxlı da mənə dedi ki, “sən bəlkə referendumun lehinə səs verəsən, vəzifədə işləyirsən, sən bizə baxma, biz müxalif mövqedə olduğumuzu çoxdan bildirmişik, amma sənə çətinlik, problem yaradarlar…” Mən ona dedim ki, qardaş, belə bir şey ola bilməz…Mən illərdir Azərbaycanın azadlığını, müstəqiliyinin arzulmamışam, xüsusilə, Gəncədə (keçmiş Kirovabadda) birinci katib işləyərkən bunun üçün çalışmışam…Mən belə bir addım atsam, özümə xəyanət etmiş olaram…Və referendumun da əleyhinə səs verdim…Bundan da böyük şərəf və qürür hissi duyuram…”

Və yaxud, referendumun əleyhinə səs vermiş və zamanında Mütəllibov iqtidarına yaxınlığı ilə seçilən hüquq elmləri doktoru – mərhum Məmməd Xələfovu götürək…O, həmin vaxt keçmiş Azərbaycan Dövlət Universitetinin-indiki Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı vəzifəsində işləyirdi…Sovetlər dövründə yaşayanlar Universitetin, hüquq fakültəsinin və onun dekanının nə demək olduğunu yaxşı anlayırlar, bilirlər…Belə bir vəzifəni tutan insanın SSRİ-nin əleyhinə çıxması balaca iş, asan məsələ deyildi…İndi bu kimlərəsə asan görünə bilər, amma… Mərhum Məmməd müəllim isə o zaman  hər şeyi göz önünə alaraq, belə bir şərəfli addıma getdi…

VAHİDDD

İSAA-3

ismayil sixli

vahabzade

tahir-karimli

Və ya, o vaxt Azərbaycanın-Bakının ən böyük zavodlarından birinə rəhbərlik edən Vahid Əhmədovu, Qaradağ rayonunun prokuroru vəzifəsində çalışan İxtyar Şirini, daxili işlər orqanlarında yüksən vəzifə daşıyan Vaqif Novruzovu, yenə ən nüfuzlu və iri müəssisələrdən birinə rəhbərlik edən mərhum Əyyam Musayevi götürək…Bu insanlar böyük vəzifələri daşıyırdılar və ani “səhvləri” onlara baha başa, SSRİ “KQB”-sinin qəzəbinə tuş gələ bilərdilər və bu qəzəbin nə demək olduğunu da indi uzun-uzadı izah etməyinə dəyməz…Amma bu dəyərli insanlar da öz həyatlarını, işlərini, vəzifələrini təhlükə, risq altına qoyaraq, SSRİ-nin qorunub saxlanması haqqında referendum layihəsinin əleyhinə səs verdilər…

İndi bu insanları necə və hansı şəkildə digərlər ilə, Azərbaycan müstəqil olandan sonra Müstəqillik Bəyannaməsinə və 18 oktyabr Konstitusiya Aktına səs verənlərlə eyniləşdirmək olar? Onların tarixi xidmətlərinin üstündən bir andaca neçə xətt çəkmək olar? Düzdür, onu da etiraf edim ki, SSRİ-nin qorunub saxlanılması ilə referendum layihəsinin lehinə səs verən insanlar arasında layiqli, şəxsiyyətli insanlar az olmayıb…Onlar da bu xalq, bu dövlət üçün az xidmət göstərməyiblər, onların da  fəaliyyətini danmaq, qiymətləndirməmək olmaz…Ola bilər ki, onlar nədənsə ehtiyat ediblər, nədənsə çəkiniblər…Çünki o zaman, 1991-ci ildə SSRİ-inin dağlacağını kimsə, hətta, bu dağılmanın banisi, memarı olan Qərb liderləri, Qərb siyasətçiləri, Qərb mərkəzləri belə gözləmir, təxmin etmirdilər…Əslində SSRİ-nin 90-ci illərin sonlarında dağlacağı daha çox proqnoz edilirdi…Bu baxımdan, həmin insanları da anlamaq, başa düşmək olar…Amma bununla belə, SSRİ-nin qorunub saxlanmasına var gücləri ilə çalışan, müstəqillik kəlməsinin özündən belə xoflananları  heç bir halda “43-lərlə”, onların böyük bir kəsimi ilə eyniləşdirmək olmaz…Bu, ədalətli yanaşma olmaz.

Bu baxımdan, “43-lər”in- dünyasını dəyişmiş istiqlalçı deputatların- Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Tofiq Bağırovun,  Ədalət Rəhimlinin, Mürşüd Məmmədlinin, Dilarə Əliyevanın, Aydın Məmmədovun, Əyyam Musayevin, Məmməd Xələfovun, Bayram Bayramovun, Eldar Bağırovun, həmçinin, hazırda sağ və siyasət aləmində olanların- Tahir Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının, Hacıbaba Əzimovun, Vahid Əhmədovun, Məryəm Həsənovanın, İbrahim ibrahimlinin, Mətləb Mütəllimlinin, İxtiyar Şirinin, Cümşüd Nuriyevin, Sülhəddin Əkbərin, İsgəndər Həmidovun, Fərəc Quliyevin, o cümlədən, siysətdən uzaqlaşan Tofiq Qasımovun, Maşallah Abdullayevin, Hicran Kərimlinin, Allahverdi Həsənovun, Füzuli Axundovun, Etibar Məmmədovun və digərlərinin bu məsələdəki  xidmətləri, fəaliyyətləri ayrıca qiymətləndirilməli, dəyərləndirilməlidir…Bu, onların haqqıdır və inanıram ki, hər zaman ədalətli, humanist mövqeyi ilə seçilən  ölkə Prezidenti İlham Əliyev yaxın gələcəkdə bu istiqamətdə də addımlar atacaq, istiqlalçı deputatların haqqını tanıdacaq. Buna tam və qəti şəkildə əminəm!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Tarix: 3-05-2018, 08:59
Xəbəri paylaş





Xəbər lenti