Ermənistanda ikihakimiyyətlilik Qarabağa nə vəd edir?


Üsyançı hərəkatın lideri Paşinyan sülhü yox, müharibəni sifariş elədi, sonra? Bakının yeni taktikası necə olmalıdır? Alman ekspert: “Rusiyanın köməyi olmadan Ermənistan Dağlıq Qarabağı əldə saxlaya bilməz...”

İşğalçı Ermənistan faktiki, 9 gündür başsızdır. Srağagün parlament yeni baş naziri - ölkənin 1-ci şəxsini seçmək üçün toplaşsa da, rəngsiz inqilabin rəhbəri, deputat Nikol Paşinyan öz arzusuna çatmadı. Onun baş nazir olmaq üçün cəmi 8 səsi çatmadı. Baş nazir isə parlamentli idarəçilik dönəmində ali baş komandan və Təhlükəsizlik Şurasının rəhbəri sayılır.

Beləcə, Ermənistanda iki hakimiyyətlilik növbəti, daha kəskin mərhələyə adlamış oldu. Müşahidələr göstərir ki, Paşinyan bir daha öz şansını mayın 8-də - axırıncı səsvermədən 1 həftə sonra sınamağa hazırlaşır. İkinci cəhd alınacaqmı? Söyləmək çətindir (bu dəfə də nəticə olmasa, parlament buraxılmalı, növbədənkənar seçkilər keçirilməlidir).

Bizi isə təbii ki, ən çox Nikol Paşinyanın Dağlıq Qarabağ, Azərbaycanla münasibətlər mövzusunda parlamentdə söylədiyi fikirlər, sərgilədiyi mövqe maraqlandırır. Bəllidir ki, bu məsələlərdə o, hətta Serj Sərkisyandan da radikal, absurd mövqe sərgiləyib, guya ordunun xərclərini artıracağını söyləyib (ancaq hansı resurslar hesabına bunu edəcəyini açıqlamayıb), Azərbaycana isə şərt qoyub. “Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan ”artsax" deyib-red.) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o halda problemin kompromis həlli barədə danışmaq olar" deyib. Bu isə sülh qapılarını bəri başdan bağlamaq, müharibəni sifariş eləmək deməkdir. Çünki Azərbaycanın Qarabağa dair mövqeyini bütün ermənilər bilir...

yerevan protest pashinyan ile ilgili görsel sonucu

*****

“Paşinyan kimi siyasi səfehlərin arzuları Azərbaycan xalqının iradəsinə dəyib çilik-çilik olacaq”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O vurğulayıb ki, Paşinyanın ordunun xərclərini artıracağı ilə bağlı bəyanatları xülyadır: “Əgər Ermənistanın iqtisadi imkanları olsaydı, Sərkisyanın dövründə orduya ayrılan xərclərin miqdarını artırar, ordunun təchizatını daha yüksək qurar və yeni silahlar alardı. Ermənistanın büdcəsi, istehsal gücü Paşinyanın xəyallarla süslənmiş arzularını yerinə yetirməyə imkan vermir. Özü də Ermənistan getdikcə iqtisadi baxımdan daha da çökür, çünki Azərbaycan onu bütün layihələrdən təcrid edir. Paşinyan kimi inqilabi əhval-ruhiyyədə hakimiyyətə gəlmək istəyib belə bəyanatlar verən şəxslər Ermənistanda çox olub. Amma sonda bunların hamısı puç olub gedib”.

Politoloq Paşinyanın xalqların öz müqəddəratını təyin etmə hüququ ilə bağlı bəyanatlarına da münasibət bildirib: “Dünyada 5500 xalq var. O millət və xalqlardan yalnız 202-si öz müqəddəratını təyin edərək, dövlətini qura bilib. Ermənistan da 1 dəfə Azərbaycanın tarixi torpaqlarında öz müqəddəratını təyin edib və özünə dövlət qurub. Yəni Ermənistan o ”xoşbəxt" xalqlardandır. Bir xalqa iki dəfə öz müqəddəratını təyin etmək hüququ verilmir. Ora Azərbaycan torpaqlarıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yer-göy dağılsa da heç kim imkan verməyəcək".

yerevan protest pashinyan ile ilgili görsel sonucu

Politoloq bunu da vurğulayıb ki, Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesində iştirakı məsələsi bundan əvvəl də dəfələrlə qaldırılıb: “Dağlıq Qarabağın iki icması var: erməni və azərbaycanlı. Əgər bu icmaları tərəf kimi danışıqlar prosesinə qatmaq istəsələr, o haqda düşünmək olar. Ancaq təkcə erməni tərəfinin iştirakı ilə Qarabağı üçüncü tərəf kimi danışıqlar prosesinə qoşmaq mümkün deyil. Erməni icması əslində Azərbaycan dövlətçiliyinə qarşı qiyam qaldırmış bir ovuc - ortalama 30-40 minlik quldur dəstədir. İndi bunlar hansı haqla, iddia ilə Azərbaycanın düz mərkəzində guya dövlət qurubmuş kimi danışıqlara qoşulsun?! Bu xülyadır. Azərbaycan bu iddiaları hələ 1-2 il əvvəl rədd edib. Bu iddialar heç vaxt gündəmə gələ bilməz”.

*****

Bütün hallarda düşmən ölkədəki vəziyyəti, davam edən qarma-qarışıqlığı sözsüz ki, Azərbaycan dövləti xüsusi diqqətlə izləyir - ən əvvəl də müharibə perspektivləri kontekstində. Yəni Bakı proseslərin istənilən inkişaf ssenarisinə hazır olmalıdır və hazırdır da.

Bu arada isə narahatlıqlar səslənməyə başlayıb ki, Ermənistandakı qüvvələr daxili məsələlərlə bağlı atəşkəsi poza bilər. Məsələn, deputat Qüdrət Həsənquliyevə görə, bununla bağlı Milli Məclisin xüsusi iclasını çağırılmalıdır. “Hazırkı durumda Azərbaycan ordusu torpaqları azad etməyə hər an hazır olmalıdır. Hesab edirəm ki, yaxın zamanda Ermənistanda vətəndaş qarşıdurması baş verəcək. Bu zaman isə atəşkəsi poza bilərlər. Biz artıq Rusiya ilə danışıqlar aparmalıyıq”, - deyə o qeyd edib.

Əlbəttə ki, heç kim müharibə arzulamır. Ancaq işğalçı ölkə ayrı çıxış yolu qoymayacaqsa, savaşa ordu, millət, dövlət olaraq həmişə hazır olmalıyıq. Ordumuzun döyüş hazırlığını isə xarici hərbi ekspertlər də etiraf edirlər.

***** 

“Azərbaycan son 10 ildə hərbi potensial baxımından Ermənistanla öz arasında xeyli fərq yaradıb”. Bunu “Exo Moskva”ya müsahibəsində Rusiyanın “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib (Report). Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycanı ordusunun inkişafına kifayət qədər ciddi vəsait ayırmağa sövq edir: “Ordunun yeniləmə tempi baxımından Azərbaycan son illərdə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycan həm Rusiyadan, həm də başqa ölkələrdən bahalı, ciddi, yaxşı xarakteristikalara malik silah sistemləri alır”.

O əlavə edib ki, bu silahların bəziləri 2016-cı ilin aprel hadisələri zamanı istifadə olunub. Ekspertin sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanın texnoloji inkişafına təkbaşına cavab vermək imkanı yoxdur: “Ermənistanın son satınalmalarının hamısı Rusiyanın verdiyi kredit hesabına başa gəlib. Rusiya isə öz növbəsində tərəflər arasında bərabərlik yaratmağa, müəyyən balans formalaşdırmağa çalışır”.

Ekspert bildirib ki, bu gün Azərbaycan “az qanla, güclü zərbə ilə” Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün “yumruğunu gücləndirir”. “Say, texnoloji və əlbəttə ki, inteqral baxımdan Azərbaycan ordusu Ermənistan ordusundan üstündür” - o bildirib.

2016-cı ilin aprel döyüşləri mövzusuna toxunan şərhçi deyib ki, bu, Ermənistan üçün çox böyük şok olub: “Onlar Azərbaycan ordusunun imkanlarını, özlərinin sandıqları kimi sarsılmaz ordularının olmadığını anladılar. Əslində Ermənistan hərbçiləri və siyasi rəhbərliyi üçün 2016-cı ilin apreli ciddi çağırış oldu, onlar buna cavab verməlidir”.

*****

“Handelsblatt” alman nəşrinin jurnalisti Andre Ballen isə hesab edir ki, Rusiyanın köməyi olmadan Ermənistan Dağlıq Qarabağı əlində saxlaya bilməz. “Yeni Müsavat”ın məlumatına görə, öz məqaləsində işğalçı ölkədəki son olayları şərh edən ekspert qeyd edib ki, Moskva bu məqamdan Ermənistanla sonrakı münasibətləri qurmaq üçün də istifadə edəcək.

“Yeni erməni rəhbərliyinin Qərbə qədərindən çox oriyentasiyası Ermənistan üçün faciəvi nəticələr doğura bilər. Hər halda ermənilər üçün faktiki öz ərazilərinin bir hissəsinə nəzarəti itirmiş Gürcüstanın, Moldovanın və Ukraynanın acı nümunələri görk olmalıdır”, - deyə o əlavə edib.

“Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər. Biz isə öz növbəsində belə bir gəminin marşrut trayektoriyasını öyrənməliyik”. Bunu isə Ermənistandakı son vəziyyəti dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, Azərbaycan indiki vəziyyətdə ermənilər qədər Ermənistanda hadisələrin necə inkişaf edə biləcəyi üzərində düşünməlidir: “Ermənistanda vətəndaş müharibəsi başlayarsa, bu nə dərəcədə Azərbaycanın xeyrinə olacaq? Ermənistan 1990-cı illərin əvvəllərində eyni situasiyadan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb. Bəs biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan yararlanmalıyıqmı? Bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb, ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qisim isə tam tərsinə, deyir ki, hücuma keçsək, Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-ci illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə, yenə qarşımızda Rusiyanı görəcəyik”.

Politoloq hazırda müharibə variantının risklərinin az olmadığını bildirib: “Ancaq Ermənistanı elə bu günlərdə də hərbi təzyiq altında saxlamağa Rusiya bizə mane olmur. O ki qaldı Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir, bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Sərkisyanın dediklərini təkrarlasa da, hər halda, nə Köçəryan, nə də Sərkisyandır. Zənnimcə, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var”.

Siyasət şöbəsi

Tarix: 3-05-2018, 10:22
Xəbəri paylaş





Xəbər lenti