“Dağlıq Qarabağ münaqişəsində vəziyyət artıq dəyişdi. Hətta Ermənistanın baş naziri Paşinyan yox, bir başqası olsa belə, bundan sonra yeni hökumət üçün güzəştə getmək daha çətindir. Bu isə münaqişə zonasında müharibə riskini artırır”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Riçard Kirakosyan deyib.
Erməni politoloq bundan sonra münaqişədə Ermənistanın vəziyyətinin daha çətin olacağını qeyd edib.
“Azərbaycanın əraziləri qaytarmaq üçün hərbi varianta əl atması ehtimalı güclənir. Birincisi, güzəştlər olmayacaqsa, Azərbaycan məsələnin uzanmasına imkan verməyəcək. İkincisi, Ermənistanda qeyri-stabil vəziyyət Bakının əlini gücləndirir. Üçüncüsü, “aprel müharibəsi”ndən iki il keçməsinə baxmayaraq, münaqişənin danışıqlar yolu ilə həllində irəliləyişlər yoxdur. Bu üç faktor Azərbaycanın hərəkətə keçməsinə zəmin yaradır”, - deyə o bildirib.
R.Kirakosyan iddia edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma DQR-in “prezidenti” Bako Saakyan gizli şəkildə İrəvana səfər edib: “Bu səfər təmas xəttində toqquşmaların başlanması ilə bağlıdır. Biz baş verənləri görmürük, amma nələrəsə hazırlıq getdiyi məlumdur”.