Ermənistanda etiraz aksiyalarına müvəqqəti fasilə verilib.
Publika.az xəbər verir ki, aksiyanın lideri Nikol Paşinyan baş nazirliyə namizədliyini irəli sürmək üçün parlament deputatlarından üçdə birinin imzalarını toplayıb. Mayın 8-də Ermənistan parlamenti baş nazirin seçilməsi üçün növbəti iclasını keçirəcək.
Mayın 1-də keçirilən seçkilərdə parlamentdə əsas çoxluğu təşkil edən Respublika Partiyası Paşinyana qarşı çıxdı. Buna etiraz edən əhali mayın 2-dən etibarən kütləvi aksiyaları davam etdirdi və İrəvanda bütün hərəkət bloklandı. Ardınca növbəti seçkilərin 8 mayda olacağı açıqlandı, Respublika Partiyası isə bəyan etdi ki, müxalifətin irəli sürəcəyi namizəd parlamentdə deputatların üçdə bir hissəsinin imzasını toplayarsa, onu dəstəkləyəcək.
Nikol Paşinyanla “Sarukyan” blokunun lideri Qaqik Sarukyanın dünən keçirilən görüşündən sonra müxalifətin namizədinin Paşinyan olduğu açıqlandı. Hər şey mayın 8-də parlamentin xüsusi iclasında həll olunacaq.
N.Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Respublika Partiyasının 1 may iclasını təkrarlmayacağına ümid edir.
Mayın 1-də Nikol Paşinyanın baş nazir postuna gedən yolunu bağlayan Respublika Partiyasının 8 may seçkisində güzəşt edəcəyinə dair açıqlamasının səbəbləri maraqlıdır. Əslində 1 may seçkisində də partiya təxminən eyni mövqeni bildirmişdi, lakin iclasda əksini nümayiş etirdi. Mümkündür ki, 8 may seçkisində də hakim partiya eyni xətti izləsin.
Erməni şərhçilər Respublika Partiyasının güzəşt açıqlamasını və proseslərin mümkün inkişafını şərh edib.
A.Amatuni yazır ki, Respublika Partiyasının 2 maydan başlanan etiraz aksiyasından narahat olaraq geri çəkildiyi görünür: “Lakin mayın 1-də Paşinyanın əleyhinə çıxış edərkən onlar proseslərin belə inkişaf edəcəyini təxmin etməmiş deyildilər. Bu baxımdan, baş verənlərdə hələ də müəmmalı məqamlar qalır. Ola bilsin ki, Sarukyan Paşinyana dəstəyini açıq elan etdiyi üçün Respublika Partiyası geri çəkilir, yaxud ölkədə güc balansının dəyişməsi əsas faktor oldu. Başqa bir versiyaya görə, Respublika Partiyası bununla vaxt qazanır”.
Erməni şərhçi qeyd edir ki, Serj Sarkisyan və Robert Koçaryanın Moskvaya səfər etmələri də prosesdə həlledici amil ola bilər.
“Əslində 8 maydan sonra çox şey həll olunacaq. Ya yeni üsyan dalğası başlayacaq, ya da sui-qəsd dalğası”, - deyə o qeyd edib.
ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” analitik-kəşfiyyat mərkəzinin Ermənistanda baş verənlərlə bağlı analizi də diqqət çəkir.
“Ermənistanda yaranmış siyasi böhranda bundan sonra Rusiya müşahidəçi statusuna malik deyil. Moskva ölkədəki bütün siyasi tərəflərlə - iqtidar və müxalifətlə eyni səviyyədə əlaqə saxlayır. Kreml hazırda hadisələrin nəticələrinin necə olacağına baxır və güman ki, proseslər istədiyi kimi getməsə, hərəkətə keçəcək. Rusiyanı Ermənistanda kimin hakimiyyətə gəlməsi yox, sabitliyin olması maraqlandırır”, - deyə mərkəz yazır.