Media Klubu dinləmələr keçirib:"KİV DF-nin fəaliyyəti ictimai monitorinq edilməlidir"



Mayın 3-də Media Klubu Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə “Media qanunvericiliyi: Senzura qayıdırmı?” mövzusunda dinləmələr keçirib.

Dinləmələrdə klubun üzvləri, media ekspertləri, jurnalistlər və hüquqşünaslar iştirak edib.

İlk öncə son illər qətlə yetirilmiş azad medianın nümayəndələrinin xatirəsi sükutla yad edilib.

Müzakirələrin ana xəttini media azadlığına, o cümlədən internet azadlığı və sosial mediaya qarşı məhdudlaşıdrıcı addımların aradan qaldırılmasının vacibliyi təşkil edib.

Ekspertlər sosial şəbəkə iştirakçılarına və müstəqil internet saytalarına qarşı təhdidlərin davam edəcəyini istisna etmir.

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, media azadlığı ilə bağlı “tablo çox qaradır”. 2007-ci ildən indiyədək media qanunvericiliyinə 13 dəfə əlavə və dəyişikliklər edilib.

“Bu 13 halın hər birində media qanunvericiliyinə məhdudlaşdırcı normalar əlavə olunub. Hər dəfə məhdudlaşdırcı normalar əvvəlkindən daha mürtəce, daha məhdudlaşdırıcı, beynəlxalq normalardan daha uzaq olub. Sonuncu məhdudlaşdırıcı dəyişiklik isə dünən, mayın 2-də olub. Bu, konsitusiyanın 50-ci maddəsinə zidd olaraq dövlət senzurasının qanunvericiliyə daxil edilməsidir. Belə ki, hərbi və fövqəladə hallar zamanı mediaya dövlət senzurası tətbiq ediləcək. Təsəvvür edin, Kür çayı Yevlaxda daşıbsa, orada fövqəladə vəziyyət elan edilibsə, Azərbaycanda mediaya senzura tətbiq ediləcək ”, – hüquqşünas qeyd edib.

Ekspert bildirib ki, “Teleradio yayımı haqqında” qanuna da (qanun 2002-ci ildə qəbul edilib) 2004-cü ildən başlayaraq məhdudlaşıdırcı əlavə və düzəlişlər edilib: “Bu qanuna 2017-ci ilədək 8 dəfə məhdudlaşdıcı dəyişiklik edilib. Öncə Teleradio Şurasının səlahiyyətləri genişləndirilib. Ona radio və televiziyalara inzibati cərimə tətbiq etmək hüququ verilib. Sonra ona yayımı müvəqqəti dayandırma hüququ və daha sonra televiziya və radionu bağlamaq hüququ verilib. Şura 2016-cı ildə bu səlahiyyətindən istifadə edərək ANS televiziyası və radiosunu bağladı”.

Onun sözlərinə görə, “İnformasiya əldə etmək haqqında” qanuna da (qanun 2005-ci ildə qəbul edilib) dəyişikliklər edilib: “2012-ci ilədək qanunda nəzərdə tutulan İnformasiya Ombudsmanı İnstitutu yaradılmadı. 2012-ci ildə bu norma qanundan çıxarılaraq guya səlahiyyətlər Ombudsmana verildi. Bu gün artıq 7 il səlahiyyət müddəti olan ombudsmanın müddəti artıq bir il 3 aydır başa çatıb. Hələ də yenisi yoxdur”.

Ekspertin məruzəsi geniş müzakirələrə səbəb olub.

Media Klubunun üzvləri “ölkədə media azadlığının” durumu ilə bağlı müraciət hazırlamaq və media azadlığının genişləndirilməsi üçün “Yol Xəritəsi” hazırlamaq üçün komissiya yaradılması barədə razılığa gəlib.

Turan agentliyinin direktoru Mehman Əliyev bildirib ki, sənədlərdə ictimaiyyətə mesaj verilməlidir ki, ölkədə media azadlığı ilə bağlı aparılan siyasət özünü doğrultmur: “Tədqiqatlar göstərir ki, bu gün əhalinin yalnız 20 faizə qədəri Azərbaycan televiziyalarına baxır. Son məlumatlara görə, əhalinin 67 faizi Türkiyə telekanallarına baxır. Eyni zamanda Rusiya telekanallarına baxanların da sayı çoxdur. Çap mediası tam hökumətin nəzarətindədir və çoxsaylı saytlar yaradıblar. Çox miqdarda vəsaitlər sərf olunmasına baxmayaraq, hökumətin cəmiyyətə informasiya təsiri itirilib”.

Əliyev həmçinin deyib ki, qanunvericiliyə məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, hökumət rəhbərləri bu qanunvericilik daxilində də işləyə bilmir.

“Ötən il azı 14 internet saytı heç bir məhkəmə qərarı olmadan bloklanıb. Yəni qanunvericiliyə dəyişiklik edirlər, amma heç bir qərar, məhkəmə olmadan azı 14 saytı bloklayıblar”, – o bildirib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev hesab edir ki, media qanunvericiliyi analiz edilərək media azadlığının bərpası ilə bağlı təkliflər paketi hazırlanmalıdır: “Bu təkliflər paketi həm də media azadlığı sahəsində aparılacaq islahatların “Yol Xəritəsi” olmalıdır”.

Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyəti ictimai monitorinq edilməlidir. “Bu fond vasitəsi ilə dövlət büdcəsində külli miqdarda vəsait xərclənib. Xərclənən vəsaitin səmərəliliyi öyrənilməli və təkliflər verilməlidir”, Şıxlı qeyd edib.

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmlihökuməti məsuliyyətini dərk edib media azadlığını məhdudlaşdırmağa son qoymağa çağırıb.

“Bu siyasət daxildə dağıdıcı enerjiyə çevrilir. Bu siyasəti yürüdən şəxslər cəmiyyət və dövlət qarşısında məsuliyyətlərini dərk etməlidir”, – Məhərrəmli deyib.

Amerikanın Səsi

Tarix: 4-05-2018, 08:00
Xəbəri paylaş





Xəbər lenti