Əliyev yeni əfvə hazırlaşır


aliyev-2013musavire2Ölkə başçısı İlham Əliyevin qarşıdakı günlərin birində növbəti əfv sərəncamı imzalayacağı gözlənilir. Cümhuriyyətin 100 və Heydər Əliyevin 95 illiyi ilə əlaqədar geniş çevrəni əhatə edəcək əfv sərəncamının, yaxud amnistiyanın verilə biləcəyini hakimiyyət yetkililəri hələ bir neçə ay qabaq anons etmişdi. İndi belə bəlli olur ki, amnistiya aktından söhbət getmir, amma əfv sərəncamı gündəlikdədir və bu, deyəsən, elə H.Əliyevin 95 illiyi ilə əlaqələndililəcək.

Aldığımız məlumatlara görə, növbəti əfv sərəncamı mayın 10-a, yəni məhz H.Əliyevin doğum gününə qədər imzalanmalıdır. Konkret olaraq mayın 8-ni gösətərən mənbələr də var. Amma məsələnin maraqlı tərəfi əfv sərəncamının hansı tarixdə və hansı hadisə ilə əlaqələndirilərək imzalanacağı deyil. Bu əfv sərəncamında hansı dustaqların adlarının olacağıdır işin maraqlı tərəfi. O baxımdan ki, İ.Əliyev bu sərəncamla ölkədə insan hüquq və azadlıqlarının bərbad vəziyyətinə görə üzləşdiyi beynəlxalq təzyiqi aradan qaldıra bilər. Hazırda vəziyyət belədir ki, İ.Əliyevin 11 aprel növbədənkənar seçkisi Qərbin yekdil neqativ rəyini alıb, az qala hər gün onun ailəsi və hökumət üzvlərilə bağlı bir korrupsiya əməli beynəlxalq səviyyədə ifşa olunur, ünvanlı, həm də Qərbdə saxlanılan mal-mülkləri əhatə edən sanksiyalar işə düşmüş kimi görünür… Bütün bu tündləşməkdə olan və ən əsası hakim ailənin və elitanın maddi maraqlarını vuran gedişatın qarşısını almağın bir yolu isə ölkədə insan hüquq və azadlıqları sahəsindəki problemləri yüngülləşdirməkdir. Bunun üçün problemlərin ən ağırı olan siyasi məhbus problemini həll etmək ən düzgün seçim olardı və İ.Əliyev hazırda belə bir seçim imkanındadır.

Gözlənilən əfv sərəncamı buna qədər olduğu kimi, yenə də yalnız bir neçə nəfər artıq həbs müddəti bitməkdə olan siyasi məhbusu əhatə edəcək və görüntü xarakteri daşıyacaqsa, İ.Əliyev geniş mənada növbəti imkanı itirmiş olacaq. Çünki belədə siyasi məhbus problemi həll olunmamış qalacaq və dünyanın bu problemin həllinə çağırışları da dayanmayacaq. Üstəlik siyasi məhbusların içində xeyli jurnalist və bloqçu, yaxud ümumi ifadə ilə desək, məhz yazısına görə həbs edilən var ki, yeni sərəncamda onlardan lap bircəciyinin belə adı olmasa, bu əfv də yarımçıq sayılacaq.

Əlbəttə, İ.Əliyevin 160 nəfər siyasi məhbusun hamısına birdən haqq etdikləri azadlığı verəcəyi çox az ehtimal olunur. Belə siyasi səxavət onun praktikasında olmayıb. Onun öz sərəncamına siyasi dustaqlardan kimlərin adlarını salacağını da proqnozlaşdırmaq çətindir. Lakin ölkədə siyasi məhbus probleminin ən azı həll olunmağa başladığına inam ancaq onda yarana bilər ki, ReAl-ın sədri İlqar Məmmədov, hətta məhkəmə hökmündə də məhz feysbukdakı yazılarına görə həbs edildiyi göstərilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, yenə də AXCP sədrinin müavini olan və bilavasitə jurnalist fəaliyyətinə görə həbs edildiyi bütün dünya tərəfindən qəbul olunan Seymur Həzi, məmurların maddiləşmiş korrupsiya əməllərini çəkib xalqa göstərdiyi üçün şərlənib tutulan bloqçu Mehman Hüseynov, tənqidi yazılarının, hakimiyyət nümayəndələrini mediada ifşa etmələrinin “cəzasını” çəkən başqa qələm əhli, eləcə də Tbilisidən oğurlanıb gətirilən jurnalist Əfqan Muxtarlı, yeganə qadın siyasi məhbus Gözəl Bayramlı və başqa bu kateqoriyadan olanlar həbsdə saxlanılmasın.

Beləliklə, özünü Qərblə hazırkı qarşıdurmadan xilas etmək də, bunun əksi də bu mərhələdə İ.Əliyevin öz qələminin ucundan asılıdır. Xüsusən də mayın 9-da ABŞ Konqresində Azərbaycanla bağlı (siyasi məhbus məsələsi də daxil) dinləmənin keçiriləcəyini nəzərə almaqla, İ.Əliyev özünə münasibətin ciddi şəkildə müsbətə doğru dəyişməsi üçün masasındakı əfv sərəncamını diqqətlə tərtib etməlidir.

Hikmət

Tarix: 4-05-2018, 08:34
Xəbəri paylaş





Xəbər lenti