ABŞ-ın İrəvanda 15 qatı yer altında olan ofisində gedən söhbətlər... - Şərh



İnqilab ictimai-siyasi prosesdir. Əsl inqilabi prosesdə hakimiyyəti əldə etmək taktika məsələsidir, əsas tərəqqini, inkişafı, güzəranı, idarəçiliyi irəli aparmaqdır. Əgər bu islahatlar inqilabi prosesdə yoxdursa, deməli, baş verənlər çevrilişdir.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev Ermənistanda baş verənləri şərh edərkən deyib.
Ağayev xatırladıb ki, siyasi prosesləri düzgün qiymətləndirmək üçün baş verənləri doğru analiz etmək vacibdir:
“İndi Ermənistanda baş verənlər çevrilişdir. Sərkisyan özü çevriliş vasitəsilə hakimiyyətə gəlib. Vaxtı ilə Sərkisyan-Köçəryan cütlüyü prezident Levon Ter-Petrosyanın kabinetinə silahla girdilər və məcbur etdilər ki, istefaya getsin.

Biz bilməliyik ki, Ermənistan seçimini edib. Başqa sözlə, demokratiyanı bayraq edib, orada müəyyən demokratik şəraitin yarandığını deyə bilərik. Amma Ermənistanın siyasi yolunu demokratiya deyil, çevrilişlər müəyyən edir. Bu da gec-tez demokratiyanın əhatə dairəsinin daralmasına səbəb olacaq.

Nəzərə almaq lazımdır ki, Ermənistandan xaricə ciddi beyin axını var. Gerçək dəyişikliyi istəyənlər, intellektual potensialı olanlar ölkədən gedir. İnsanlar bezir, düşünür ki, nə vaxta qədər fırıldaqçı siyasətçilər Qarabağı bəhanə edəcək və Rusiya ilə müqavilələr bağlayaraq gəlib Ermənistanı dağıdacaq... Bu mənada Sərkisyanın getməsi qanunauyğun idi. Özü də çevrilişlə hakimiyyətə gəlmişdi”.

Mütəxəssis deyib ki, indi əsas Ermənistanda hakimiyyətə kimin gəlməyi məsələsidir:
“SSRİ-nin son illərində yenidənqurma proyekti başlayanda Ermənistan siyasi səhnəsində bir neçə siyasi fiqur vardı və onlar ölkəni normal idarə edə, irəli apara bilərdi. Məsələn, Dəmirçiyan kimi siyasi xadimi kabinetində öldürdülər. Onu adını demokrat qoyan, guya ölkəni qərbyönlü siyasi relsə oturtmaq niyyətində olan şəxslər öldürdü. Bu yolla siyasəti irəli aparmaq olmaz. Bəli, ermənilər bacarıqlı, ağıllı, bic, intellektual millətdir. Amma balaca xalq və ölkədir. Onun idarəçiliyi həssaslıq tələb edir.

Son 30 ildə isə Ermənistanın başına kim istəsən gəlib, amma əsl demokrat və gerçək vətənpərvər gəlməyib. Sərkisyanı, Köçəryanı Ermənistanın başına gətirəndə sonluq belə olmalı idi. Mən 10-15 il əvvəl yazılarımda və müsahibələrimdə deyirdim ki, Sərkisyan-Köçəryan meşədən çıxan “boyevik” və insan qatilləridir.

İndi isə Nikol Paşinyanın atılıb-düşməsi, hakimiyyəti ələ almaq istəyi göstərir ki, Ermənistanda yuxarıda qeyd etdiyim ənənə davam edir. Ermənistanın taleyi və seçdiyi yol tələb edir ki, hakimiyyətə siyasi reallığa uyğun siyasi xadim gəlsin. Belə bir siyasi lider isə səhnədə görünmür.

Ölkədə 50 partiya var, amma lider yoxdur. Belə liderlərin ortaya çıxmasına maneə olan faktor isə qatı erməni millətçiliyidir. Bu qatı millətçilik erməni ideologiyasının sütunudur. Bu ideologiya üzərində tərbiyə alıblar və ölkənin gələcəyini də bunda görürlər. Yəni xəstə “Böyük Ermənistan” ideologiyası... İnsanlar inkişafdan, gələcəyə doğru addımdan, qonşularla yaxın əlaqələr saxlamaqdan deyil, gecə-gündüz “Böyük Ermənistan”ı necə yaratmaq haqqında düşünür. Ən dəhşətlisi odur ki, sadə ermənidən tutmuş böyük aliminə qədər bu cür düşünür. Bu da normal erməni siyasətinin yaranması qarşısında ən böyük maneədir.

Ermənistan irəli getmək üçün bu ideologiyadan, qonşulara ərazi iddialarından əl çəkməlidir. Çəkməyəcəyi təqdirdə orada indi müşahidə etdiyimiz dava-qırğınlar, siyasi qarşıdurmalar periodik şəkildə müşahidə olunacaq. Nəticədə siyasi fırıldaqçılar hakimiyyətə gələcək, ciblərini dolduracaq və sonrada Köçəryan kimi gedib Moskvada oturacaq. Böyük ehtimalla Sərkisyan da Moskvaya gedəcək. Ermənistan yalnız öz ölkəsini idarə etməkdə ciddi addım ata bilmir. Bu da Ermənistana ağır başa gələcək”.

Siyasi şərhçi deyib ki, ənənəyə sadiq qalaraq indi də Paşinyan öz iradəsini zorla qarşı tərəfə həzm etdirir:
“Açıq şəkildə deyir ki, baş nazir mən olmalıyam, mən xalqın namizədiyəm. Özü də bu, Paşinyanın deyil, ABŞ-ın istəyidir. Rusiya Ermənistanda hərbi bazalar qurmuşdu, ciddi əlaqələr yaratmışdı və düşünürdü ki, Ermənistan onun sözü ilə oturub-duracaq. Ancaq unudulur ki, ABŞ İrəvanda 25 mərtəbəli səfirlik binası tikib və onun 15 mərtəbəsi yerin altındadır. Bu kabinetlərdə gedən söhbətlərdən nə rusların, nə də ermənilərin xəbəri var. Bu dəfə Ermənistanın taleyini ABŞ həll edir. Rusiya da oturub kənardan tamaşa edir.

Özü də, ABŞ elə bir məqamı seçib ki, bu mərhələdə Rusiyanın öz vəziyyəti ağırdır. Daxildə ciddi problemlər var, iqtisadi və maliyyə sanksiyası Rusiyaya ciddi təsirlər göstərir, yoxsulluq müşahidə edilir və s. Üstəlik bütün dünya dövlətlərinin ruslara iradı var ki, niyə Londonda kiməsə sui-qəsd edirsən, Ukraynadan nə istəyirsən...

Fikrimcə, Ermənistanın taleyini Vaşinqton həll edir. İndi deyirlər, mayın 1-də Paşinyana imkan vermədilər ki, baş nazir seçilsin. Ruslar da, biz də, Köçəryan-Sərkisyan cütlüyü də bilir ki, Paşinyan hakimiyyətə gəlsə, fərqli hadisələr olacaq. Qərb Paşinyanı hakimiyyətdə oturdacaq, daha sonra möhkəmlədəcək, yavaş-yavaş da rus ordusunu Ermənistandan çıxarmağa başlayacaq. Əgər ruslar qalmaqda israr edəcəksə, fikrimcə, orada yeni çevriliş, üsyan və qırğın baş verər.

Hazırkı məqamda hadisələr sakit cərəyan edəcək. Geci-tezi Moskvada Putin olmasa da, bir başqası deyəcək ki, gərək biz daxili problemlərimizlə məşğul olaq. Xarici problemlər vətəndaşın qarın-mədə problemlərini həll etmir. Özünüzü Putinin yerinə qoyun. Sutkada 24 saat var. Rusiyanın daxili məsələlərini həll etmək üçün 24 saat çatmır, bu tərəfdən Ukrayna, o tərəfdən də Ermənistan məsələsi ortaya çıxır. Qərbyönlü qüvvələrin İrəvanda başını qaldırması üçün indi ən münasib zamandır. Onlar münasib zamanda baş qaldırıblar və belə davam edərsə, məqsədlərinə çatacaq. Əgər çatacaqsa, proses uzun müddət davam edəcək.

Nəzərə alın ki, söhbət demokratiyadan getmir. Paşinyan həm də radikal qüvvələrə işləyir və hansısa məqamda ekstremist qüvvələr də onlara qoşulacaq. Daha sonra nisbətən liberal qüvvələr sıxışdırılıb çıxarılacaq. Zaman, ölkə və tale tələb edir ki, ermənilər öz gələcəyinə baxsınlar və ciddi düşünsünlər. Bu ölkəyə ciddi siyasi lider lazımdır. Bu mərhələdə ayılmasalar, belə də davam edəcək. Millətçilik və düşmənçilik ideyası erməni təfəkkürünün alt qatlarının əsasını təşkil edir. Bəlkə erməniləri böyük bir müharibə ayılda bilər”.

Tarix: 4-05-2018, 14:27
Xəbəri paylaş





Xəbər lenti