“Paşinyan Qarabağı Azərbaycana qaytara bilər, amma…” – Politoloq

 Ermənistanda Serj Sərkisyana qarşı davam edən nümayişlər bu ölkəni çıxılmaz dalana dirəyib. Deputat Nikol Paşinyanın başçılıq etdiyi nümayişlərin Sərkisyanı öz kürsüsündən edəcəyinə heç kəs inanmırdı.
Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.
Politoloq qeyd edib ki, ictimai-siyasi gərginlik Serj Sərkisyanın başçılıq etdiyi “Qarabağ klanı”nın hakimiyyətdəki dayaqlarını hiss ediləcək səviyyədə zəiflədib:
“Hamı kimi Sərkisyan da düşünürdü ki, siyasi təcrübəsi və Qarabağ məsələsinin həll prosesində heç bir fəaliyyəti olmayan Paşinyan sonadək cəmiyyət tərəfindən dəstəklənəcək. Lakin inqilab baş verdi və xaos öz şiddətini qoruyub saxlayır. Bu baxımdan, aprel ayının sonlarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yenidən fəallaşmasını gözləyirdik.
Amma hazırda Ermənistanda davam edən xaotik vəziyyət bu gözləntinin üzərindən xətt çəkir. Ermənistanda vəziyyət elədir ki, heç kimlə münaqişə ətrafında danışıqlar aparmaq mümkün deyil. Lakin hesab etmək olar ki, Rusiyanın müdaxiləsi olmasa, münaqişənin həlli üçün münbit zəmin yaranıb”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyanın parlamentdə Qarabağla bağlı son çıxışı göstərdi ki, o, aydın və məntiqli proqrama sahib deyil, Sərkisyanın siyasətini davam etdirəcək:
“Lakin Sərkisyandan fərqli olaraq, Nikol Paşinyan Qarabağ məsələsinə münasibətdə keçmiş prezident Levon Ter-Petrosyana daha yaxın mövqeyə malikdir. O, vaxtilə Qarabağın Azərbaycana qaytarılmasının qızğın tərəfdarlarından olub. Bu baxımdan, Paşinyan baş nazir seçilsə, onun Qarabağ münaqişəsinin həlli ilə bağlı məşğul ola biləcək kadrları yoxdur. Hesab edirəm ki, buna görə o, daha çox ölkənin sosial-iqtisadi problemlərinin həlli ilə məşğul olacaq. Yəni, Ermənistanın yeni hakimiyyəti də, ənənəvi Qarabağ siyasətini davam etdirəcək. Çünki Paşinyan tezliklə Qarabağla bağlı radikal dəyişikliklərə getsə, özünü və hakimiyyətini təhlükənin içinə atmış olacaq”.
Politoloq hesab edir ki, Ermənistan bundan sonra da münaqişənin ATƏT-in Minsk qrupu formatında həll edilməsi siyasətini davam etdirəcək: “Minsk qrupunun fəaliyyəti İrəvanın maraqlarına uyğundur. Çünki bu format mövcud status-kvonun qorunmasına xidmət edir. Bu baxımdan, Paşinyandan gözlənti o qədər də böyük deyil. Amma o, Rusiyaya qarşı xətt seçsə, bu zaman nəsə gözləmək mümkündür”.
Qeyd edək ki, aprelin 1-də Ermənistan parlamentində keçirilmiş baş nazir seçkilərində baş nazir seçilməyən Nikol Paşinyan namizədliyini yenidən irəli sürüb. Növbəti seçkilər ayın 8-də baş tutacaq.
Tarix: 5-05-2018, 16:30
Xəbəri paylaş





Xəbər lenti