“Xalqları sülhə hazırlamaq” prosesi niyə Bakıdan başlayıb?


Əvəz Həsənov: “Sülhə ilk növbədə hakimiyyətlər hazır olmalıdır”

Srağagün Humanitar Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Xalqları sülhə hazırlama: ötən dövrün təcrübəsi və yeni çağırışlar” adlı dəyirmi masa təşkil olunub.

HTİB sədri, konfliktoloq Əvəz Həsənov tədbir zamanı qeyd edib ki, 2019-cu il yanvarın 16-da Fransanın paytaxtı Paris şəhərində ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən görüş zamanı hər iki tərəfin əhalisinin sülhə hazırlanması yolları barədə bəyanat verilmişdi. Qəbul olunan bəyanatda xalqların sülhə hazırlanması ilə regionda təhlükəsizliyin və dayanıqlı regional inkişafın əldə olunmasına ciddi işarə olmuşdu.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə xalqları sülhə hazırlamaq yolunda daxili dialoqun aparılmasının vacibliyindən danışıb.

Novella CÉfÉroÄlu ile ilgili görsel sonucu

Vətəndaş cəmiyyəti təmsilçilərinin sülhyaratma istiqamətində fəaliyyətini koordinasiya etməsinə ehtiyacın olduğunu qeyd edib.

“3-cü baxış” Analitik İnformasiya Mərkəzinin direktoru Rauf Rəcəbli qeyd edib ki, münaqişənin həll olunmasının yalnız müharibə və sülh yolu olduğunu cəmiyyət yaxşı başa düşür və belə olan halda sülhü daha çox sərfəli variant kimi qəbul edir.

Tədbir zamanı vətəndaş cəmiyyəti nümayəndələri indiyə kimi Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin əldə etdikləri təcrübəni bölüşüblər.

AzÉr HÉsrÉt ile ilgili görsel sonucu

Mətbuat Şurasının üzvü Azər Həsrət isə bildirib ki, xarici işlər nazirlərinin görüşündən sonra cəmiyyətdə sülhün əldə olunmasının vacibliyinə diqqət artmaqdadır. Sülhün hər iki cəmiyyət üçün vacib olduğu izah olunmalıdır. Hər iki cəmiyyətdə aqressiv münasibətlərin aradan qaldırılması üçün addımlar atılmalıdır.

Rauf Zeyni ile ilgili görsel sonucu

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə deyib kİ, Azərbaycan tərəfinin daha çox itkilər verdiyini, 1 milyona yaxın vətəndaşın qaçqın və məcburi köçkünün olduğunu nəzərə alsaq, ölkə əhalisinə sülhün izah olunması asan olmayacaq. İşğal faktının davam etdirilməsi vətəndaşlarımızın sülhə olan inamını azaldır.

Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasının koordinatoru Dilarə Əfəndiyeva isə platforma barəsində məlumat verib. Hər iki xalqın nümayəndələri arasında münasibətlərin normallaşmasına imkan verən sülh platformasının prosesə verə biləcəyi töhfə barədə danışıb.

Tədbirdə Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinın təmsilçisi Johanna Ketola vətəndaş cəmiyyətinin sülhyaratma prosesində rolunun düzgün dəyərləndirilməsi və onların imkanlarından istifadə olunmasının əhəmiyyətini vurğulayıblar.

Müzakirə iştirakçıları xalqların sülhə hazırlanması ilə bağlı vətəndaş cəmiyyəti qarşısında yeni vəzifələrin durduğunu qeyd ediblər.

Bəs xalqları sülhə necə hazırlamalı? Sülhə ilk növbədə hakimiyyətlər, əsasən də Ermənistan iqtidarı hazır olmalı deyilmi? Erməni iqtidarı son günlər sülhə hazır olmadığını göstərən açıqlamalar verir. Belə bir vəziyyətdə bizim burada sülhə hazırlaşmağımızın təsiri və məntiqi varmı?

ÆvÉz HÉsÉnov ile ilgili görsel sonucu

Əvəz Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xalqları sülhə hazırlamağın yolları çox sadədir. Bundan ötrü tərəflər razılığa gəlməlidirlər ki, sülhün çərçivəsi necə olacaq: “Sülhün çərçivəsi müəyyən olunduqdan sonra xalqlara həmin razılaşmanın mesajı verilir və bildirilir ki, bu çərçivədə Azərbaycan və Ermənistan tərəfi razılığa gələcək. Bundan sonra demək olar ki, xalqlar arasındakı ədavəti aradan qaldırmaq üçün informasiya müharibəsi dayandırılır, tərəflər arasında münasibətlər gərginlikdən yumşaq mərhələyə keçir, televiziyalarda, mediada azərbaycanlılara və ermənilərə qarşı olan nifrət aradan qaldırılır, xalqlar arasında hələ gediş-gəliş çətin olsa da ən azı virtual aləmdə və ya telefon vasitəsilə münasibətlərin yaradılmasına hökumətlər maneə törətmir”.

Ə.Həsənov hesab edir ki, sülhə ilk növbədə hakimiyyətlər hazır olmalıdır: “Hakimiyyətlər faktiki olaraq anonsu verəndən sonra ki biz sülh müqaviləsini imzalayırıq, bundan sonra xalqları barışığa hazırlamaq lazımdır. Burada Ermənistanın üzərinə daha çox yük düşür. Çünki Ermənistanın iqtisadi cəhətdən zəifləməsinin səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycanla münasibətləri gərgindir, Azərbaycanla arasında sülh yoxdur. Əgər münasibətlər olsaydı, sülh olsaydı, ola bilsin Ermənistan indi fərqli dövlət olardı. Ona görə də Ermənistan iqtidarı sülhün əldə olunmasına bizdən daha çox maraqlı və razı olmalıdır. Çünki biz müharibəni başlaya və bu konfliktin qaydalarını dəyişə də bilərik. Ona görə də ilk növbədə Ermənistana sülhə nail olmaq lazımdır”.

Ekspertin sözlərinə görə, Nikol Paşinyanın son addımları onu göstərir ki, o, razılaşdırılmış şərtlərlə hərəkət etməyə hazırdır: “Serj Sərkisyan hakimiyyətindən fərqli olaraq indi orada yumşaq hakimiyyət var və onlar da Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdırlar. Onlar ola bilsin ki, indi hazır deyillər danışıqlar prosesini aparmağa, ancaq xalqları sülhə hazırlamağa hazırdırlar. Çünki xalqı sülhə hazırlamaq onlara birinci növbədə sərf edir.  Onlar hesab edir ki, belə bir proses Azərbaycanın hücum taktikasının qarşısını ala bilər. Ancaq məncə, bu, yanlış düşüncədir, xalqları sülhə hazırlamaq eyni zamanda güzəştlərə gedilməsinin bir şərtidir. İndiyə kimi Azərbaycanda belə bir təsəvvür var idi ki, biz geri çəkilmirik, heç bir yumşalma olmur və Ermənistanı sülhə təhrik eləmək lazımdır. Lakin göründü ki, biz nə qədər sərt mövqedə qalırıqsa, Ermənistan da mövqeyini o qədər sərtləşdirir. Ona görə də əgər biz torpaqlarımızı geri qaytarmaq istəyiriksə, Ermənistan cəmiyyətində bu istəyi oyatmaq üçün  göstərməliyik ki, biz sülhə hazırıq. Bundan sonra Qərb, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistana indiki vəziyyətində qalmağa imkan verməyəcək. Onlar maraqlı olacaqlar ki, Ermənistan müəyyən şərtlərlə torpaqların azad olunmasına razı olsun. İlk növbədə xalq razı olmalıdır ki, Ermənistan hakimiyyətinin əlində arqument qalmasın. Əgər biz xalqlarla işləməsək və Ermənistan cəmiyyətini gərginlikdən çıxarmasaq, onda mən inanmıram ki, Ermənistan xalqı bizimlə sülhə razı olsun”.

Etibar SEYİDAĞA

Tarix: 8-02-2019, 09:05
Xəbəri paylaş





Xəbər lenti