Qarabağ danışıqlarında qarşılıqlı güzəştlər nə demək?


Elxan Şahinoğlu: “Azərbaycan vasitəçilərin bu tələbinə razılaşa bilməz”; Məhəmməd Əsədullazadə: “Ermənistana bir qarış da torpaq güzəşt olunmamalıdır”

Ötən ayın ortalarında xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrlərinin baş tutan görüşü hələ də gündəmdədir. Buna səbəb də həmin görüşdə müzakirə edilən məsələlərdir.

Görüşdən sonra Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən tərəfləri qarışıqlı güzəştlərə çağırdılar, eyni zamanda xalqları sülhə hazırlamağın vacibliyindən söz açdılar. Bütün bunlar da haqlı olaraq Azərbaycan ictimaiyyətinin etirazına səbəb oldu ki, hələ də bu etirazlar davam edir. Müzakirələrin əsasını isə qarşılıqlı güzəştlərlə bağlı həmsədrlərin çağırışı təşkil edir. Bu da səbəbsiz deyil. Çünki torpaqları işğal olan tərəf Azərbaycandır, rəsmi Bakı təcavüzə məruz qalan ərazilərini azad etmək üçün ciddi səylə çalışır. Qarışıqlı güzəştlər deyərkən Minsk Qrupu həmsədrlərinin nəyi nəzərdə tutduqları çoxsaylı suallar yaradır.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu burada güzəştlərdən deyil, torpaqların itirilməsindən söhbət gedir: “Azərbaycandan tələb olunan əsas güzəşt odur ki, erməni separatçıları 5 rayonu azad etməyə razılaşarsa, Azərbaycan Dağlıq Qarabağda status müəyyənləşdirən referendumun keçirilməsinə razılaşmalıdır. Bu güzəşt deyil, torpaqların itirilməsi deməkdir. Ona görə də Azərbaycan vasitəçilərin bu tələbinə razılaşa bilməz.

Ä°lgili resim

Referendum tarixinin mümkün sazişə salınması torpaqlarımızın itirilməsinə yol açması deməkdir. Rusiyanın isə əsas şərti bundan ibarətdir ki, 5 rayonun boşaldılması qarşılığında biz Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsinə razılaşaq. Bu da ağır şərtdir və biz buna razılaşa bilmərik. Vaxtilə Dağlıq Qarabağda separatizm məhz orada yerləşən SSRİ və daha sonra Rusiya hərbi bazasının dəstəyi hesabına reallaşmışdı. Ermənilər silahları məhz həmin bazadan əldə etmişlər. Rusiya hərbçilərinin Xocalı soyqırımında iştirakını da unutmamışıq. Bütün bunlardan sonra Azərbaycanın Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsinə razılaşa bilməz.

Bu həftə Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Dünya iqtisadiyyatında Davos Forumunun rolu nədirsə, dünya təhlükəsizlik məsələlərinin müzakirəsində Münhen konfransı o qədər əhəmiyyətlidir. Tədbirə 500 qonaq dəvət olunub. Dünyanın diqqəti 3 gün Münhenə yönələcək. Rusiyanın siyasəti həmişəki kimi əsas müzakirə predmetlərindən biri olacaq. Başqa mövzular da var: Çinin artan imkanları, beynəlxalq terrorzimlə mübarizədə son durum, Transatlantik əməkdaşlığın perspektivi və s. Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri də yayılıb. Bu görüşdən nəticə gözləməyə dəyməz. Birincisi, ona görə ki, vasitəçi Rusiya xarici işlər naziri Sergey Lavrovdursa, məsələ aydındır, status-kvonun tərəfdarlarından biri məhz odur. Digər tərəfdən, son günlər müxtəlif mövzularda Azərbaycan XİN-lə Rusiya XİN-in sözləri çəp gəlir. İkincisi, Ermənistanın indiki hökuməti Dağlıq Qarabağ danışıqlarında yaxasını ”gedin Qarabağ erməniləri ilə razılaşın" sözləri ilə kənara çəkir. Bu yanaşma ilə isə danışıqlarda uzağa getmək olmaz".

MÉhÉmmÉd ÆsÉdullazadÉ ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycan heç bir güzəştə getməməlidir: “Ermənistanla aparılan danışıqlarda xüsusi ilə vasitəçilərdən biri olan Rusiya həqiqətən Azərbaycana güzəştə getməyi təklif edir. Bu güzəşt Laçın dəhlizinin ermənilərə verilməsi, yaxud Qarabağda referendumun keçirilməsi planı var. Təbii ki, bu referendumun keçirilməsi barədə güzəştə gedilməsi Qarabağın itirilməsi deməkdir. Beş, yaxud yeddi rayon əvəzində referendumla Qarabağın Azərbaycandan birdəfəlik alınması planı. Təbii ki, Azərbaycan bu güzəştə qəti gedə bilməz. Bu, Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə qəsddir. Danışıqlarda Rusiyanın planı budur və öz sülhməramlı qüvvələrini Qarabağla azad olunan ərazilər arasında tampon sərhəddə yerləşdirmək. ABŞ isə 7 rayonun qaytarılması Qarabağa aralıq statusunun verilməsini nəzərdə tutur. Qeyd edim ki, yenilənmiş Madrid prinsiplərində referendum çıxarılıb və burada Qarabağın hüququ statusunun təyin olunması qeyd edilir. Azərbaycan danışıqlarda yalnız 7 rayonun qaytarılması və güzəşt olaraq Qarabağa öz tərkibində yüksək muxtariyyəti irəli sürür. Bununla Vaşinqton müəyyən dərəcədə razılaşır. Amma Rusiya isə bu plana qarşıdır. Hazırda ABŞ-ın başlanan vasitəçiliyinin ”Bolton planın" qarşısını Moskva aldı, təşəbbüs yenidən Rusiyanın əlindədir.

Münhendə Rusiya XİN rəhbəri S.Lavrovun iştirakı ilə nazirlərin növbəti görüşü keçiriləcək. Artıq bu görüş əvvəlki xoşməramlı görüşdən fərqli olaraq, İrəvanın mövqe dəyişdirəcəyinin şahidi olacağıq. Qeyd edim ki, bu mövqe dəyişikliyi statusun qorunması və real danışıqlardan yayınmaq, nəticələri olmayan prosesi aparmaqdır. İrəvan tərəfi və Moskva elə şərtlər irəli sürəcək ki, rəsmi Bakı danışıqları dayandırmalıdır. Hesab edirəm ki, Ermənistana bir qarış da torpaq güzəşt olunmamalıdır. Bizim illərdir ki, müharibə aparmamağımız İrəvan üçün ən böyük güzəştdir. Azərbaycan Ermənistanda keçirilən parlament seçkiləri öncəsi Paşinyana güzəşt verdi ki, daxili siyasi sabitliyi möhkəmləndirib, nəticəsi olan danışıqlara başlasın. Göründüyü kimi, Paşinyan istəyinə çatdıqdan sonra Moskvanın təzyiqi ilə, öz hakimiyyətini saxlamaq üçün artıq danışıqlarda elə tələblər irəli sürür ki, Azərbaycanın hərbi yola əl atmaqdan başqa variantı qalmır. Daha əvvəllər danışıqlarda Azərbaycana ciddi təzyiqlər olunub güzəşt barədə, amma aprel döyüşlərindən sonra belə təzyiqlər dayanıb. Yalnız danışıqlarda Qarabağda ermənilərin referendumuna razılıq vermə prinsipi üzrə güzəşt tələbi var. Azərbaycan buna heç bir zaman getməməli və güzəşt yalnız Qarabağa ən yüksək səviyyədə ərazi bütövlüyü çərçivəsində muxtariyyət vermək olmalıdır. Qeyd edim ki, artıq Ermənistanın baş naziri Qarabağ danışıqları barədə fərqli bəyanatlar verir. Bu bəyanatlardan görünür ki, Paşinyan ABŞ-la birgə razılaşmadan, həmçinin Azərbaycanla razılaşmanı pozur. Moskvanın iştirakı ilə danışıqlara razılıq verib".//“Yeni Müsavat”//


Tarix: 13-02-2019, 09:50
Xəbəri paylaş





Xəbər lenti