Münhen görüşü öncəsi Bakıdan İrəvana Qarabağ ismarışı


Sülh şansları hələ tükənməyib, ancaq...; Azərbaycan bahalı silahları yalnız hərbi paradlarda nümayiş etdirmək üçüm almır; politoloqlar: “Rusiyanın məqsədi konflikti çözmək deyil...”

Bu ay Azərbaycan və Ermənistan XİN başçıları arasında növbəti, üçüncü görüş planlaşdırılır. Bu dəfə xarici siyasət idarələrinin rəhbərləri Almaniyanın Münhen şəhərində, ənənəvi və illik Beynəlxalq Təhlükəsizlik Konfransında bir araya gələcəklər. Sonuncu görüş Parisdə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilmiş və 4 saata yaxın sürmüşdü. Verilən bəyanatlara əsasən, həmin görüşdə xalqları sülhə hazırlamağın zəruriliyi haqda razılıq əldə olunub. 

Münhen görüşünün Paris müzakirələrinin davamı olub-olmayacağı bəlli deyil. Bəlli olan odur ki, görüşdən sonra keçən müddətdə rəsmi İrəvan yenə də köhnə “bayatılar” oxumağa başlayıb. Söhbət ilk növbədə baş nazir Nikol Paşinyanın “biz sülh əvəzinə torpaq variantını müzakirə etmirik” destruktiv bəyanatından gedir.

Maraqlıdır, görəsən, işğalçı ölkə torpaq qaytarmaq istəmirsə, o zaman sülhü necə və nəyin qarşılığında təsəvvür edir?

*****

Təbii ki, belə açıqlamalar sülhə olan ən kövrək ümidləri belə basdırır və yüksək səviyyəli görüşləri mənasız edir.  Bununla belə, Azərbaycan tərəfi sülh şanslarının hələ tam itmədiyi qənaətindədir.  

“Bakı 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasında irəliləyiş olacağına ümid edir”. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “The Korea Times”a verdiyi müsahibəsində bildirib. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi bütün platformalarda ən yüksək səviyyədə ifadə olunub. Münaqişə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmalıdır”, - deyə nazir qeyd edib.

Məmmədyarov təəssüflə vurğulayıb ki, illərdir aparılan danışıqlar hələ ki heç bir nəticə verməyib. “Ümumiyyətlə, qeyd etmək istərdim ki, Ermənistanın mövcud rəhbərliyi münaqişənin həlli üçün siyasi iradəni nümayiş etdirməlidir və yaxşı qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq adına fəaliyyət göstərməlidir. Ümid edirik ki, bu il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından müəyyən irəliləyişlər əldə ediləcək. Münaqişənin həllində irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şərait yaratmaqla, ilk növbədə Ermənistanın iqtisadi inkişafı də üçün imkanlar açır” - Məmmədyarov əlavə edib.

*****

Əslində bu, Münhen görüşü ərəfəsində Bakıdan İrəvana yeni bir Qarabağ ismarışıdır. O anlamda ki, rəsmi İrəvan yaranmış kövrək sülh şansını ilk növbədə Ermənistanın iqtisadi inkişafı naminə düzgün qiymətləndirməlidir. Əks halda, bilməlidir ki, atəşkəs rejimi sonsuzadək sürməyəcək və Azərbaycan milyardlar xərcləyib aldığı bahalı silah-sursatı və döyüş sistemlərini yalnız hərbi paradlarda nümayiş etdirmək fikrində deyil. Necə deyərlər, “top” həmişəki kimi düşmən meydanında, seçim onundur: İrəvan sülhü seçərsə, sülh olacaq və Ermənistan, nəhayət, inkişaf yoluna çıxacaq, ya da müharibə qaçılmazdır.

Söz yox ki, Ermənistanın sülhə gəlməsini əngəlləyən həm də mövcud status-kvonu saxlamaq hesabına Azərbaycan və Ermənistan üzərində öz təsirini saxlamaq siyasəti yürüdən Rusiyadır. Yeri gəlmişkən, Münhendə Azərbaycan və Ermənistan XİN başçılarının Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə, üçlü formatda bir araya gələcəyi xəbəri yayılıb. Bu səbəbdən ekspertlər nəticə baxımdan elə də nikbin deyillər.  

“Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri yayılıb. Bu görüşdən nəticə gözləməyə dəyməz”. Bunu politoloq Elxan Şahinoğlu deyib. “Birincisi, ona görə ki, vasitəçi Rusiya xarici işlər naziri Sergey Lavrovdursa, məsələ aydındır, status-kvonun tərəfdarlarından biri məhz odur. Digər tərəfdən, son günlər müxtəlif mövzularda Azərbaycan XİN-lə Rusiya XİN-in sözləri çəp gəlir. İkincisi, Ermənistanın indiki hökuməti Dağlıq Qarabağ danışıqlarında yaxasını ”gedin, Qarabağ erməniləri ilə razılaşın" sözləri ilə kənara çəkir. Bu yanaşma ilə danışıqlarda uzağa getmək olmaz", - deyə o qeyd edib.

“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Münhendə baş tutacaq görüşündən gözləntilər demək olar, yox səviyyəsindədir. Ermənistan rəhbəri Nikol Paşinyanın verdiyi bəyanatlar danışıqlar, o cümlədən hər hansı razılıq üçün heç bir imkan saxlamayıb. Bu baxımdan nə isə gözləmək sadəlövhlük olardı”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Bu sözləri isə teleqraf.com-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, görüşün keçirilməsinin əsas iki məqsədi var: “Birincisi, Rusiya öz mövqeyinin əhəmiyyətini artırmaq üçün bu görüşü təşkil edir. Göründüyü kimi, həmsədr ölkələrdən yalnız Rusiyanın xarici işlər naziri görüşdə iştirak edəcək. Münhen konfransı çərçivəsində Rusiyaya qarşı müxtəlif sahələrdə çoxsaylı iradlar səslənəcəyini istisna etmirəm. Məhz bu iradlar fonunda sülhməramlı fəaliyyətlə məşğul olduqlarına dair görüntü yaratmaq istəyirlər. Bu, Rusiyanın marağındadır”.

Ermənistan və Azərbaycanın maraqlarına gəlincə, keçmiş nazir qeyd edib ki, Nikol Paşinyanın bəyanatı optimist və ya real danışıqlar üçün heç bir imkan yaratmır.

ABŞ-ın Cənubi Qafqaz regionunda aktivliyi şərh edən Tofiq Zülfüqarov bildirib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun bölgənin səfəri və ardınca dövlət rəhbərləri ilə telefon danışığını müəyyən cizgi saymaq olar. “Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşdığına dair hansısa nəticələrə gəlmək çətindir. Vaşinqtonun fəallaşması regiona aiddir, Ermənistan-Azərbaycan konfliktinin vasitəçilik rolu bu fəallığın bir hissəsidir və heç də əsas hissəsi deyil. Ona görə də Boltonun səfərini və telefon zənglərini daha çox Birləşmiş Ştatların regionda fəallaşması ilə bağlayıram. Bu, heç də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar deyil”, - deyə o əlavə edib.

Bu, politoloji rəylərdir. Və əfsus ki, onları nikbin adlandırmaq mümkün deyil. Demək, hərb variantı öz aktuallığını saxlayır...

Siyasət şöbəsi

Tarix: 13-02-2019, 10:58
Xəbəri paylaş





Xəbər lenti