Qərblə dirəşən, Rusiya ilə anlaşan Türkiyə: Güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir...



Türkiyənin Ukrayna və Gürcüstanla xüsusi münasibətləri var. Qərb bu məsələdə Türkiyənin tutduğu mövqeyi alqışlayır. Çünki bu mövqe Rusiyanı pis vəziyyətdə qoyur. O da aydın görünür ki, Türkiyə ABŞ və Rusiya ilə qarşılıqlı münasibətlərdə balanslaşdırılmış siyasətə üstünlük verir. Eyni zamanda, ABŞ və Rusiya arasında olan ziddiyyətlərdən məharətlə yararlanmağa çalışır. Əlbəttə, buna normal baxmaq lazımdır. Çünki bu siyasət Türkiyənin maraqlarının müdafiəsi üçün həyata keçirilir.
Rusiya ilə Ukrayna arasında baş verən son gərginlik zamanı Türkiyə qəti şəkildə Ukraynanın yanında yer aldı. Rəsmi Ankara nümayişkaranə şəkildə Ukrayna prezidenti Vladimir Zelenskini qəbul etdi. Prezident Tayyib Ərdoğan Türkiyənin Ukraynanın ərazi bütövlüyünü tanıdığını vurğuladı. O da sirr deyil ki, Türkiyə Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasına yaşıl ışıq yandırılmasının tərəfdarıdır. Məsələn, Almaniya və Fransa isə buna qarşı çıxır. Çünki Rusiya ilə hərbi qarşıdurma ehtimalından çəkinirlər. ABŞ isə bu məsələdə Türkiyə ilə eyni cəbhədə yer alır.
Türkiyə ilə Ukrayna arasında hərbi sənaye sahəsində də sıx münasibətlər yaranıb. Bu sahədə Ukraynanın təklif edə biləcəyi imkanlar xeyli genişdir. Rəsmi Ankara bu imkanlardan ağıllı şəkildə və maksimum həddə yararlanmağa çalışır. Onu da qeyd edək ki, bu imkan texniki inkişafa can atan Türkiyəyə ciddi üstünlüklər verə bilər.
2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd oldu. ABŞ və Avropa Birliyinin dəstək verdiyi dini lider Fətullah Gülənə bağlı qüvvələr Tayyib Ərdoğanı devirmək üçün silaha əl atdılar.

Türkiyədə qan töküldü. Məhz o vaxt Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidentinə kömək etmək üçün ciddi işlər gördü. AKP iqtidarının taleyinin tükdən asılı olduğu anları isə Qərb sükut içində izləyirdi. Artıq çevrilişə dəstək bəyanatlarının mətni də hazır idi. Qeyd edək ki, ABŞ əvvəllər də dəfələrlə Türkiyədə hərbi çevriliş etmişdi. Ancaq əvvəlkilərdən fərqli olaraq bu dəfəki cəhd uğursuz oldu. Rusiyanın da dəstəyi ilə, Tayyib Ərdoğan imkan vermədi. Bu məsələ Türkiyə ilə Qərb arasında ziddiyyətləri dərinləşdirdi. Müvafiq olaraq Türkiyə ilə Rusiyanı isə yaxınlaşdırdı.
Rusiya ilə Türkiyənin münasibətlərini Qərb analitikləri “rəqabətə söykənən əməkdaşlıq” kimi dəyərləndirirlər. Hər iki ölkə Suriya, Liviya və Cənubi Qafqazda fərqli cəbhələrdə dayanıb. Buna baxmayaraq, qarşılıqlı güzəştlər hesabına öz maraqlarını təmin edirlər.
Ukrayna məsələsində isə qarşılıqlı güzəşt keçərli deyil. Türkiyə həmişə Ukraynanın müstəqilliyini müdafiə edib, Krımın Rusiya tərəfindən ilhaq edilməsini pisləyib.
Donbas məsələsində də Ukraynaya dayaq olub. O da aydın görünür ki, Türkiyənin Ukraynaya dəstəyi Rusiyanın bütün etirazlarına rəğmən getdikcə güclənir. Bu, Türkiyəyə həm də Rusiyaya qarşı əlavə təzyiq rıçaqları verir. Yeri gəlmişkən, Türkiyə Gürcüstan məsələsində də eyni mövqedən çıxış edir.
Türkiyənin Rusiyadan S-400 raket sistemi alması məsələsi Amerika üçün qətiyyən məqbul deyil.

Türkiyə 2017-ci ildə S-400 raketləri ilə bağlı Rusiya ilə müqavilə imzalayıb. Türkiyə ilk NATO ölkəsidir ki, belə bir addım atır. Türkiyənin digər NATO ölkələri ilə də problemləri var. Aralıq dənizində ötən yay enerji qaynaqlarından dolayı yaşanan gərginliklər heç də uzaq keçmişin söhbəti deyil.
Türkiyənin Rusiya ilə ortada olan münasibətləri Qərbi qane etmir. Onlar bu münasibətləri Qərbin dəmir yumruğu olan NATO-nun maraqlarına təhlükə sayırlar. Türkiyə 30 ölkənin yer aldığı NATO-da Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı alınacaq qərara da veto qoyub.
“Kommersant” qəzetinə müsahibəsində Belarusun xarici işlər naziri Vladimir Makei deyir: “Belə mövqe tutduğuna görə biz Türkiyəyə minnətdarıq. Biz bu ölkə ilə son dərəcə yaxın və dost münasibətdəyik”. Təbii ki, Türkiyənin müstəqil siyasəti Qərbin ürəyincə deyil. Ancaq Türkiyə Qərb üçün, xüsusən NATO üçün öz dəyərini yaxşı bilir.
Təsadüfi deyil ki, Tayyib Ərdoğan deyir: “NATO yalnız Türkiyə ilə güclüdür. Ankara olmadan bu ittifaq lazımı həddə güc sahibi olmayacaq”.
Qeyd edək ki, bu ayın 14-də Tayyib Ərdoğanın NATO-nun zirvə görüşündə Co Baydenlə görüşü nəzərdə tutulub. Həmin görüşdən sonra bir çox məsələlərə aydınlıq gələcək.
Rusiya da NATO ilə danışıqlar aparacaq. Ukrayna və Gürcüstanda separatizmə ciddi dəstək verən Rusiya öz sərhədi yaxınlığında NATO qüvvələri görmək belə istəmir. Həm də bunu öz varlığı üçün real təhlükə sayır. Türkiyənin Ukraynaya dəstəyinə rəsmi Moskva rus turistlərin Türkiyəyə gedişinin qarşısını kəsməklə cavab verib. Düzdür, onlar bunu koronavirus təhlükəsiz ilə əsaslanadırırlar. Ancaq hər kəs söhbətin nədən getdiyini yaxşı bilir. 2015-ci ildə Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşəndə də Moskva rusların turist kimi Türkiyəyə getməsinin qarşısına sədd çəkmişdi.
Krım məsələsi ilə bağlı bir nüansı da qeyd edək.

Krıma sahib olduqdan sonra Rusiya Qara dənizi də ələ keçirmək xəyalındadır. Bu isə ABŞ, Avropa Birliyi, NATO və Türkiyənin maraqlarına ziddir. Gözlənilən NATO sammitində Qara dənizlə bağlı məsələlərin də müzakirə olunacağı bəllidir.
Qara dənizlə bağlı daha bir məqam: 1936-cı ildə bağlanmış Montrö boğazlar konvensiyası hazırda qüvvədədir. Həmin konvensiya əsasən Rusiyanın yük gəmiləri Bosfor və Dardanel boğazları üzərindən sərbəst hərəkət edə bilərlər. Ərdoğanın bəzi tərəfdarları bu konvensiyanın ləğv olunmasını müzakirəyə çıxarıblar. Bu müzakirələr Rusiya tərəfindən ciddi əndişə ilə qarşılanıb. Düzdür, AKP iqtidarı belə bir müzakirənin olmasını inkar edib. Ancaq bu da Moskvanın narahatlığına son qoymayıb.
Xatırladaq ki, bu müqavilə SSRİ tərəfindən imzalanıb və narazılıqla qarşılanıb. Çünki SSRİ Qara dənizdə olan hərbi gəmilərini boğazdan keçirmək hüququnu əldə edə bilməyib. Yəni SSRİ-nin hərbi gəmiləri Qara dənizdən Aralıq dənizinə çıxa bilmirdi. İndi də Rusiyanın belə bir hüququ yoxdur.
Türkiyə-Ukrayna məsələsindən danışarkən önəmli bir məqamı da vurğulamaq lazımdır. Amerika prezidenti Co Bayden üçün Ukrayna məsələsi xüsusi əhəmiyyət daşıyır.

Co Bayden oğlu Hunter Bayden ilə
Belə ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Ukraynanın “Burisma” qaz şirkətində çalışıb. “The Washington Post” Hunterin çap etdirdiyi kitaba istinadən yazmışdı ki, o, Ukraynada qazandığı pulu narkotikə və alkoqola xərcləyib. Donald Tramp prezident olarkən gələcək rəqibi Co Baydeni bəri başdan sıradan çıxarmaq üçün Hunter məsələsindən yararlanmaq istədi. Bu məqsədlə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar apardı. Ancaq Vladimir Zelenski Donald Trampın oyununda yer almadı. Alsaydı, böyük ehtimalla Co Bayden narkoman oğlunun ucbatından prezident seçilməyəcəkdi. Ukrayna məsələsində (elə Gürcüstan da) Rusiyaya qarşı dimdik dayanan Türkiyə Co Bayden üçün, bütövlükdə Qərb və NATO üçün xüsusi önəm daşıyır.
Türkiyənin Ukraynaya və Gürcüstana münasibəti real maraqlara söykənir. Öncə Gürcüstanı qeyd edim. Azərbaycandan Türkiyəyə gedən dəmir yolu xətti, qaz və neft boruları həyati əhəmiyyət kəsb edir. Ukrayna məsələsində kırım tatarları amili var. Ancaq tək bu deyil. Son illərdə Türkiyə hərbi dron istehsalında ciddi uğurlar əldə edib. Obrazlı şəkildə desək, dronlar Türkiyə hərbi sənayesinin brilliant qaşıdır. Ancaq Qərb ölkələri dron istehsalı üçün gərəkən texniki komponent və detalları Ankaraya satmaqdan imtina edir. Türkiyə bu boşluğu yerli imkanlar hesabına doldurmağa çalışır. Türkiyə yaxşı bilir ki, Ukraynanın müdafiə sənayesi kifayət qədər yüksək səviyyədədir. Ukraynalı mühəndislər (elə belaruslar da) Türkiyənin hərbi sənayesinin inkişafına ciddi töhfə verə bilərlər. Artıq kiçik ölçülü hərbi gəmilərin və AN-178 yük təyyarəsinin birgə istehsalı ilə bağlı danışıqlar gedir. AN-178 18 ton yükü min km. məsafəyə apara bilir. Bu təyyarə ilə 10 tonluq yükü 4 min km. uzaqlığa da aparmaq mümkündür. 2020-ci ildə isə iki ölkənin birgə turbin mühərrikləri istehsal etməsi ilə bağlı müqavilə bağlanıb. Həmin mühərriklər hərbi aviasiyada da istifadə olunacaq. Məhz həmin dronların hesabına Türkiyə Suriyanın İdlib şəhərində Bəşər Əsədin hərbi birləşmələrini darmadağın etdi. Dağlıq Qarabağda isə bu dronlardan istifadə edən Azərbaycan ermənilərin belini qırdı.
Məlumdur ki, Türkiyə hələ 2019-cü ildə Ukraynaya 6 ədəd "Bayrakdar" dronu satıb. Ukrayna Türkiyədən daha 48 ədəd dron almaq istəyir.

Ukraynaya ciddi dəstək verən Türkiyə haqqında Rusiya mediası yazır ki, əslində Türkiyə Krımı ələ keçirmək istəyir. Elə bu səbəbdən də Ukraynaya dəstək verir.
Qərb mənbələri bildirir ki, Ukrayna Türkiyə ilə olan münasibətlərindən son dərəcə məmnundur. Türkiyə Ukraynaya təkcə siyasi dəstək vermir, həm də bu ölkəyə sərmayə qoyur. Yerli hərbi sənayenin inkişafına kömək edir.
Bəzi analitiklər bildirir ki, Türkiyənin Ukrayna və Gürcüstanla sıx münasibəti ABŞ-ın, bütövlükdə isə Qərbin yenidən Türkiyəyə qucaq açmasına səbəb ola bilər. Vladimir Putin və Tayyib Ərdoğanın Co Baydenlə görüşündən sonra dünyanın geosiyasi mənzərəsinin yenidən dizayn edilməsi qaçılmaz görünür.
Son aylarda Türkiyənin kəşf etdiyi qaz və neft yataqları cəmi 5-6 ildən sonra bu ölkəyə ciddi üstünlüklər verəcək. Gözümüzün qarşısında çağdaş texnologiyaya can atan, böyüyən və təsir dairəsini genişləndirən bir Türkiyə var. Güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir. Biz çiyin-çiyinə dayananda daha güclü oluruq...

Elbəyi HƏSƏNLİ, SÜRİX
Tarix: 6-06-2021, 15:01
Xəbəri paylaş





Xəbər lenti