Medianın İnkişaf Agentliyinin saytlara absurd, ələbaxım şərtləri - “axırda deyəcəklər, papağını da ver,...”


 



Azərbaycanda medianın inkişafı üçün nə zaman hansısa addım atılırsa, mütləq əsas qayəsi müstəqil, tənqidçi mətbuatın azad söz imkanlarını buxovlamaq, jurnalistikanın fəaliyyət dairəsini məhdudlaşdırmaq olub.
KİVDF-nin ləğvi və Vüqar Səfərlinin dörd divarlıq hücrəyə göndərilməsindən sonra bu illər ərzində başıqapazlı, ələbaxımlı edilmiş mətbuatı indi Medianın İnkişaf Agentliyi və onun direktoru Əhməd İsmayılov ağ günə çıxarmalıdır. 
Əvvəlcə vahid vəsiqə ideyası ilə çıxış edən Ə.İsmayılov bu yolla hakimiyyətin mətbuatın bütün olan-qalan qol-qolunu da bağlamaq istəyini dilə gətirirdisə, ardınca onlayn mediaya maliyyə ayrılmasının şərtlərini açıqlamaqla yüzlərlə portalın ümidlərini suya düşürdü. 
Anaxeber.info bildirir ki, MİA-nın açıqladığı kriteriyalara cavab vermək və şərtləri yerinə yetirmək yenə də əvvəldən daimi maliyyəsi, reklamı,  qeyri-rəsmi qaynaqları olan, məmurlardan aldığı pulla işçilərini saxlayan KİV-lər üçün keçərlidir. 
Qurum redaksiyası, avadanlıqları olan, ən azı iki işçisinə ayrı-ayrılıqda aylıq 600 manat maaş ödəyən saytlara maliyyə ayırmağa hazırdır. Bəs buna ölkədə “bir həsir, bir məmmədnəsir” olan saytların özləri hazırdırmı? Bu şərtlər içində ofis və avadanlıq bir yana, iki əməkdaş üçün MİA tərəfindən aylıq 600 manat əmək haqqı müəyyən edilməsi hansı meyarlarla mümkün olub? Hörmətli Əhməd İsmayılov necə qərara gəlib ki, jurnalistin maaşı 500 yox, 700 yox, məhz 600 olmalıdır? 
Əvvəla, həmin maaş bu ölkədə orta aylıq əmək haqqı ilə uzlaşmır. MİA rəhbərliyi iqtisadçılarla məsləhətləşsəydi, yaxşı olardı. İkincisi, elektron KİV-in inkişafını istəyən və bu məqsədlə maliyyə ayıran qurum kimə nə qədər maaş verilməli olduğu öhdəliyi qoymamalıdır, qoya da bilməz, bu, onun səlahiyyətinə aid deyil. MİA tərəfindən 3000 manat maliyyə ayrıldıqdan sonra saytın baş redaktoru əməkdaşına istəsə 600, istəsə 1500 manat verər, bu onun şəxsi işidir. Dünyanın heç yerində qonorarı, maaşı, jurnalistikada əmək haqlarını maliyyəni verən tərəflər müəyyən etmir. Yəni pulu verirsinizsə verin, bürokratik əngəllər, lüzumsuz şərtlər, maliyyəni verdiyi sayta öz dükanı kimi baxmaq heç bir halda düzgün yanaşma deyil. O baxımdan MİA-nın internet mediasına dəstək siyasətində elə ilk mərhələ kökündən yanlış qoyulub. 
Anaxeber.info bildirir ki, əslində MİA rəhbərliyi hər şeydən əvvəl “Media haqqında qanun”un deyil, “Diffamasiya haqqında” qanunun qəbuluna israr etməliydi. Jurnalistlərin fikirlərinə, yazılarına, mövqelərinə görə həbsini önləmək üçün enerji sərf edərdi. 
Haqsız yerə bloklanmış saytların açılması məsələsini qaldırardı. Reklam bazarının sərbəstləşdirilməsinə çalışardı. Hələ sadalana biləcək çox mətləblər daha var. Təkcə reklam bazarının liberallaşdırılması kifayət edir. Ancaq madam ki bu ölkədə mətbuat bir əldən idarə olunur, KİV-in inkişafı da maliyyə ayırmaqda görülür, o zaman şərtlər sadə, əlçatan olmalıdır. Bu imkandan ölkədə əyilməyən, tənqid yazmaqdan çəkinməyən, maddi resursları məhdud olan kateqoriyalı saytlar yararlanmalıdır. 
Əgər MİA bunu etmirsə, deməli, müstəqil deyil. Hədəfi isə medianı saflaşdırmaq, ona gün ağlamaq, onun problemlərini həll etmək, onu düşdüyü bataqlıqdan çıxarmaq deyil, əksinə, direktivə uyğun olaraq, ələbaxan, müti, qul təfəkkürlü, başıqapazlı, itaətkar və kölə yetişdirməkdir. 
Hələ MİA-nın hüquqi və digər öhdəliklərdən əlavə, saytlar qarşısında qoyduğu absurd tələblərdən birinə nəzər yetirməyə ehtiyac var: deməli, aylıq 3 min manat alacaq sayt gündəlik ən azı 20 kütləvi informasiya dərc etməlidir. Deyə bilərsiniz ki, normaldır. Amma söhbət ondan gedir ki, dövlət orqanları  tərəfindən yayılan rəsmi məlumatlar, press-relizlər və informasiya agentliklərinin informasiyaları istisna olunur. Yəni işçinin maaşına, redaksiyanın texniki imkanlarına burun soxan qurum yaradıcı işə də müdaxilə edir. Və ayda 3 min manat verərək, iki müxbiri olan saytdan tələb edir ki, hər gün 20 özəl material hazırlamalıdır. 
Əvvəla, işçi resursunun məhdudluğu baxımdan günə 20 özəl yazı hazırlamaq çox çətindir. Üstəlik, bunun hesabatını da aparmaq mümkün olmayacaq. Və ən əsası xəbər portalının yaradıcı işinə qarışmaq MİA-nın səlahiyyətinə aid olmamalıdır. 
Bu məsələdə də maaşların niyə məhz 600 manat göstərildiyi kimi, sual yaranır ki, nə üçün sırf günə 10-15 yox, 20 özəl informasiya yerləşdirilməlidir? Əhməd İsmayılov və komandası necə araşdırma aparıb, haradan qənaətə gəlib ki, məhz 20 xəbər olmalıdır? 
Bir buna da baxın, MİA tələb edir ki, veb-saytının google analytics hesabına yazılı giriş icazəsi verməliyik. Yəni saytı ipi bu qurumun əlində olacaq, müstəqilliyini itirəcək, hər şeyə MİA nəzarət edəcək. 
Bu dərəcədə boz və Kim Çen İn təfəkküründə yanaşma olarmı? “Axırıncı aşırım” filmində “Kərbəlayı”nın dediyi kimi, axırda deyəcəklər, papağını da ver, namusunu da...
Kəsəsi, suallar çoxdur, absurd nüanslar həddən artıqdır və belə vəziyyətdə müasir dünyada elektron medianın Azərbaycanda inkişaf edəcəyi haqda danışmağa adamın heç dili gəlmir...
Anaxeber.info
Turan
Tarix: 7-06-2021, 11:17
Xəbəri paylaş





Xəbər lenti