“Yumşaq güclə” həyata keçirilən işğal



AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ölkədə 350 rusdilli məktəb var. Niyə, bunun bir əsaslandırması varmı? Bu məktəblər ölkədə yaşayan rusların ehtiyacları üçün nəzərdə tutulmayıb. Çünki, onların şagirdlərinin mütləq əksəriyyəti azərbaycanlılardır.
Bu gün dünyada rus dilinin elə bir önəmi yoxdur, nə elm texnologiya dili deyil, nə də ki, beynəlxalq sahədə geniş ünsiyyət imkanları yaratmır. O halda dövlət büdcəsi hesabına bu qədər rusddili məktəbi saxlamağın məqsədi nədir?
Bu yalnız və yalnız ölkədə Rusiyanın imperial iddalarına xidmət edəcək, milli kimliyi olmayan ruspərəstlər yetişdirmək üçündür. Belə bir antimilli təhsil siyasəti ilə, iqtidar özünün Rusiyaya nə qədər bağlı olduğunu göstərməyə çalışır. Bunun qarşılığında Rusiyanın Azərbaycana münasibətində nəsə müsbət bir dəyişiklik, xoş məram varmı? Rusdilli məktəblərin olmadığı Ermənistana münasibətlə müqayisədə, bu suala birmənalı yox cavabı vermək olar.
Əvəzində isə, rusdilli təhsilin milli şüur və kimliyimizdə yaratdığı deqradasiya və parçalanma, milli bütövlüyümüzə böyük zərbə vurur. Ona görə də Rusiya işğalı bu gün təkcə Qarabağda deyil, həm də təhsilimizdə, gənclərin düşüncələrində həyata keçirilməkdədir. Buna “yumşaq güclə” həyata keçirilən işğal deyilir.
Biz qətiyyən hər hansı dilin öyrənilməsinə qarşı deyilik, o cümlədən də rus dilinin. Bu dili də istəyən şəxs digər dillər kimi kurslara gedib fərdi şəkildə öyrənə bilər. Bu səbəbdən də rus dilinə xüsusi status tanınmasına gərək yoxdur. Heç bir zərurət olmadan yüzlərlə rusdilli məktəbin saxlanılmasının doğru olmadığı və hətta yuxarıda dediyimiz səbəblərdən dolayı zərərli olması qənaətindəyik.
Xalq olaraq Rusiyanın Qarabağda hərbi güc yerləşdirməsinə necə qarşıyıqsa, eləcə rusdilli məktəblərə də qarşı olub, onları kütləvi baykot etməyimiz gərəkdir.
Tarix: 7-06-2021, 21:28
Xəbəri paylaş





Xəbər lenti