Millət vəkili Əminə Ağazadənin ATƏT PA Böyük Britaniyadakı toplantısındakı çıxışı: "Azərbaycan ərazilərinin otuz ilə yaxın müddət ərzində işğalı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi şəkildə pozulması faktı idi.
“Dağlıq Qarabağ” Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurum idi. Bu qurumun bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınması rədd edilmişdir. Bu, son nəticədə Azərbaycana qarşı təcavüzün, etnik təmizləmənin və irqi ayrı-seçkiliyin məhsulu və beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin kobud şəkildə pozulması faktı idi.
Hazırda Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarından ibarət təxribat xarakterli ritorikasını davam etdirir. O, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi üçün “status” ideyasını təbliğ edir.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın imzalanması ilə Ermənistan və Azərbaycan arasında təxminən üç onillik davam edən silahlı münaqişəyə son qoyuldu. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, beynəlxalq hüquq və ədalətin tələb etdiyi çoxdan gecikmiş bir reallıq idi.
Azərbaycan yüz minlərlə məcburi köçkünün təhlükəsiz şəraitdə öz doğma yerlərinə qayıtması və münaqişədən zərər çəkmiş ərazilərdə dinc yanaşı yaşamasını bərpa etmək məqsədi ilə reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub.
İnsan hüquqları məsələsinə gəldikdə, insan hüquqlarına və əsas azadlıqlara hörmət, konstitusiya və hüquqi çərçivədə cəmiyyətlərdə bərabər və ayrı-seçkisiz əsaslarla təmin edilməlidir. Bunu ATƏT-in ümumi prinsipləri və öhdəlikləri tələb edir.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir.Burada onlarla etnik, dini, linqvistik qruplar əsrlər boyu heç bir ayrı-seçkilik olmadan yan-yana yaşayıblar. Azərbaycanın bu qürurverici tarixi erməni etnik azlığına mənsub şəxslərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiya olacaqlarına ən yaxşı təminat verir.
Erməni məhbuslarla bağlı məsələyə gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra bütün erməni hərbi əsirləri azad edib. Azərbaycanın nəzarətində qalan həmin erməni məhbuslar üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın təxribat törətmək məqsədilə qanunsuz olaraq Azərbaycan ərazisinə keçirdikləri şəxslərdir. Onlar Azərbaycanın cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.
Hazırda münaqişədən sonrakı reallıqlar Ermənistanın mifologiyadan və irqçi qərəzlərdən qurtulmasına yol açır. Beynəlxalq hüquq normalarına riayət edilməsi və dövlətlərarası münasibətlərin qurulması Ermənistanın cəhd etməli olduğu əsas istiqamətlər olmalıdır.
Bu həqiqətdir ki, münaqişə siyasi-hərbi yolla həll olunub. Bu, reallıqdır. Lakin bu, Ermənistanın son otuz il ərzində danışıqlardan imtina etməsi və beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum qətnamələrini Ermənistan tərəfindən kobud şəkildə pozması ilə bağlıdır. Burada yeganə məqsəd ərazilərin işğalını möhkəmləndirmək və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq olmuşdur. Bu baxımdan münaqişə həll olduqdan sonra Ermənistanın münaqişənin həllinə istinad etməsi yersizdir və reallıqdan kənardır.
Moderator.az
Tarix: 6-07-2022, 09:06