Qazaxıstan və Rusiya arasında gərginlik artır.Hər iki ölkənin münasibətlərində yaranmış ziddiyyət bir-birinə qarşı sanksiyalaşdırıcı qərarların tətbiqi ilə müşahidə olunur. Rusiyanın öz ərazisindən Qazaxıstan neftinin nəqlini dayandırmasından sonra rəsmi Nursultanın atdığı cavab addımları qarşıdurmaya səbəb olub. Bu isə Rusiya və Qazaxıstan arasında həm ikitərəfli, həm də Avrasiya İqtisadi Birliyi daxilində mövcud olan iqtisadi və siyasi müttəfiqliyə son qoya bilər.
Qeyd edək ki, iyulun 5-də Rusiya məhkəməsi Qazaxıstan neftinin 80 faizini ixrac edən Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini 30 gün müddətinə dayandırmaq qərarına gəlib. Səbəb neftin ekoloji standartlara cavab verməməsi ilə izah edilsə də, ekspertlər bu qərarın siyasi məzmun daşığıdını hesab edirlər.
Belə ki, Prezident Qasım- Jomart Tokayev Ukraynanın şərqindəki separatçı birləşmələrin "müstəqiiliyi"ni tanımadığına görə Rusiya hakimiyyətinin Qazaxıstandan qisas almaq istədiyi bildirlir. Xəzər Boru Kəməri Konsorsimundan məhrum edilən Qazaxıstan alternativ marşrutlar axtarmağa başlayıb.
Xatırladaq ki, Qazaxıstan "Tengiz", "Kaşaqan" və "Qaraçaqanak" yataqlarında hasil edilən neftin 80 faizini XBKK vasitəsilə Novorossisyk limanına nəql edir.
Ancaq qərar əslində, siyasi səbəblərlə bağlı olduğundan məhkəmənin qoyulan müddəti uzatmayacağına zəmanət yoxdur. Ona görə də Rusiyanın tətbiq etdiyi qadağa Prezident Vladimir Putinin Qazaxıstanı cəzalandırması kimi şərh edilir.
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin son addımları isə onun Rusiyanın təzyiqləri qarşısında geri çəkilmədiyini və Kremldən asılılığı azaltmaq üçün alternativ variantlara əl atdığını göstərir. Bütün bunlar da öz növbəsində, Qazaxıstanın Rusiyanın siyasi orbitindən uzaqlaşmaq istiqamətində fəallaşması ilə müşayət olunur.
Nəticədə, Rusiya və Qazaxııstan arasındakı müttəfiqlik münasibətləri tədricən gərginliklə əvəz olunur. Hər iki tərəfin bir-birinə qarşı atdığı addımlar bunu təsdiq edir. Rusiyanın qərarını Qazaxıstan iqtisadiyyatına zərbə kimi qiymətləndirən qazax iqtisadçı Almas Çukin bunun iki ölkə arasında siyasi qarşıdurma ilə nəticələnəcəyini istisna etmir.
Onun sözlərinə görə, Qazaxıstan da Rusiyaya qarşı iqtisadi embarqolar tətbiq edə bilər:
"Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük, KTMT-nin bir hissəsiyik. Biz bir vaxtlar Qafqaza və ya başqa istiqamətə nəqliyyat marşrutu çəkə bilərdik. Amma biz Rusiyaya inandıq. İndi boru kəmərindən silah kimi istifadə edirlər. Axı biz də problem yarada bilərik, məsələn, dəmir yolunda. Onda Rusiya bütün malları Çinə Xabarovskdan, Uzaq Şərqdən keçirməli olacaq. Yaxşı qonşu bunu etməz. Bir-birinizə problem yaratmaq yaxşı heç nəyə gətirib çıxarmayacaq". Ekspert hesab edir ki, Qazaxıstan hakimiyyəti təkcə Rusiyaya arxalanmamalı, neftin nəqli üçün başqa istiqamətlər axtarmalı və Moskva ilə ciddi siyasi söhbət etməlidir.
Mərkəzi Asiya üzrə ekspert Bryus Panniyerin fikrincə, Qazaxıstanın bu həcmdə nefti Xəzər dənizi ilə daşımaq üçün kifayət qədər neft tankerləri yoxdur. Azərbaycan isə bu həcmdə nefti qəbul edib ixrac etmək imkanına malik deyil:
"Azərbaycan təbii ki, əvvəlcə öz neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac etmək, daha sonra isə Qazaxıstan üçün həcmləri təmin etmək istəyir. Qazaxıstan İrana göndərdiyi həcmləri artıra bilər, amma yenə də neft tankerlərində problem var. Beləliklə, Qazaxıstan XBKK neft kəmərinin istifadəsindən tamamilə imtina edə bilməz. Əks halda yeni boru kəmərləri tikilənə və ya daha çox neft tankeri alınana qədər Qazaxıstan neftinin ixracı azalacaq". Rusiya Prezidentini isə Qazaxıstanın Ukraynadakı müharibə ilə bağlı siyasi mövqeyi maraqlandırır.
Yəni Kreml təzyiqlər qarşısında Prezident Tokayevin Rusiya ilə iqtisadi əlaqələrdə Qərbin sanksiyalarının tələblərini nəzərə alması, eyni zamanda Donetsk və Luqanskdakı separatçı rejimləri tanımamaq barədə mövqeyini dəyişəcəyinə ümid edir. Lakin Tokayev qondarma DXR və LXR kimi qurumların yalnız Ukraynanın deyil, həm də Qazaxıstanın ərazi bütövlüyü üçün böyük təhlükə olduğunu yaxşı anlayır. Ukraynadakı separatçı rejimlərin de-yure tanınması perspektivdə Qazaxıstanın şimalında rus icmasının öz müstəqilliyini elan etməsi və ya Rusiyaya birləşmək barədə qərar çıxartması üçün presedent yarada bilər. Bu isə Rusiyanın Krımda və Donbasda həyata keçirdiyi ssenarini Qazaxıstanda təkrarlaması deməkdir. Qazaxıstanın rus separatizmi hesabına parçalanması proseslərin Özbəkistanın Qaraqalpaqstan Muxtar Respublikasına transferini qaçılmaz edəcək. Ona görə də bir sıra müşahidəçilər iyulun 1-də Qaraqalpaqstanın paytaxtı Nukusda etiraz aksiyalarının silah gücünə yatırılmasını rəsmi Daşkəndin əslində, Rusiyaya ünvanlanmış mesajı hesab edir. Yəni Prezident Mirziyoyev Kremlə Donbasdakı planlarını Qaraqalpaqstanda həyata keçirməyə çalışsa, ordunun müqaviməti ilə qarşılaşacağına işarə edir. Ona görə də Qazaxıstan Prezidentinin neftin ixracına razılıq almaq üçün Donetskdəki və Luqanskdakı qondarma rejimlərin müstəqilliyini tanıyacağı inandırıcı görünmür.
Tokayev daha çox Rusiyaya qarşı Qərbi məmnun edən və Çinin bölgədəki mövqeyini gücləndirən adekvat cavab tədbirləri verməklə Moskvanı güzəştə vadar etmək taktikasından istifadə edir.
Məsələn, iyulun 5-də Novorossiysk məhkəməsi neftin ixracının oktyabrın 1-ə qədər dayandırılması haqda qərar çıxartdıqdan bir gün sonra, yəni iyulun 6-da Qazaxıstan Maliyyə Nazirliyi Rusiya Federasiyasına və Belarusa ixracatı qadağan edən ölkələrdə istehsal olunmuş malların və yüklərin elektron qaimə-fakturalarını təsdiqləməyəcəyini bildirib. Belə sənədlər olmadan malların ixracı mümkün olmayacaq. Tədarükünə qadağa qoyulmuş mal və məhsulların adları hələlik açıqlanmasa da bu, Qazaxıstanın dolayısı ilə sanksiyalara qoşulması deməkdir.
Bunun ardınca Qazaxıstanın Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Valyuta Komitəsi haqqında 1995-ci il sazişindən çıxması Rusiyaya növbəti cavabı kimi şərh edilir. Görünür, gəsmi Nursultan Rusiya ilə ödəniş-kredit münasibətlərinə və valyuta siyasətinə yeni əsaslarla baxacaq.
Qazaxıstanın Rusiya ilə iqtisadi əlaqələrində baş verən dəyişikliklər və gərginliyin artması Avrasiya İqtisadi Birliyi daxilində müttəfilqliyi sarsıda bilər. Çünki Qazaxstanın və Rusiyanın maraqları son zamanlar yalnız iqtisadi müstəvidə deyil, əslində daha çox geosiyasi kontekstdə toqquşur. Bu baxımdan, Qazaxıstanın geosiyasi və geoiqtisadi proseslərdə Çin, Türkiyə və Qərblə yaxınlaşması müşahidə olunur. Rusiyanın Ukraynadakı müharibədə siyasi dalana düşməsi fonunda Çinin Mərkəzi Asiyada və Qazaxıstanda fəallığı artmağa başlayıb. Siyasi karyerasının böyük hissəsi diplomat kimi Pekində formalaşan Tokayev özü Çin elitasına yaxın şəxs hesab olunur.
Eyni zamanda, Tokayevin aprel ayında Ankaraya səfərindən sonra Qazaxıstanın Türkiyə ilə münasibətlərində post-Nazarbayev dövründə yaranmış "soyuqluq" irəliləyişlə əvəz edilib.
Tokayevin Ukrayna məsələsində Putini qəzəbləndirən açıqlamaları, Rusiyadan yan keçməklə Avropa bazarlarına alternativ enerji marşrutları axtarması Nur-Sultanda Qərblə əməkdaşlığın dərinləşməsinə marağın artdığını əks etdirən mesajlardır. Ümumilikdə isə Qazaxıstanın Rusiyadan uzaqlaşaraq çoxqütblü xarici siyasət kursuna üstünlük verdiyini görmək olar. Rusiya ilə münasibətlərin gələcəyi şübhəsiz ki, Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq. Hazırda Rusiyanın müharibə zonasında ağır hərbi itkiləri və üzləşdiyi beynəlxalq sanksiyalar fonunda Qazaxıstan Kremllə məsafə saxlamağa üstünlük verir. Rusiya ABŞ və NATO-ya məğlub olub Ukrayna ərazisini tərk edəcəyi təqdirdə, Qazaxıstan üzərindəki geosiyasi təsirini də itirəcək. Bu da Qazaxıstanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı üzvlüyündən çıxmasına səbəb olacaq.
Hətta Ukraynadakı müharibənin yekununu gözləmədən Prezident Tokayevin AİB-dən çıxmağa hazırlaşdığına dair məlumatlar və proqnozlar artır. Ukraynada müharibə başladıqdan sonra AİB fəaliyyətsiz quruma çevrilib. Əksinə, Rusiya ilə iqtisadi və siyasi müttəfiqlik üzv ölkələrə problem yaradır. Ona görə də Qazaxıstan Rusiya ilə iqtisadi münasibətlərə yeni formatda baxmağa çalışır. Digər ehtimala gəlincə, Rusiya müharibədə tam qalib gəlmək şansını itirib və daha çox "B planı"nı həyata keçirməyə, yəni Şərqi Ukraynanı işğalda saxlamağa çalışır. Kreml məqsədinə çatarsa, yalnız o halda Qazaxıstan Rusiyanın Donbasla bağlı şərtlərini qəbul etmək məcburiyyətində qala bilər.
Tarix: 9-07-2022, 22:55