"Rusiyada istila edilən 60 xalq var, onların üsyanını təşkil etmək lazımdır..."
"Aqressiv Kreml rejimi ilə məsələni kökündən həll etmək lazımdır...""Ukrayna bu müharibəni hətta udacağı təqdirdə beş-on ildən sonra yeni Putin peyda olacaq..." Lex Valensa Rusiyanı parçalamağı və əhalisini 50 milyonadək azaltmağı təklif edir Polşanın sabiq prezidenti, Nobel sülh mükafatı laureatı Lex Valensa dünyanın təhlükəsizliyini "Rusiyanın istila etdiyi xalqların üsyanının təşkil edilməsi" vasitəsilə təmin etməyi təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə o, Fransanın LCI telekanalına verdiyi müsahibəsində bəyan edib.
Lex Valensa məşhur Polşa dissidenti və sovet hakimiyyətinə qarşı mübariz olub, "Həmrəylik" hərəkatını təsis edib.
O, "Rusiyanı azad etməyə", vaxtilə ələ keçirdiklərini geri qaytarmağa, beləliklə də Rusiyanın özündə 50 milyondan çox olmayan insanın qalmasına çağırış edib.
Valensa xatırladıb ki, hazırda Rusiyada "indi ukraynalılar kimi istila edilən 60 xalq var".
Bununla əlaqədar olaraq o, Qərbə ya Rusiyada siyasi quruluşu dəyişməyi, ya da "bu xalqların üsyanını təşkil etməyi" təklif edir.
Əks halda 78 yaşlı Polşa siyasətçisi hazırkı səylərin praktiki olaraq mənasız olduğunu güman edir.
"Hətta Ukrayna bu müharibəni udarsa belə, beş ildən sonra eyni şeylər olacaq, on ildən sonra biz yeni Putinin peyda olmasını görəcəyik", - Valensa izah edib.
O, əlavə edib ki, aqressiv Kreml rejimi ilə məsələni kökündən həll etmək lazımdır.
Tarix: 11-07-2022, 08:23