Azərbaycanda 5 ay içində hökumətin tam tərkibdə istefaya göndəriləcəyi gözlənilir. Siam.az xəbər verir ki, bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.Həmin məlumata əsasən yeni hökumətin qurulması yanvarın ortalarına təsadüf edəcək. Yeni komandada isə köhnələrdən çox az sayda nazirin qalacağı iddia edilir.
Bildirilir ki, yeni hökumətin qurulması zamanı yararlanacaq əsas kadrlar xaricdə təhsil almış tələbələr olacaqlar. Belə ki, Avropa və Amerikada təhsil almış gənc nəslin nümayəndələrinə vəzifələr veriləcək.
Məlumatda maraqlı məqamlardan biri odur ki, yeni komandanı formalaşdırmaq iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə edilməyəcək. Halbuki hazırda fəaliyyət göstərən komandanın böyük əksəriyyətinin məhz Cabbarovun kadrları olduğu deyilir.
Mənbə güc strukturlarına toxunulmayacağını da bildirib. O deyib ki, yalnız müdafiə naziri Zakir Həsənov başqa bir şəxslə əvəzlənəcək.
Hakimiyyətin hökuməti istefaya göndərməsinin konkret səbəbləri məlum deyil. Mənbə iddia edir ki, prezident bir çox nazirlərin fəaliyyətindən narazıdır və bu səbəbdən də əsaslı dəyişikliyə getməyi məqbul hesab edib.
Qeyd edək ki, hazırda ölkədə durum yaxşı deyil. Ciddi sosial və iqtisadi problemlər var. Bahalaşma fonunda əhalinin gəlirlərinin azalması, ərzaq məhsullarına əlçatanlığın səviyyəsinin aşağı düşməsi, habelə qazi və müharibə vetereranları ilə bağlı problemlər hakimiyyətin başağrısına çevrilməyə başlayıb. Payızdadaha qlobal problem olan ərzaq qıtlığı məsələsi isə hökumətin özü tərəfindən etiraf edilib. O zaman hökumətin payıza hazırlıq səviyyəsi də əhəmiyyət daşıyacaq.
Lakin gedişat onu göstərir ki, faktiki komanda olduqca bacarıqsızdır. Üstəlik, mövcud narazılığın yaranmasında da böyük rol oynayır. Məsələn, Nazirlər Kabinetinin bir çox qərarlarının əhalinin rifahını deyil, ayrı-ayrı monopolistlərin işinə yaraması, Sahil Babayevin pensiyaçılar və qazilərə göstərdiyi yanlış münasibət fonunda böyük bir kütlənin narazı düşməsi, habelə əmlak, iqtisadiyyat sahələrində də istənilən nəticənin əldə olunmaması, o cümlədən məmur özbaşınalığının pik həddə çatması sosial partlayış üçün əsaslı zəmin hazırlayır.
Şübhəsiz hakimiyyət dairələri bunları görməmiş deyil. Ehtimal etmək olar ki, yeni hökumət qurmaq da bu zərurətdən irəli gəlir. Çünki hadisələrin indiki şəkildə dinamikası hazırkı hakimiyyəti ciddi risk altına alır və onun devrilməsini tezləşdirən faktor kimi çıxış edir. Bunun qarşısını almaq üçün zorakı vasitələrdən istifadə isə müəyyən mərhələdən sonra heç bir işə yaramaya bilər. Ona görə ki, meydanlara böyük kütlələrin çıxması fonunda heç bir güc strukturu bunun qarşısını almaq iqtidarına olmayacaq. Ən azından, 2019-cu ilin 19 yanvar aksiyası da təsdiqlədi ki, 100-150 minlik mitinqlər indiki hakimiyyətin getməsinə kifayət edəcək.
Tarix: 12-07-2022, 18:06