Vətəndaşlara qənim kəsilən icra başçılarından şikayətlərin ardı-arası kəsilmir. Onların vətəndaşlarla görüşlərinə belə xüsusi seçilmiş adamlar buraxılır.
İcra hakimiyyətləri vətəndaşa özünə qəsd etməkdən başqa çıxış yolu qoymurlar. Bir sözlə icra hakimiyyəti institutu özünü doğrultmur.
Xatırladaq ki, 2 ay əvvəl ölkə başçısı İlham Əliyev də bu institutun özünü doğrultmadığını və fəaliyyətinə xitam verilməli olduğunu bəyan etmişdi. Prezident ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı söyləmişdi ki, yeni idarəçilik modeli sınaqdan keçirilir. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb:
“10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib”, - deyən İlham Əliyev regionlarda dövlət idarəçiliyini təkmilləşdirməyin mümkünlüyünü vurğulamışdı.
Son neqativlərdən sonra sözügedən məsələ daha da aktullaşıb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fəzail Ağamalının fikrincə, icra hakimiyyətlərinin ləğvindən çox onların daha çevik və səlahiyyətli quruma çevrilməsi vacibdir.
“Mən bu məsələ ilə bağlı zaman-zaman fikrimi bildirmişəm ki, rayon strukturu özünü ifadə etmir. Gələcəkdə ola bilsin ki, icra hakimiyyətlərinin üzərində islahatlar aparılacaq. Bunun üçün referendum keçirilməlidir. Bu da gündəlikdə dayanmır. Yəqin ki, daha çevik bir qurumun yaradılmasına ehtiyac olacaq”.
Deputat əlavə edib ki, rayonlarda müəyyən neqativlər olsa da, icra hakimiyyətləri idarəetmənin vacib strukturu kimi neçə illərdir ki, ölkə quruculuğunda fəaliyyətini göstərir:
“Son vaxtlar onların fəaliyyətində özünü ifadə edən korrupsiya, rüşvətxorluq və bir sıra neqativ halları bütövlükdə Azərbaycanın idarəçilik sisteminə tətbiq etmək ədalətli deyil. Bu nöqsanların bütün rayonlara şamil edilməsi də doğru olmazdı.
İcra strukturlarında dövlətinə, xalqına vicdanla və sədaqətlə xidmət edən çox sayda məmurlarımız var. Gəlin onların da əməyini yerə vurmayaq. Ancaq bütövlükdə rayon icra strukturları zamanını itirmiş və artıq özünü doğrultmayan idarəçilik qurumudur. Ola bilsin ki, gələcəkdə bu idarəçilik problemlərin həllini daha çevik yoluna qoyan və güc tapan səlahiyyətli quruma çevriləcək. Uzun müddətdir ki, bu məsələ mətbuat səhifələrində müzakirə olunmaqdadır və bu gün də aktualdır”, -deyə Fəzail Ağamalı qeyd edib.