Avropa İttifaqı Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycanla şərtsiz qaz idxalı müqaviləsi imzalamağa hazırlaşır. “Euobserver” portalı saziş layihəsi haqqında maraqlı məlumat yayıb.
Avropa Ittifaqının yaxın günlərdə Rusiya neftinə tam embarqo qoymaq planı da var. Almaniyanın “Bild” qəzetinin məlumatına əsasən, Avropa Birliyinin enerji təhcizatında əsas müttəfiqi Azərbaycan ola bilər.Saziş layihəsində Aİ-Azərbaycan “strateji tərəfdaşlığı”ndan söhbət gedir. Euobserverin məlumatına görə, saziş “Xəzər təbii qazının Avropa İttifaqına və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasının diversifikasiyanı (Maliyyədə şaxələndirmə, kapitalın hər hansı bir aktiv və ya riskə məruz qalma səviyyəsini azaldacaq şəkildə bölüşdürmə prosesi) gücləndirməyi” nəzərdə tutur.
Avropa İttifaqı 2027-ci ilə qədər “ikitərəfli təbii qaz ticarətini genişləndirməyi, hər il ən azı 20 milyard kubmetr qaz almağı” planlaşdırır. Payızda Avropa ölkələrində qazın qiymətinin 3 dəfədən çox bahalaşacağı proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycanla tərəfdaşlıq Avropanı qış aylarında donmaq təhlükəsundən qurtara bilər.
Saziş “Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayələrin yatırılmasını” nəzərdə tutur.
Cənub Qaz Dəhlizi Xəzər dənizindən Türkiyə üzərindən cənub-şərqi Avropaya gedən boru kəmərləri məcmusudur. Cənubi və Mərkəzi Avropa ölkələrini birləşdirəcək qaz boru kəmərlərinin tikintisi Avropa İttifaqı üçün həyati əhımiyyət daşıyır.
Sazişdə hələlik hər hansı investisiya rəqəmi göstərilməsə də, Bakıda baş tutacaq danışıqlarda bu rəqəmin müəyyənləşməsi ehtimalı böyükdür.
Aİ rəsmiləri sazişin nə vaxt imzalanacağını söyləməkdən imtina ediblər. “Euoobserver” portalının məlumatına əsasən, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bu ayın sonunda Bakıya səfər edəcək və hər iki tərəfin rəsmiləri gələn çərşənbə axşamı (19 iyul) Brüsseldə danışıqlar aparacaqlar”.
Bundan sonra mütəmadi olaraq “mütəxəssislər və nazirlər səviyyəsində görüşlərin” keçiriləcəyi məlumatda qeyd deyilir. Avropa İttifaqının “sabit”, “təhlükəsiz” və “proqnozlaşdırıla bilən” qaz təchizatına ehtiyac duyduğu aydın görünür.
Layihədə regional sabitliyə, o cümlədən Azərbaycanın “ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, bir-birinin müstəqilliyinə, suverenliyinə, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərə hörmət və dəstək” ifadəsinin yer aldığı bildirilir.
Qaz tədarükünü artırmaq üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edən Avropa rəsmiləri Zəngəzur dəhlizinin tez bir zamanda işə düşməsinə dəstək verəcəklər.
Saziş layihəsində Zəngəzur dəhlizinə dəstəklə bərabər Aİ ilə Azərbaycan arasında, o cümlədən Qara dəniz və Naxçıvan Muxtar Respublikası vasitəsilə elektrik enerjisi əlaqələrinin inkişafı” nəzərdə tutulur.
Layihənin əsas məqsədinin təbii qaz toplanmasının stimullaşdırılması ilə yanaşı cənub-şərqi Avropa ilə Qərbi Avropanın enerji və kommunikasiya bağlarını möhkəmləndirməkdən ibarətdir.
Zəngəzur dəhlizi ifadəsi Ermənistan hökumətinin xoşuna gəlməsə də artıq Avropa Birliyi bu ifadəni qəbul edir və rəsmi sənədlərdə dəhlizin adı keçir. Avropalı iqtisadçılar tərəfindən “geo-iqtisadi inqilab” adlandırılan Zəngəzur dəhlizi Avropanın ucqarları ilə mərkəzini birləşdirəcək ən ideal variant sayılır.
Aralıq dənizini Qırmızı dənizə birləşdirən, Afrika və Asiyanı ayıran Süveyş kanalı ilə müqayisə edilən Zəngəzur dəhlizi Çinlə Avropanı birlışdirəcək ən qısa və sərfəli nəqliyyat yolu sayılır.
İmzalanacaq saziş Aİ sərmayələrinin miqdarını və gələcək ikitərəfli münasibətlərin gündəliyini müəyyən etməklə yanaşı Azərbaycana Avropada əlavə dividendlər gətirə bilər. Diplomatiyamızın uğuru diaspora fəaliyyətinə ciddi dəstək verməklə yanaşı, mətbuat və təbliğat sahəsində əlaqələrin genişlənməsinə imkan yarada bilər.
Bir çox Avropa ölkələrinin rəsmi kütləvi informasiya vasitələrində Xankəndinin “Stepanakert” adlandırılması bu günə qədər davam edir.
Məlumdur ki, erməni lobbisi heç bir iqtisadi üstünlük olmadan Avropa mediasına çıxa bilir, ancaq Azərbaycan diasporunun belə imkanları yoxdur. Çünki ermənilərin onlarla internet resursları, forum və portalları var.
Avropa İttifaqı ilə əlaqələrin güclənməsi diasporamızın da intellektual səviyyəyə qaldırılmasına münbit şərait yarada bilər.
Elxan HƏSƏNLİ
Tarix: 15-07-2022, 22:54