"Sabah üçüncü müharibə başlarsa, onlar yenə qaçacaqlar, Vətənə canları yansaydı..."


QAZİ QARDAŞIM, ÖZÜNƏ QƏSD ETMƏ, SƏN BU VƏTƏNİN FƏRQLİ BİR ÖVLADISAN...     
Hökumətimiz açıqlama verməsə də, indiyə qədər 36 qazinin intihar etməsi faktdır və bu acınacaqlı vəziyyəti inkar etmək olmaz. Az deyil, əlbəttə ki... Neçə gün əvvəl Elvin Cəfərov adlı qazimizi itirdik. Arxasınca Xaçmazdan olan Vətən Müharibəsi iştirakçısının intihar cəhdinin qarşısının alınması barədə xəbər yayıldı. Onların hər biri bu torpağa, bu vətənə görə düşmənlə döyüşə yola düşmüşdülər. Gedənlərin hamısı da fəhlə-kasıb balaları idi. Bu qəhrəmanları xalqa tanıtmaq, şücaətləri barədə nümunəvi təbliğat işi aparmaq əvəzinə onların səsini qulaqardına vurur, şikayət və tələblərini eşitmək istəmirik. Bəli, itki az deyil: 36 igid 36 ailə başçısı deməkdir. Qazi özünü yandırır, həyatına qəsd edir, lakin bu faciənin hüquqi məsuliyyətini kimin daşıdığı aydınlaşmır... Yaxşı, bunun biri-ikisi müharibədə aldığı ağır kontuziya səbəbindən ölümü seçsin, yaxud biri-iksi qazi titulundan sui-istifadə edərək haqsız tələblərə əl atsın, sonucda təhqirlərə məruz qaldığına dözməyib özünə qəsd etsin, daha 36-da yox ki!!! 
 
Kimdir günahkar, kimdir qazini bu həddə çatdıran!? Vallahi, mücərrəd sual vermirəm. Axı var bu cür laqeyd, bivec məmurlar, onlar sanki ya qəsdən, ya da ki,  hadisənin mahiyyətini dərk edə bilmədiklərindən ürəklərindən asılmış daşın təsirindən sadəcə xilas olmağı bacarmırlar. Üçüncü mülahizəni arasam da tapa bilmədim. Ki, onu da bir səbəb kimi   süzgəcdən keçirək. Mən heç də bu cür  həssas məsələ ilə əlaqədar bütün dövlət məmurlarını bir mazutlu qazanın içinə atıb hamısını damğalamağı düzgün saymıram. Ancaq gəlin razılaşaq ki, bu məsələdə bütünlüklə dövlət məmurlarına haqq qazandırmaq olduqca çətindir. Tam əminliklə söyləyə bilərəm ki, Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən  bütün əsgər və zabitlərimizin imkan daxilində qayğı və ehtiyaclarının yerinə yetirilməsi məsələsi dövlət rəhbərliyinin, şəxsən prezident İlham Əliyevin ciddi diqqət mərkəzində dayanır. Qazi olmaq, vətən uğrunda igidlik nümayiş etdirmək hər kəsin işi deyil. Bəzi icra başçıları isə təxribatçılıqla məşğuldur. Guya dövlət bu sahədə mövcud problemlərin aradan qaldırlmasında büdcədən lazımi vəsait ayırmadığına görə bu cür çətinliklər yaranır. Əlbəttə, bu təxribatı açıq şəkildə yox, ayrı-ayrı adamlar vasitəsi ilə camaat içərisində mütəmadi aparırlar.
 
Təhlükəni özlərindən uzaqlaşdırmaq naminə belə alçaqcasına işlərlə məşğul olanlar bir-iki rayonu yox, bir neçə rayonu əhatə edir.   Qazilərimizin dəyəri  təəssüflər ki, bəzi məmurların nəzərində istənilən əhəmiyyəti vermir. Bu, birmənalı belədir və bununla razılaşmamağın özü riyakarlığın gizli göstəricisi kimi diqqətdən uzun müddətə üstüörtülü qala bilməz. Onlar üçün ailə üzvlərinin, nəvə-nəticələrinin gələcək həyat tərzinin daha gözəl, daha yaraşıqlı və daha təmtəraqlı olması hər şeydən öndə gəlir. Ona görə də hər pis işə gedirlər. Pul-para gözlərini örtüb. Ona görə də qazinin və ya şəhid ailəsinin problemləri adlarını çəkmək istəmədiyim bir sıra dövlət məmurlarının təsəvvüründə ikinci-üçüncü dərəcəli iş hesab olunur. İcra başçısı var ki, qaziyə  sanki düşməni kimi baxır. Nədir ki, haqlı tələblərlə onun qapısını tez-tez döyməsi xoşuna gəlmir. Halbuki onu beş dəqiqəliyə də olsa qəbul edib dinləmək problem deyil.  Mümkündür axı!!! O sizlərdən  saraylar, böyük villalar, şirkətlər istəmir ki! Ya iki-üç günlük çörək pulu, ya başı üzərində yalançıq bir daxma, ya da ki, bir iş yeri.   Qazi təhqir olunmaq istəmir. Onun qüruru buna yol vermir. Əks məqamlarda qazi fikirləşir və son qərarını verir. Mənən sarsılan döyüşçü ÖlÜMDƏN  başqa yolu seçə bilmir. Ya özünü asır, ya yandırır. Sonda yetim qalmış körpələrin,  gənc həyat yoldaşının taleyinə də bədbəxt günlər və acılı xatirələr buraxıb köçünü yığışdıraraq bu dünyadan əbədiyyən köçür.      
Qazi qardaşım, canım-ciyərim, gəl belə danışaq... Sən axı körpə övladını nəyə görə bir qansızın güdazana verib onu atasız qoyursan? Haqqını pozan, səsini qulaqardına vurub sənə biganəlik göstərən nadanla, ədələt, həqiqət, dürüstlük nədir anlamayan bir qalstuklu qarşısında aciz qalırsan? Axı o yol sənə layiq deyil! Sən o boyda düşmənin önündə dik durdun!  İndi bir "milli"nadürüstə necə təslim olub həyatına qıyırsan?! Bilirəm, həm də hansı dərdə dözməyib ölümü seçirsən.  Çox yaxşı bilirəm ki, qapısını günlərlə kəsdirib yardım istədiklərin səni itələyib kənara atanda yaşamaqda məna görmürsən...
 
Lakin düşün, dərindən götür-qoy et, bu addımı atmaqla sən boynunu haramçılıqla yoğunlaşdıran o məmura, vəzifəli adama heç nə edə bilməyəcəksən. Vətənə canları yansaydı, oğullarını döyüşdən xaricə qaçırmazdılar. Vətəndədirlər. Gəliblər. Sabah üçüncü müharibə başlarsa, onlar yenə qaçacaqlar...      
 
ELDAR SABİROĞLU
Tarix: 16-07-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti