Qərbin İKİLİ OYUNU: “Ukraynalılar ölə bilməz, azərbaycanlıları isə qətlə yetirmək olar”
Ukrayna prezidenti Volodimir Zelenski 2014-cü ildən bəri Ukraynada gedən döyüşlərə görə məsuliyyət daşıyanların ədalətli cəzalandırılmasını təmin etmək üçün xüsusi tribunal yaratmağa çağırıb. KONKRET.az xəbər verir ki, Buça və Vinnitsa hadisələrini nəzərə alaraq, Zelenskinin xahişi təmin edilə bilər. Təbii ki, bu, doğru addım olacaq. Biz elə bir dövrdə yaşayırıq ki, Rusiya tərəfinin “nasist” kimi davranaraq dinc əhaliyə qarşı edilən hücumları cəzasız qalmamalıdır. Amma burada başqa bir sual ortaya çıxır: Beynəlxalq hüquq qarşısında hər kəs bərabərdirmi? Təbii ki, Ukraynada baş verənlər hər bir normal düşüncəli insan üçün ağrı-acılıdır. Amma digər qurbanlar da eyni rəftara layiq deyilmi? Rusiya Ukrayna şəhərlərinin bombalanmasına görə Beynəlxalq Tribunal qarşısında cavab verəcək. Amma əgər biz Ukraynaya qarşı hərbi cinayətlər məsələsini gündəmə gətiririksə, o zaman 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın Azərbaycan şəhərlərini bombalamasına da eyni münasibəti sərgiləməliyik. Niyə Beynəlxalq Məhkəmə bu cinayətə baxmadı? Axı erməni vəhşiliyi nəticəsində həm uşaqlar, həm də böyüklər qətlə yetirilib. Raketlər də eyni istehsaldır. Bəs onda fərq nədir? O vaxt müsəlmanlar ölürdü, indi isə avropalılar? Yoxsa həmin vaxt bu, lokal konflikt hesab olunurdu, amma indi Ukraynadakı müharibə Qərblə Rusiya arasında geosiyasi qarşıdurma xarakteri daşıyır? Belə çıxır ki, Ermənistanın raket zərbələri nəticəsində Azərbaycan xalqının verdiyi itkilər Ukrayna xalqının itkilərindən bir neçə dəfə az olduğu üçün qınanmağa layiq deyil? Görünür Ermənistan Azərbaycan şəhərlərinin bombalanmasına görə heç vaxt cavab verməyəcək.
İndi isə Qərbin ikili standartlarının daha bir nümunəsinə nəzər salaq: Bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Hindistanın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi almasını normal qarşıladı. Yəni Rusiya silahlarının alınmasına görə Türkiyəyə qarşı tətbiq edilən CAATSA qanunu Hindistana şamil edilməyəcək.
Bəs niyə NATO üzvü olan Türkiyədən fərqli olaraq Hindistanın Rusiyadan silah almasına icazə verilir? Birincisi, ABŞ-ın xarici siyasətinin ölkənin maraqlarına cavab vermədiyi, yunan, hindistan və erməni lobbiçiləri tərəfindən manipulyasiya edildiyi, ilk növbədə bu dövlətlərin maraqlarına uyğun olduğunu deyə bilərik. İkincisi, Türkiyəyə qarşı CAATSA sanksiyaları heç vaxt “S-400”lə bağlı olmayıb. Bu sanksiyaların əsas məqsədi ABŞ-ın Türkiyəni sakitləşdirmək və onu öz maraqlarına tabe etdirmək istəyidir. Üçüncüsü, yalnız Qərbə tam sadiqlik və onun ideoloji kontekstinə inteqrasiya sayəsində Beynəlxalq Tribunal bizim tərəfimizi tuta bilər. Əks halda, beynəlxalq təşkilatlardan heç biri başımıza gələnlərə əhəmiyyət verməyəcək. Bütün bunlar ABŞ və Qərbin əslində iç üzünü ortaya çıxaran real faktlardır. İnsanların itkisinə əhəmiyyət verməmək isə ən böyük cinayətdir.