Makiavelli dövrünün nəhəng filosofudur. Onun mübahisəli "Hökmdar" əsəri bütün zəmanələr üçün aktualdır. Azərbaycan kimi üçüncü ölkələr üçünsə Makiavelli ayrıca diaqnoz qoyub. Onun fikrincə, dövlətdə aşkar olunan xəstəliklər əvvəlcədən görüləndə tez sağalır, amma xəstəliyin görülməməsi və hər kəsin istədiyi şəkildə görərək böyüməsi onun müalicəsini qeyri-mümkün edir. Hakimiyyətin xalqdan rəğbət və nüfuz qazana bilməməsinin də səbəbi məhz odur ki, problemin, yəni xəstəliyin müalicəsi ilə yox, öz daxilində adlar dəyişməklə məşğul olub: məmur adı, nazir adı, struktur adı, komitə və ya nazirlik adı... Əslində, tüğyan edən xəstəliyi sağaltmaq lazımdır - rüşvət, korrupsiya, inhisarçılıq, ədalətsiz idarəçilik, talan və s. Buna qədər onlarla nazir vəzifədən atılıb, səkkiz icra başçısı həbs olunub, neçə-neçə struktur dəyişikliyi olub, köhnə qvardiya təxminən yola salınıb, başda Ramiz Mehdiyev olmaqla... Bəs, niyə idarəetmədə çox şey dəyişmir? Fazil Məmmədovu, Hacıbala Abutalıbovu, Rövnəq Abdullayevi və daha kimləri tərpədiblər. Həftəsonu isə Gömrük Komitəsi sədri Səfər Mehdiyev işdən çıxarıldı və bir şadyanalıq var, gəl görəsən...Axı Mehdiyev Ramiz getdi, nə dəyişdi ki, Mehdiyev Səfər gedəndə nə dəyişə?! Sadəcə fiqurlar yenilənir, sistem mövcudluğunu davam etdirir. Özünü yandıran qazi, təpiklə nazirliyin qapısını açan qazi və digərləri səbəbindən Sahil Babayev də vəzifədən qovula bilər, yenə heç nə dəyişməyəcək. Çünki idarəçiliyin fəlsəfəsi, yanaşması dəyişməlidir - necə, çox sadə, rüşvətə səmimi şəkildə son qoyulmalı, gömrükdə inhisar olmamalı, şəffaf iş qurulmalı. Bir Amerika gömrüyü, bir alman gömrüyü kimi. Olacaqmı? Əsla. Ona görə Səfər Mehdiyevin gedişi Ramiz Mehdiyevlə olan vidadan böyük deyil. Eləcə də Sahil Babayevlə problemlər düzəlmir, sosial təminat sahəsində xalqın və qanunların dediyi olmalıdır. Misal üçün Ziya Məmmədovdan sonra nəqliyyat elə bərbad gündədir, Oqtay Şirəliyev getdi, səhiyyə yenə ağır rüşvət xəstəliyindən əziyyət çəkir, Səlim Müslümovun dövründə intiharlar olmurdusa, Sahil Babayev buna da nail oldu, İnam Kərimov aqrar sektora heç bir innovativ iş gətirmədi, heç qarpızın-yemişin qiymətini bilmir, oxşar sözlər Misir Mərdanovsuz təhsil, Abutalıbovsuz Bakı meriyası haqda söyləmək olar. Baxmayaraq ki, əksər sahələrdə nazirlər yeniləndi, Ramiz Mehdiyevlə yanaşı bir çox məmurlar PA-dan getdi, ancaq cəmiyyət yenə də iqtidardan narazıdır. Çünki iqtidar özü dəyişməlidir - xaraktercə, xalqa münasibətdə, rüşvətxor sistemi yığışdırmaqda maraqlı olmalıdır. Misal üçün Gürcüstanda xaricdən gətirilən uşaq yeməkləri və geyimlərə, habelə uşaqların formalaşmasında rolu olan vasitə və əşyalara gömrük rüsumu tətbiq edilmir. Azərbaycanda uşaq yeməklərinə 36 faiz, uşaq geyimlərinə hər kq-na 5 dollar, uşaq bezlərinə 36 faiz rüsum tətbiq edilir. Səfər Mehdiyevdən sonra bu vəziyyət davam edəcək. İndi cəmiyyətin lənətlədiyi AZAL şefi Cahangir Əsgərov da işdən azad edilsə, qiymətlər dəyişməyəcək. Ona görə ki bunu hakimiyyət istəməlidir, iqtidar ortaya bir iradə qoyaraq hər şeyi sahmana salmalıdır. Gəlin baxaq - WizzAir və Pegasus kimi ucuz avia şirkətlərin Azərbaycandan olan uçuşları digər ölkələrdən olan uçuşlarla müqayisədə daha bahadır. Wizz Air şirkəti bunun səbəbini BBC-yə belə izah edib: “Bu Bakı aeroportundan istifadə haqlarının yüksək olmasından irəli gəlir. Hava limanı xidmətlərinə görə Azərbaycan Hava Yollarına ödədiyimiz məbləğ Gürcüstanla müqayisədə 600-800% bahadır. Ermənistanla müqayisədə isə 20-40% bahadır”. Bunu kim edir, nə üçün əhalinin istəkləri əleyhinə həmişə qərarlar qəbul olunur? Niyə bircə dəfə xalqın alqışına səbəb olan qərarlar açıqlanmır? O baxımdan hakimiyyət istəsə, bütün sahələri gülüstana çevirər, əgər istəsə... Təəccüblüdür ki, bəziləri hələ də sadəlövh şəkildə məmurun vəzifədən gedişinə sevinir. Onlar inanır ki, yeni təyinatla əyriliklər düzələcək. Ancaq yeni məmur yox, yeni idarəçilik sistemi tətbiq olunmalıdır. Sadəcə, bizdə femida çoxdan əyilib, görəsən, qozbeli düzəltmək olacaqmı?
Azər Talıbov Anaxeber.info
Tarix: 18-07-2022, 09:46