Hamı düşüb bu fağır bəndənin üstünə,- hardan gəldi, necə gəldi döşə ki, döşə!..
Sual olunur: bu bədbəxt oğlu bədbəxt neyləməlidi axı?..
Dönüb baxır ABŞ-a, sonra baxır Avropaya və görür ki, hamı işində-gücündə; zavodlar, fabriklər işləyir, həyat öz axarıyla qaynayır, camaatın gün-güzəranı yüksək səviyyədə, işsizlik demək olar ki, yox, maaşlar, pensiyalar, müavinətlər və s. Rusiyaya görə fantastik həddə... Hamı gülümsəyir, hamı güvənli, hamı yaşayışından məmnun, hamı ləyaqətli həyat tərzi sürür...
Yazıq Putin sonra çönüb öz ölkəsinə baxır...
...və görür ki, vətəndaşları it günündə yaşayır... Daha dəqiqi, yaşamaqdan çox birtəhər mövcud olmaq savaşı içində... "Piyanskalığ", stress, kasıbçılıq, səfalət, mədəniyyətsizlik, işsizlik, acıq-nifrət, ümidsizlik və s. və i.a.
Dübarə sual edirəm: hə, bu yetim oğlu yetim Putin neynəsin və başına haranın daşını töksün?
Görür ki, Rusiyanı ABŞ, yaxud Avropa ölkələri səviyyəsinə qaldırmağa gücü çatmır, odur ki, "Çərxi-fələyi" tərsinə fırlatmağa cəhd edir. Yəni ABŞ-ı, və inkişaf eləmiş Avropa məmləkətlərini öz gününə, - öz bədbəxt ölkəsinin vəziyyətinə salmaq istəyir. Və bu məqsədə çatmaq üçün əlindən gələni eləyir - cırmaqlayır, dişləyir, qapır, arada hətta donbalaq aşıb şıllaqlayır!..
İndi siz deyin: imperiya havası və hikkəylə şişirdilib də belə çarəsiz vəziyyətə düşmüş adama yazığın gəlməsin, neyləyəsən?..
Allah yazıq Putini yazıq ilandan qorusun!
Eldəniz Quliyev
Kinodramaturq
Tarix: 18-07-2022, 22:56