Erməni QHT-lərə uduzuruq - nədə və niyə?


 
İkinci Qarabağ savaşından qısa müddət sonra hüquqşünas Fərhad Mehdiyev facebook-da belə bir status yazmışdı: “Ermənistan QHT-ləri aktiv işləyir, saxta video və xəbərləri beynəlxalq qurumlara (Human Rights Watch, Amnesty İntornational)  yollayır. Bəs Azərbaycan QHT-ləri niyə Gəncə, Tərtər, Bərdə haqqında fotolardan heç olmasa 2 səhifəlik PDF-lər hazırlayıb beynəlxalq təşkilatlara yollamır?”
Maraqlıdır, yerli QHT-lər öz fəaliyyətləri ilə nədə və niyə erməni QHT-lərə uduzurlar? Artıq 2022-ci ildəyik, ikinci Qarabağ savaşından iki il keçib, bu müddət ərzində hansı işlər, təbliğat-təşviqat, beynəlxalq qurumların diqqətini çəkmək baxımdan nələr edilib?
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, qondarma qurumun  - “Artsax”ın vətəndaş cəmiyyəti ilə yanaşı Ermənistanda və xarici ölkələrdəki vətəndaş cəmiyyətləri də var. Bundan başqa, beynəlxalq QHT-lər də var ki, onlar da daim anti-Azərbaycan fəaliyyəti həyata keçirirlər: “Sadaladıqlarımın hamısı qarşılıqlı və şəbəkə şəklində fəaliyyət göstərirlər. Bizdə elə şəbəkə yoxdur ki, orda yerli QHT-lər xaricdəki lobbi təşkilatları, bizə müttəfiq olan QHT-lərin qarşılıqlı əməkdaşlıq etsinlər. Onlarda olan qlobal şəbəkə bizdə yoxdur. Onların qlobal informasiya məkanında məlumat mübadilə sistemi qurublar. ANKA bir tveet yazır, o, saniyələr sonra on minlərlə re-tveet olaraq yayılır. İntellektuallar qrupu var - hansısa biri bir status yazanda dərhal o tirajlanır.  Bir qrup onu mədəni yolla yayır, ictimai fikrə yeridir. Bir başqa qrup isə şantajla məşğul olur. Söyüş qrupları söyüb təhqir etməyə başlayır və sair. Proses bu cür davam edir”.

Sahib Məmmədov: “Beynəlxalq təsisatlarla işləmək problemi var, peşəkarlıq aşağı səviyyədədir”
S.Məmmədov bildirdi ki, həm qondarma qurumda, həm Ermənistanda fəaliyyət göstərən erməni QHT-lərin bu qədər fəal olmasının bir başqa səbəbi də odur ki, onlar istənilən xarici təşkilatdan qrant ala bilirlər: “Onların maliyyə mənbələri bizdəkindən çoxdur. Bir də onlar bizdən fərqli olaraq erməniçilik məsələsində vahid nöqtəyə vura bilirlər. Burada fikir ayrılığı, hansısa fraksiya yoxdur. Ermənistan hakimiyyətinə müxalifət ola bilərlər. Mitinq edə, inqilaba qoşula bilərlər. Amma erməniçilik məsələsində hamı vahiddir.
Bizdə isə QHT-lərin xeyli hissəsi beynəlxalq tədbirlərdə açıq-aşkar erməni mövqeyindən çıxış edirlər. Və ən önəmli səbəb isə təbii ki, təcrübədir. Onlarda lobbiçilik fəaliyyəti ilə bağlı 100 illik bir təcrübə var. Bu təcrübə onları bu işdə xeyli qabağa çıxır. Mən 13 il Şura üzvü olmuşam. Kiminsə qohum-əqrəbası Avropada yaşayır. Ora getmək üçün layihə alır, guya orada tədbir keçirəcək. Layihəni alır, gedib orada səfirlikdə 2-3 nəfəri yığır, səfirlik işçilərinə də problemlər yaradır. Guya tədbir keçirib gəldi.
Beynəlxalq təsisatlarla işləmək problemi var, peşəkarlıq aşağı səviyyədədir. Bəzi peşəkar qurumlar var ki, onların da maliyyəsi zəif olduğu üçün alınmır".
Müsahibimizin fikrincə, bəzi məsələlərdəki müvəqqəti uğurun səbəbi isə erməni xislətidir: “Bir də təbii ki, xislət məsələsidir. Bizim özümüzə sığışdıra bilmədiyimiz məsələlər onlar üçün adidir. Onlar yalanı çox rahat şəkildə gerçək kimi sırıyırlar. Məsələn, bir çoban yıxılıb ölür, onu azərbaycanlı hərbçilərin öldürməsi kimi qələmə verirlər. Qeyri-döyüş şəraitində ölənləri də müharibə şəraitində ölənlər kimi təqdim edirlər. Amma elə bu sonuncuya görə biz onlara oxşamasaq yaxşıdır. Çünki yalanla, riyakarlıqla nələrsə etmək, harasa gəlmək doğru deyil”.

Günel Səfərova: “Beynəlxalq təmsilçilk professionallıq, resurs, davamlı iş, diplomatik bacarıq və s. biliklər tələb edir”
Hüquq müdafiəçisi Günel Səfərova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, beynəlxalq platforma və təşkilatlarda fəaliyyət göstərən QHT-lər olsa da, bu, kifayət deyil: “Qarabağın azad edilməsindən sonra həm də sülh quruculuğu, icmalararası dialoq, beynəlxalq platformalarda dövlətin mövqeyinin müdafiəsi və s. sahələrdə kifayət qədər çox iş görülməlidir. Bəli, QHT-lərin beynəlxalq təmsilçiliyi və tədbirlərdə iştirakı, davamlı kommunikasiya üçün kifayət qədər resurslar lazımdır və bu da son dövrlərdə daha da çətinləşib. Bu gün QHT agentliyinin beynəlxalq tədbirlərdə iştirakla bağlı səfər qrantı var. Lakin biz beynəlxalq təşkilatlarda baş verən hadisələrə ya situativ, ya da reaktiv reaksiya veririk. Beynəlxalq təmsilçilk professionallıq, resurs, davamlı iş, diplomatik bacarıq və s. biliklər tələb edir”.

Mirvari Qəhrəmanlı: “Qanunvericilikdə dəyişikliklər edilməlidir, donorlara çıxış imkanları daha da sadələşdirilməlidir”
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında dedi ki, bütün beynəlxalq tədbirlərdə erməni QHT-lərinin rəhbərləri “Artsax” deyib, danışıblar: “Onların fəaliyyəti, qeyri-qanuni açıqlamaları barədə xəbəriniz var. Bizim QHT-ləri üç dövrə bölmək olar. 2013-cü ilə qədər bizim QHT-lərin fəaliyyətləri aktiv idi. Xüsusən də konfliktoloqlar mərhum Əvəz Həsənov, Arzu Abdullayeva bu yöndə çalışırdılar. Amma beynəlxalq səviyyədə vüsət almamışdı.
Erməni aqressorların vəhşilikləri, bütün rayonları nə vəziyyətə saldıqlarını gördük. Amma zaman-zaman, sadəcə, “ölkəmin Qarabağ adlı dərdi var” sözündən kənara çıxmırdı bizim müzakirələr. Amma İkinci Qarabağ müharibəsi zamanı qeyri-hökumət təşkilatları qulaq asırlar. Bizim təşkilat 44 günlük müharibə ərzində Avropanın fikrini bu prosesə cəlb etmək üçün onların enerji təhlükəsizliyi məsələsinə diqqət yetirdik. Bəyanat hazırladıq. Bununla əlaqədar araşdırma həyata keçirdik. Ermənilər Yevlağa raket atmışdılar, Yevlağın aran kəndlərində oradan 4 beynəlxalq kəmər gedir - iki neft, iki qaz kəməri. Onlar yerin üstünə qalxmışdı. Ya da Şəmkirə, Tovuza atdıqları raketlər, bombalar. O ərazilərdən də bizim beynəlxalq kəmərlərimiz keçir. Biz onu təhlil etdik. Bunu Avropanın Azərbaycandakı nümayəndəliklərinə çatdırdıq.
Bəzi beynəlxalq təşkilatlarda təmsil olunan ermənilər zaman-zaman Azərbaycanın Şuşada ekoloji fəsadlar törətdiyini iddia edirlər. Biz o iddiaların çürüdülməsində iştirak etdik.
Müharibədən sonrakı vəziyyətlə razı deyiləm. QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılıb. Bu sahədə QHT-lərin siyasətini o agentlik müəyyənləşdirir. Dəstə-dəstə QHT rəhbərlərinin Şuşa, Ağdam səfərləri həyata keçirilir. Ağdamda Natəvanın heykəlinin dağıdılmasını görüb, şəklini çəkdim, bütün üzvü olduğum beynəlxalq təşkilatlara yolladım. Bu səfərlərdə iştirak edən QHT-lər birgə bəyanatlar hazırlamalıdır. Bizdən qaz alacaq Avropanı hərəkətə gətirmək üçün neft-qaz kəmərlərinin təhlükədə olduğunu diqqətə çatdırmaq lazımdır. Bütün ekoloji qurumlara da bu vəziyyəti çatdırmaq lazımdır.
Hər il QHT-lərə Dövlət Dəstəyi Agentliyinə daxil olan layihələrə baxsaq, tələb olunan vəsait ümumilikdə 18-20 milyon civarındadır. Hələ nəzərə alsaq ki, burada maksimal hədd qoyulub, icra ediləcək layihənin qiyməti 10 min manatdan yuxarı olmamalıdır. Yəni ehtiyac yetərincədir və resursların tapılması ilə bağlı problemlər var.
İlk növbədə qanunvericilikdə dəyişikliklər edilməlidir, donorlara çıxış imkanları daha da sadələşdirilməlidir".
Ekspert qanunvericiliyə dəyişikliklərlə bağlı layihənin artıq hazır olduğunu, müvafiq qurumlara təqdim edildiyini bildirir.
O, ictimai nəzarətlə bağlı bir sıra problemlərin olduğunu, məsələn, bəzi dövlət qurumlarının yenə də vətəndaş cəmiyyətinin əhəmiyyətini, fəlsəfəsini anlamadığını, icra qurumlarının onların fəaliyyətini məhdudlaşdırmağa cəhd etdiklərini deyir. Hesab edir ki, İlham Əliyevin son mesajından sonra qapalı, şəffaflığa meyilli olmayan dövlət qurumlarının işində dəyişiklik baş verəcək".
Tarix: 19-07-2022, 09:12
Xəbəri paylaş





Xəbər lenti