Asif Nərimanlı: “Görüşdə humanitar və ikitərəfli dialoqun davam etdirilməsi razılaşdırılsa da, prinsipial məsələlər açıq qalıb”
İyulun 16-da Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib. Bu, XİN başçıları arasında vasitəçisiz keçirilən və yeni format hesab olunan görüşdür. Azərbaycan Xarici İşlər Nazirliyinin Bayramov-Mirzoyan görüşü barədə yaydığı məlumatda qeyd edilir ki, nazirlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində bir sıra məsələlərə toxunublar.
"Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış postmünaqişə reallıqları əsasında Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb", - deyə XİN-dən bildirilib.
Nazirliyin açıqlamasında əlavə olunub ki, humanitar məsələlərə toxunan Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb: "Nazirlər Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar".Tərəflər arasında dialoqun yeni formatını və görüşün digər bir Cənubi Qafqaz ölkəsində - qonşu Gürcüstanda keçirilməsini mütəxəssislər müsbət qiymətləndirirlər. Analitiklər hesab edirlər ki, bu, sülh prosesinə təkan verə biləcək amillərdəndir.
Politoloq Vüqar Dadaşov AYNA-ya şərhində deyib ki, XİN başçıları səviyəsində ilk dəfə belə formatda baş tutan görüş yüksək qiymətləndirilməlidir: “Nazirlərin Tiflis görüşü son vaxtlarda artan gərginliyi və ehtimalı yüksək olan Üçüncü Qarabağ müharibəsini əngəlləmək üçün yaxşı fürsətdir. Ümumiyyətlə, Ermənistan ilə Azərbaycan arasında problemlərin yaranma səbəbi, hər hansı bir danışıqların aparılması və post müharibə dövründə razılaşmaların icrası üçün və müəyyən normal nəticələri əldə etmək üçün Rusiyanı tərəf kimi qəbul etmədən proses mümkün görünmür. Məlumdur ki, Qarabağ problemi və Ermənistanla olan münasibətlər birbaşa Rusiya ilə əlaqəlidir və Rusiya bilavasitə tərəfdir".
"Bayramov-Mirzoyan görüşündə Azərbaycan üçün əsas müzakirə mövzusu erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılması olub. Bu, həm Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədə erməni silahlılarının çıxarılması ilə bağlı səsləndirdiyi fikirlərdən məlum olur, həm də XİN-in açıqlamasından. Cənab Prezidentin görüşdən əvvəl erməni silahlıların Azərbaycan ərazisindən çıxarılması, rus sülhməramlıların fəaliyyətsizliyi ilə bağlı səsləndirdiyi fikirlər əsasən deyə bilərik ki, bu mövzu sözügedən görüşün bir nömrəli mövzusu olub. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi, işçi qruplar, sülh müqaviləsi və sair məsələlər isə sonrakı müzakirə mövzularıdır", - deyə politoloq bildirib.
Dadaşovun fikrincə, Rusiyanın iştirakı və moderatorluğu olmadan baş tutan görüş iki dövlət arasında müəyyən irəliləyişə səbəb ola bilər: "Əsas məsələ İrəvanın siyasi iradəsidir. Əgər Ermənistanın siyasi iradəsi imkan verərsə, bugünədək əldə edilmiş razılaşmalar icra olunar, regionda sülh əldə edilə bilər. Təəssüf ki, Rusiya buna imkan verən deyil. Çünki Rusiya Ermənistanla Azərbaycan arasında sülhü özünün Cənubi Qafqazda mövcudluğuna təhlükə hesab edir. İrəvanın isə siyasi iradəsi yoxdur. Bütün hallarda Tiflis görüşünü müsbət qiymətləndirirəm. Çünki belə görüşlər indi konkret nəticə verməsə də, prosesə təkan sayılır".
Siyasi icmalçı Asif Nərimanlı mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Bakı və İrəvanın görüşlə bağlı açıqlamalarında eyni olmaqla yanaşı, fərqli məqamlar da mövcuddur: “Hər iki tərəf münasibətlərin normallaşmasını istədiyini bəyan edir. Eyni zamanda, hər iki tərəf götürdükləri öhdəliklərin icrasının tərəfdarı olduğunu açıqlayır. Ən nəhayət, hər iki tərəf bu formatda dialoqun davam etdirilməsinə razılaşıb ki, bunlar üst-üstə düşən məqamlardır”.
“Fərqli məqam isə odur ki, Ermənistan Bakıda həbsdə olan, “hərbi əsir” hesab etdiyi erməni terrorçuların qaytarılmasını, Azərbaycan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini istəyir. Əlbəttə, fərqli məqamlar görüşün nəticələrini və hadisələrin bundan sonrakı mümkün inkişafını müəyyənləşdirir”, - deyə müsahibimiz qeyd edib.Onun sözlərinə görə, Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir: “Yəni ki, erməni silahlıların Azərbaycan ərazilərindən çıxarılması, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsində işlərə başlanılması, kommunikasiyaların açılması Bakının tələbidir. Rəsmi İrəvanın açıqlamasında isə sadəcə “öhdəliklərin yerinə yetirilməsi” ifadəsi əksini tapıb. Eyni zamanda, İrəvan “Qarabağ münaqişəsinin” həll edilmədiyini deyir və Minsk Qrupunun mandatından istifadə edilməsini istəyir. Bakının açıqlamasında bununla bağlı heç bir qeyd yoxdur. Bu, hesab edirəm ki, danışıqların sonrakı mərhələsi üçün müsbət deyil”.
Analitikin qənaətincə, uzlaşan və uzlaşmayan məqamlar onu deməyə əsas verir ki, nazirlərin Tiflis görüşündə humanitar və ikitərəfli dialoqun davam etdirilməsi razılaşdırılsa da, prinsipial məsələlər açıq qalıb: "Xüsusilə İrəvanın “münaqişə” və Minsk Qrupu haqqında dedikləri “status” iddiasına davam etdiklərini göstərir. Azərbaycan Prezidenti son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etdi. Rəsmi açıqlamalar isə prinsipial məsələlərlə bağlı anlaşmanın olmadığı ehtimalını önə çıxarır”.
“Bundan sonra rəsmi Bakı iki istiqamətdə hərəkət edə bilər: birincisi, Zəngəzura status istəyi ilə bağlı məsələni praktiki mərhələyə keçirə bilər, ikincisi miqyasından asılı olmayaraq, Ermənistanı, həm də prosesdə iştirakçı olan bütün tərəfləri razılaşmaların icrasına məcbur edəcək addımlar ata bilər”, - deyə Nərimanlı fikrini yekunlaşdırıb.