Avqustda Ermənistanla sülh sazişi imzalanacaq? - “Bu mesaj mənə 27 sentyabrı xatırlatdı“
“Prezidentin son mesajı hədəfinə çatıb və Ermənistanda ciddi rezonans doğurub”. Siam.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O, Paşinyanın hökumətinin avqustun sonuna qədər Azərbaycanla müqavilə imzalamaq iddiasını şərh edib.
Xatırladaq ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
E. Mirzəbəyli düşünür ki, Azərbaycan Prezidentinin imperativ bir mesaj verib:
“Bu, Ermənistan cəmiyyətində və Ermənistanı himayə edən tərəflərdə kifayət qədər ciddi rezonans doğurub. “Hraparak”ın məlumatına gəlincə, ola bilsin ki, ictimai rəyin öyrənilməsinə və Ermənistanın cəmiyyətinin özünə ünvanlanmış bir mesajdır. Lakin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son görüşü və Ararat Mirzoyanın səsləndirdiyi bir sıra fikirlər, o cümlədən də artıq dəfn olunmuş status məsələsi ilə bağlı söylədiyi Ermənistan tərəfində bununla bağlı konkret mövqenin olmadığını nümayiş etdirir.
İndiki şəraitdə rəsmi münasibətlərə diqqət yetirsək, Ermənistanın sülh sazişi imzalamaq üçün konkret addımlar atmağa hazır olmadığı açıq-aşkar görünür. Çünki Ermənistan müstəqil mövqeyi olan və azad siyasət yürüdən bir dövlət deyil. Mahiyyət etibarilə, bu ölkənin siyasətini qısa bir zamanda dəyişmək və onun istiqamətini yönləndirmək mümkündür”.
BAXCP funksioneri əmindir ki, qısa zaman çərçivəsində İrəvanın mövqelərinə təsir göstərən amillər peyda olub:
“Bu amillərin içərisində, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər də var. Qeyd edim ki, bu, çox ciddi və imperativ bir mesaj idi və bu mesaj mənə daha çox 27 sentyabr öncəsi dövlət başçısının verdiyi açıqlamaları xatırlatdı. Düşünürəm ki, Ermənistan hakimiyyəti Azərbaycanın səsləndirdiyi fikirlərin sadəcə siyasi manevr xarakterli olmadığını kifayət qədər yaxşı başa düşür və ola bilsin ki, bundan müəyyən bir nəticələr çıxarıb. Hər halda bu, ictimai rəyə hesablanmış mesaj olsa belə, Ermənistan cəmiyyətində bu fikirlərin səsləndirilməsi artıq müəyyən pozitiv notların olduğunu düşünməyə əsas verir”.