Bakının son xəbərdarlığı: İrəvan və Moskva geri çəkildi - NƏ BAŞ VERİR?
44 günlük Vətən müharibəsinin bitməsindən 2 ilə yaxın vaxt keçir.
Bu müddət ərzində Ermənistan təkidlə üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmirdi. Söhbət 10 noyabr üçtərəfli Bəyanatının 4-cü bəndində erməni silahlılarının Qarabağdan çıxarılmasından gedir. Artıq Ermənistan geri çəkilməyə məcbur olub.
Prezident İlham Əliyev də son çıxışında Ermənistana və Bəyanatın qarant ölkəsi olan Rusiyaya açıq şəkildə xəbərdarlıq edib:
“10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir”.
Bu xəbərdarlıqdan sonra Ermənistan geri çəkilməyə məcbur oldu. Bu məsələdə Rusiya faktoru da önəmlidir. Belə ki, Rusiya məğlub Ermənistana görə Azərbaycanı itirmək istəmir. Ona görə də Ermənistanı bu addımı atmağa məcbur edib.
Ermənistan artıq Qarabağa yerləşdirdiyi silahlı qüvvələri çıxaracağı ilə bağlı açıqlama yayıb. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib.
“Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, - o qeyd edib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.
Göründüyü kimi, Azərbaycan Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edib. Ermənistanın Azərbaycanın şərtlərini yerinə yetirməkdən başqa yolu yoxdur. DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Ermənistanın başqa yolu qalmayıb:
“Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd etmişdi ki, Azərbaycan erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması məsələsini Rusiyanın hərbi rəhbərliyi qarşısında qaldırıb və Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi də iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılmasına söz verib. Lakin dövlət başçımızın da qeyd etdiyi kimi, hələ də 10 noyabr Bəyannaməsinə zidd olaraq Ermənistan bu kapituliyasiya aktını yerinə yetirməyib, Rusiya tərəfi isə öz öhdəliyinə baxmayaraq onları buna məcbur etmir. Cənab İlham Əliyev çıxışında bunu “dözülməz vəziyyət” adlandırıb və erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməz olduğunu, əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq deməsini tələb edib. Maraqlıdır ki, cənab İlham Əliyevin bu çıxışından sonra Rusiya tərəfindən hər hansı şərh olmasa da, Ermənistan tərəfi artıq müsbət siqnallar verməyə başlayıb ki, bu, elə həm də rəsmi Moskvanın mövqeyi deməkdir. Əlbəttə, Ermənistan da, Rusiya da 44 günlük savaş və sonrakı dövrün təcrübəsindən Azərbaycan Ordusunun gücü, Azərbaycan liderinin isə nüfuzuna bələddir. Xüsusən ermənilər yaxşı bilirlər ki, İlham Əliyev özü Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində təmizləmə işinə başlasa, onu heç kim dayandıra bilməyəcək”.
Deputat əlavə edib ki, beynəlxalq hüququn verdiyi haqq, ordunun və milli həmrəyliyin verdiyi güc Azərbaycan rəhbərinə çox qısa müddətdə məqsədinə çatmağa imkan verəcək:
“Belə olduqda isə bölgədə daha başqa səviyyədə dəyişikliklər qaçılmaz olacaq və İrəvan da bunu yaxşı başa düşür. Eyni zamanda, Rusiya Qafqazda ona yeganə səmimi davranan, ikili oynamayan ölkənin Azərbaycan, liderin isə İlham Əliyev olduğunu bilir və Moskva da Azərbaycanı narazı salmağı arzu etmir. Təbii ki, bu mürəkkəb konfiqurasiya cənab İlham Əliyevin diplomatik məharətidir, nəticə etibarilə ölkəmizin siyasi çəki və nüfuzunun daha da artdığının şahidiyik. Eyni zamanda, Ermənistandan səslənən bəyanatı da məhz bu prosesin ümumi tərkib hissəsi kimi qəbul etməliyik. Ermənilərin öz vədlərinə əməl edib-etməyəcəyi isə başqa bir mövzudur. Lakin unutmayaq ki, Bakı da ciddi hərbi- siyasi təsir imkanlarına malikdir və Azərbaycan daha bir neçə il İrəvanın ərköyünlüyünə səbr göstərmək niyyətində deyil”.