Putinin müharibəsi Qafqazı da dəyişə bilər – “Bloomberg”


ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Müharibə Rusiyanın böyür-başında münasibətlərin dəyişməsinə təkan verir” başlıqlı məqalə dərc edilib.
Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin Tehranda İran və Türkiyə liderləri ilə Suriya münaqişəsi ətrafında danışıqlar aparıb: “Amma danışıqlarda diqqət həm də Putinin Ukraynada başlatdığı müharibəyə yönəlib. Bəlli olduğu kimi Putinin işğalı üzündən Ukraynanın Qara dəniz limanlarında taxıl ixracına ciddi maneə yaranıb. Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan bu problemi həll etmək üçün Putinin razılaşmaya gəlməsinə çalışır. Ona görə müzakirələrdə bu mövzu da ayrıca yer tutub”.
Məqalədə vurğulanır ki, Ukrayna müharibəsi qlobal ərzaq böhranını dərinləşdirir, bahalaşmaya səbəb olur: “Avropa İttifaqı yaxın günlərdə Rusiya və Ukrayna arasında razılaşma əldə olunacağına, taxıl qıtlığının aradan qalxacağına ümid edir.
ABŞ isə Putinin İrana səfəri ərəfəsində xəbərdarlıq edib ki, beş aylıq müharibə rus ordusuna ağır zərbə vurub və İran Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı sata bilər”.
Məqalədə bildirilir ki, Rusiya qaz nəqlini kəssə, qışda Avropada böhran yarana bilər: “Putin Qərbin Ukraynaya dəstəyini zəiflətmək üçün ərzaqdan və enerjidən silah kimi yararlanır. Ərdoğan özünü Putinin bu cəhdlərinin qarşısını almaq işində Qərbin əsas oyunçusu kimi aparır”.
Daha sonra məqalədə vurğulanır ki, cərəyan edən proseslər Rusiya və İran arasında sıxışıb qalmış Qafqaz bölgəsinin strateji əhəmiyyətini artırır: “Bunu ABŞ və Rusiya kəşfiyyatının yüksək rütbəli rəsmilərinin ötən həftə Ermənistana səfərləri də göstərdi.
İyulun 18-də isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqına qaz idxalını ikiqat artırmaq məqsədilə Türkiyə ilə sıx əlaqələri olan, enerji ilə zəngin ölkəyə – Azərbaycana səfər etdi.
Tarixən bir-birinə düşmən münasibət bəsləyən Ermənistan və Türkiyə onilliklər ərzində ilk dəfə olaraq sərhədləri açmağa çalışır. Azərbaycanla Ermənistan da 2020-ci il müharibəsindən sonra münasibətləri normallaşdırmaq üçün danışıqlar aparır.
Bu danışıqların uğurlu nəticələri Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında bir körpüyə çevirə bilər. Elə bir körpü ki, Rusiyadan yox, Türkiyədən keçir. Mərkəzi Asiyanın isə neft və qazla zəngin olduğu bəllidir.
Sovet dövründə və ondan sonrakı ilk onilliklərdə Rusiya Qafqaza öz həyətyanı sahəsi kimi baxıb. İndi Putinin müharibəsi Ukraynada olduğu kimi Qafqazda da münasibətlərin yenidən qurulmasına gətirib çıxara bilər”.
Tarix: 21-07-2022, 08:24
Xəbəri paylaş





Xəbər lenti