Qərb blokunun önəmli üzvü olan Türkiyə Respublikasının adı çox hallanır. Gah F-35, S-400 qalmaqalında, gah F16, “Petriot” sistemləri qalmaqalında, gah Finlandiya və İsveçi NATO-ya buraxmamaq təhdidində, gah da Astana prosesinin davamı olan Tehran görüşlərindəki davranışlarına görə. Biri də qaldı – Ukrayna və Rusiya arasında taxıl ixracına dair sazişə nail olduğuna görə də adı hallandı Türkiyənin. Əlbəttə, bütün bu sadalananların hamısında Türkiyə müqəssir və ya tək müqəssir deyil. Bəzilərində isə ola bilsin, hətta seçilmiş qurbandır. Amma bir məsələni bilmək çox önəmlidir- Türkiyə dünya siyasətinin mərkəz cəbhəsidir. Son iki olaya qədərki, yəni Tehran görüşləri və taxıl sazişinə qədərki məsələlərə dair yüzlərlə, bəlkə minlərlə yazılar yazılıb, ona görə də konkret bu iki prosesin bəzi diqqətdən qaçan məqamlarını gözdən keçirəcəyik.
Türkiyəyə “yox” deyən düşmənlər Maraqlıdır ki, Suriyada Türkiyənin nəzərdə tutduğu hərbi əməliyyatlara eyni vaxtda İran da, ABŞ da, Rusiya da etiraz edir. Bu ilin 16-17 iyun tarixində Astanada keçirilən növbəti Türkiyə, Rusiya və İran (səfirlər səviyyəsində) görüşlərdə əldə olunacağı gözlənilən razılaşmaların heç biri baş tutmadı. Türkiyənin Suriya əməliyyatlarına yaşıl işıq yandırılacağına dair vədlər, əlbəttə, var idi. Amma istər Rusiya, istər İran təmsilçisinin açıqlaması açıq göstərdi ki, Türkiyənin bölgədə irəliləməsi məsələsi Tehranda və Moskvada eyni tərzdə qarşılanır. Jurnalistlərdən biri isə Rusiyalı diplomat Lavrentiyevə “Türkiyə İsveç və Finlandiyaya NATO üçün “hə” dediyi üçünmü əməliyyatlara razılaşmaqdan imtina etdiniz”? sualı verməklə sirr pərdəsini qaldırmağa cəhd edir. Cavab isə Moskvaya xas “idealizm” qiyafəsindədir. “Qətiyyən, biz ümumilikdə sülh və sabitlik istəyirik və bütün müttəfiqlərimizə sadiqik”. İranlı təmsilçinin də açıqlamaları çox fərqli üslubda deyildi. Bunun ardınca eyni mövzunu danışmaq üçün Tehrana getmək, təbii ki, tənqidə açıqdır. Çünki ən azından İranın və Rusiyanın mövqeyi bəllidir. Ərdoğan yaxşı bilir ki, Kremldə və ya Tehranda diplomatlar onun ölkəsindən çox da azad deyillər. Ümumiyyətlə isə diplomatların heç yerdə belə azadlığı yoxdur ki, dövlətdən fərqli mövqe ifadə eləsin. Deməli, Tehran tədbiri ən azı bir bənd üzrə təkrarçılıq oldu, amma bu dəfə etirazı onun özünə və üzünə etdilər.
Ankaraya niyə etimad yoxdur? Unutmaq olmaz ki, Türkiyə dövləti ikinci cahan savaşı zamanı da bu cür ikili diplomatiya ilə dünyanı bir xeyli qəzəbləndirə bilmişdi. O zaman da Türkiyə həm savaşda vardı, həm də yoxdu. Ancaq indi tamamilə başqa vəziyyət yaranıb. Türkiyə konkret hərbi blokdadır və bu blok müharibənin tərəfidir. Qərarlar kollektiv qəbul olunur, amma fərdi icra olunur. Bu da mürəkkəbliyin başqa bir aspektidir. Türkiyə isə bu azadlıqdan ən çox “istifadə” edir. Burada Azərbaycan mövqeyindən baxış tamam fərqli mənzərə yaradır. Rusiyaya şans verən istənilən reverans bizim üçün həyati risk daşıyır. Qərbdə bu addımlar narahatlıq, Azərbaycanda isə təhlükə doğurur. Ona görə də bir çox hallarda Ankaranın addımlarının Bakıdakı tənqidçiləri Qərbdəki tənqidçilərindən daha prinsipial görünə bilirlər.
Taxıl məsələsi və Ankaranın günahı Türkiyədə bu ölkənin də fəal iştirakı ilə Türkiyə, Ukrayna, BMT və Rusiya arasında imzalanan taxıl ixracına dair sazişin üstündən bir gün keçmədən Rusiyanın Odessa limanını bombalaması Türkiyəni yenidən hədəfə gətirdi. Milli müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarına istinadən Odessanın ruslar tərəfindən vurulmadığını deməsi bir gün sonra hadisənin Kremldən qaynaqlandığı ortaya çıxınca çətin duruma düşdü. Fəqət burada Türkiyənin bir günahı olduğunu düşünmək bir xeyli qərəz tələb edir. Birincisi, ona görə ki, taxıl hamıya lazımdır. Düzdü, Rusiyadan ən çox taxıl alan Türkiyədir, amma bu, yenə də başqa ölkələrin ərzaq böhranına düşəcəyi reallığını dəyişmir və belə bir müqavilə çox vacib idi. Təbii ki, işləyəcəyi halda. İkincisi, söhbət hələ ki, Odessa limanındakı Ukrayna taxılından gedir. Nəhayət, müqavilə imzalamış 4 tərəfdən biri bu müqaviləni pozursa, bunun məsuliyyətini Ankaranın bölüşməsi ədalətli deyil. Burada yeganə tənqid olunası məqam təbii ki, Şoyquya inanmaqdır. Çünki bu müharibə həm də Türkiyəyə inamsızlıqla bitməməlidir.
Müəllif: Seymur Həzi
Tarix: 25-07-2022, 18:20