ABŞ-dan Türkiyəyə şifrəli hədə - Ərdoğanın seçkilərdə qələbə şansı təhlükədədirmi?
“”Nyu York Tayms" dərgisində yayınlanan son məqalədə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ağ Ev Administrasiyası üçün “baş ağrısına” çevrildiyi yazılıb. Qəzet bildirib ki, ABŞ prezidenti Cozef Bayden yaşlı və az hərəkətlidir, bunun əksinə olaraq Rəcəb Tayyib Ərdoğan dinamikdir və onun fəallığı Qərbin maraqları ilə üst-üstə düşmür".
Bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Vaşinqton Türkiyə, BMT, Ukrayna və Rusiya təmsilçiləri ilə İstanbulda imzalanan taxıl anlaşmasını sözdə dəstəkləsə də, əsl həqiqətdə Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır: “Çünki bu vasitəçilik Türkiyənin bölgədəki rolunu və gücünü artırır. Bu isə Türkiyənin Soyuq müharibə illərindəki müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun deyil. Kiyevlə Moskva arasında vasitəçi Yunanıstan olsaydı, Vaşinqton həm sözdə, həm də əməldə Afinanı dəstəkləyərdi. Ancaq Yunanıstanın bölgədə çəkisi yoxdur, üstəgəl, Rusiya bu dövləti ”qeyri-dost dövlətlər" siyahısına əlavə edib".
Politoloq ABŞ-ın bu cür münasibəti və Türkiyədəki sivil toplumlara təsiri, habelə qiymət artımı, sosial gərginlik kontekstində Türkiyə prezidenti üçün gələnilki prezident və parlament seçkilərinin ağır keçəcəyini, AKP-nin liderliyi əldə vermə ehtimalını qeyd edib: “Ərdoğan 20 il ərzində özünü və partiyadaşlarını seçkilərdə qələbələrlə sevindirdi. Bu dəfə də bu mümkün olacaqmı? Türkiyədə söhbət etdiyim bəzi ekspertlər Ərdoğanın gələn ilin iyununu gözləmədən seçkini erkən tarixə, misal üçün, bu ilin noyabr ayına təyin edə biləcəyi ehtimalının olduğunu da vurğulayırlar. Məqsəd qış aylarını gözləmədən indiki reytinqi qoruyaraq seçkiyə qatılmaqdır. Bütün hallarda noyabr və ya iyun ayı olsun, hakimiyyətə seçkidə səsləri qorumaq üçün iqtisadiyyatda dönüş yaratmaq lazımdır”.
Digər təhlilçilər bu qənaəti bölüşürmü? Seçkilər qabağa çəkiləcəkmi, iqtisadiyyatda dönüş yaratmaq mümkün olacaqmı?
AKP-dən olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı deyilən fikirlərlə razılaşmır: “Ərdoğan bir dünya lideridir. Bütün dünyada hər kəsin sayğı duyduğu və həm də qorxduğu bir ölkə rəhbəridir. Allahın izni ilə onun üzümüzə gələn seçkiləri qazanacağını düşünürəm. Yadlar nə düşünürsə düşünsün, türk xalqının Ərdoğana dəstəyi çox böyükdür”.
Professor seçkilərin qabağa çəkiləcəyini düşünmür: “Belə bir hal yaşanmayacaq. Çünki həm Dövlət Baxçalı, həm də Cümhurbaşqanı açıqladılar ki, seçkilər zamanında, yəni iyunda olacaq. Ola bilər ki, bəzi məsələlərlə əlaqədar bir ay filan seçkilər tez keçirilsin. Amma bu da erkən seçkilər sayılmaz. İstənilən halda seçkilər gələn il baş tutacaq. Hökumətin də zatən seçkiyə qədər bir proqramı var. Vətəndaşların da işini rahat etmək üçün bir seçki proqramına start verilib. Burada 85 milyona çatacaq bir proqramdan söhbət gedir. İyulun 25-də də partiyanın idarə heyətinin toplantısı keçirildi. Bununla haqqında bəhs etdiyimiz proqram daha da dərinləşdi. Mən hələ sayın Ərdoğan bələdiyyə başqanı olan zamandan indiyə qədər onun yanında olmuş biriyəm. Millət vəkili də olmuşam. Hər həftə azından iki kanalda görüşlərimizi paylaşıram. Onu əminliklə deyə bilərəm ki, hazırda Türkiyədə Tayyib Ərdoğana rəqib olacaq heç bir lider, partiya yoxdur. Gələcəkdə də Ərdoğanın dünyaya çox böyük təsiri olacaq. Onun prezident seçkilərini çox rahat şəkildə qazanacağını düşünürəm”.
M.İlıcalı təkcə Türkiyədə deyil, bütün dünyada iqtisadiyyatda problemlərin olduğundan da söz açdı: “Amerikada, elə sizin ölkədə, bütün dünyada hamımız iqtisadi problemləri görürük. Təkcə bu problemi Türkiyədə aid etmək olmaz. Cənab Ərdoğan təbii ki, bu istiqamətdə öz addımlarını atmaqdadır. Maaşlar artırıldı. Bundan sonra da maaşlar artan xətlə gedəcək. İqtisadi yöndə vətəndaşın rahatlığına səbəb olacaq tədbirlər AKP iqtidarı tərəfindən görülür. Bu tədbirlərin də seçkiləri qazanmağa təsiri mütləq olacaq. Bu arada onu da qeyd edim ki, Ərdoğana öz aləmlərində rəqib olacaq bir ”Millət ittifaqı" var. 6 partiya orada təmsil olunur. Onlar da hər keçən gün bir-birinə qarşı çıxırlar. Bu altılığın dağılacağını düşünürəm".
Mustafa İlıcalı: “Türk xalqının Ərdoğana dəstəyi çox böyükdür”
Müsahibimiz fikirlərinin sonunda 22-24 iyul aralığında Azərbaycanda olduqları səfərlərindən söz açmağı vacib bildiyini söylədi: “Azərbaycan-Türkiyə qardaşlığının önəmi hər zaman böyükdür. Biz iki gün ölkənizdə olduq. Bu iki gün müddətində azərbaycanlı qardaşlarımız bizi öz evimizdə hiss etdirdilər. Onlara çox-çox təşəkkür edirəm. Qarabağdakı şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ zəfərində Türkiyə-Azərbaycan çox gözəl bir dostluq örnəyi göstərdilər, imkanlarını paylaşdılar. Bir neçə ay öncə hava limanının açılışında idim. Sayın İlham Əliyev açılışa gəlmişdi. Türk xalqı, Cümhurbaşqanımız bundan böyük məmnuniyyət duydu. Bu dostluq, qardaşlıq daimi olsun. Hər iki ölkədə bu hər kəsin arzusu və istəyidir”.
Hulusi Kılıç: “Türk xalqı nə edəcəyi ilə bağlı doğru qərarlarını verə bilir”
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Baydenə səsləndi: “Öncəliklə onu deyim ki, Bayden özünə yaxşı baxsın. Amerikaya gəlib-getmiş nə edəcəyini bilməyən bir başqandır. Türkiyənin işlərinə qarışmaq yerinə öz işlərinə yaxşı baxsın. Türk xalqı nə edəcəyi ilə bağlı doğru qərarlarını verə bilir. Türkiyədə demokratik bir seçki keçiriləcək və xalqımız öz qərarını bildirəcək. Cümhurbaşqanı zatən güclü bir liderdir, həm bölgədə, həm də dünyada. Bunu Ukrayna-Rusiya savaşında da gördük. Hər kəs də bunu yaxşı görür. İndidən bu seçkilər barədə nəsə söyləmək tezdir. Bu yanlış ola bilər. Onun üçün çox da seçkilərlə bağlı fikir bildirməyə çətinlik çəkirəm”.
Sabiq səfir də bütün dünyada iqtisadi problemlərin yaşandığını bildirdi: “Dünyanın iqtisadi durumu çox ağırdır. Rusiya-Ukrayna savaşı istər-istəməz özü ilə bərabər iqtisadi problemlər də gətirdi. Bəzi güclər Türkiyənin iqtisadi gücü ilə oynayırlar. Bu da türk xalqına zərər verir. Türkiyə daha ağır günləri geridə qoyub. Bunu da geriyə buraxacaq”.
“Yeni Müsavat”
Tarix: 26-07-2022, 10:21