Türkiyə “Bayraqdar”ın Rusiyada istehsalına razılaşa bilər - Tofiq Zülfüqarov




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır.

Görüş ərəfəsində Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna biləcəyi barədə xəbərlər yayılır. Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib.


Bəs, Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşa bilərmi?


Məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlama verib.


Sabiq nazirin sözlərinə görə Ankara ilə Rusiya arasında razılaşmanın olması istisna deyil:


“İndiki mərhələdə bu istehsalın Rusiyada olmasını əminliklə demək çətindir. Lakin bunun olmasını istisna etmirəm. Çünki bu hadisələr Ukraynada müharibə fonunda baş verir. Artıq biz görürük ki, silah istehsalı ilə bağlı Rusiya və Türkiyə arasında əməkdaşlıq mövcuddur. Türkiyə artıq hava müdafiə sistemlərini Rusiyadan alıb. Məlumatlar var ki, bu istiqamətdə əməkdaşlıq davam edəcək. Çünki Türkiyənin məqsədi bu komplekslərin bəzi ehtiyyat hissələrinın, o cümlədən raketlərin Türkiyədə istehsal olunmasıdır. Demək olar ki, Türkiyə bunun vasitəsilə orta mənzilli raketlərin istehsalı üçün texnologiya əldə edəcək. Qarşılıqlı olaraq, Türkiyənin Rusiyaya bu və ya digər texnologiyaları verməsi istisna olunmur. Yəni, bu məsələdə mübadilə mümkündür. Qərb Türkiyəni demək olar ki, sanksiyalar altında saxlayıb. Hərbi müdafiə sistemlərini Türkiyəyə təqdim etmir. Burada qırıcı təyyarələr,”F-16”-ların axırıncı versiyalarını göstərmək olar. Belə çıxır ki, Türkiyə də imkanı olan dövlətlərlə bu məsələdə əməkdaşlıq etməyə məcburdur”.
Tarix: 28-07-2022, 08:22
Xəbəri paylaş





Xəbər lenti