Azərbaycan siyasətində məxməri inqilab: - Etibar Məmmədov Əli Kərimliyə qarşı



Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədovun uzun fasilədən sonra yenidən siyasi səhnədə görünməsi çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub. 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra “kölgəyə” çəkilən qocaman siyasətçinin xüsusilə son 2 ayda ardıcıl olaraq yerli KİV-lərin vitrinində görünməsi birmənalı qarşılanmayıb.

Keçmiş deputatın qızmar yay günlərində “qış yuxusundan” ayılmasına səbəb nədir? Özünü uzun illər aktiv siyasətdən təcrid edən baş milli istiqlalçını hansı qüvvə siyasi proseslərin mərkəzinə çəkir? Siam.az xəbər verir ki, Yenisabah.az məsələni araşdırarkən maraqlı məlumatlar əldə edib. Müxalifət cinahında təmsil olunan siyasi fiqurlardan biri saytımıza açıqlamasında tezliklə Azərbaycanda hakimiyyət əleyhdarlarının yeni siyasi ittifaqının yaradılacağını bildiirb. Onun sözlərinə görə, yeni qurum geniş siyasi spektri əhatə edəcək.

Mənbə müxalifətin yeni ittifaqına AMİP lideri Etibar Məmmədovun rəhbərlik edə biləcəyini istisna etməyib. Bildirib ki, yeni koalisiya 2005-ci ildə keçirilən parlament seçkiləri ərəfəsində elan olunan “YES” blokunun bənzəri olacaq. Amma bu ittifaqda sabiq məmurlardan daha çox aktiv siyasi fəaliyyətlə məşğul olan və hakimiyyətə nisbətən loyal münasibətilə seçilən partiya liderləri təmsil olunacaq.

Qeyd olunub ki, yeni koalisiya proporsional seçki sisteminin bərpa olunacağı və parlamentdə deputat yerlərinin artırılacağı təqdirdə yaradılacaq. Həmsöhbətimiz müxalifətin yeni ittifaqında təmsil olunması gözlənilən partiya liderlərinin də adlarını açıqlayıb. O, Etibar Məmmədovun lideri olduğu koalisiyada ADP sədri Sərdar Cəlaloğlunun, KXCP sədri Mirmahmud Mirəlioğlunun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, Ümid lideri İqbal Ağazadənin, Ağ Partiyanın sədri Tural Abbaslının, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və digərlərinin yer alacağını bildirib. Onun sözlərinə görə, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov da bu ittifaqa isti baxır. Mənbə tədricən müxalifətin radikal qanadı ilə məsafə saxlamağa çalışan İnsanovun konstruktiv müxalifətə qoşula biləcəyini istisna etməyib.

Məlumatlı şəxs yeni ittifaqın təkcə hakimiyyətə deyil, həm də müxalifətin radikal qanadına qarşı mübarizə aparacağını bildirib. Onun sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri də başda AXCP sədri Əli Kərimli və Milli Şura üzvləri olmaqla radikal müxalifət nümayəndələrinin təsir imkanlarını minimuma endirməkdir. Aydın məsələdir ki, bu hakimiyyətin maraqlarına tamamilə cavab verir.

“Çoxillik siyasi təcrübəyə malik olan Etibar Məmmədov da bunun fərqindədir. Görünür, əlverişli siyasi situasiyanın yarandığını düşündüyü üçün ortaya atılıb”, - deyə müsahibimiz fikrini tamamlayıb.

Tarix: 28-07-2022, 12:45
Xəbəri paylaş





Xəbər lenti