Ermənistanın blokadadan çıxmaq şansı: ABŞ tələsir, Ərdoğansa Paşinyana şərt qoyub


 

Pəsmi İrəvan Türkiyə-Ermənistan münasibətlərini normallaşdırıb, iqtisadi-ticari əlaqələrin qurulmasından faydalanmaq niyyətindədirsə, istənilən halda, Azərbaycanla anlaşıb, problemləri həll etmək məcburiyyətindədir... Əks halda, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərin qapalı qalaması, hələ uzun müddət blokada vəziyyətinin davam etməsi ilə barışmalı olacaq...

Ermənistan prinsipial seçim qarşısında qalıb. Bir tərəfdən, ABŞ və Qərb rısmi İrəvandan Rusiya ilə məsafə saxlanmasını tələb edir. Digər tərəfdən isə Paşinyan hakimiyyəti Ermənistanın Rusiya ilə məsafə saxlamaq cəhdinin Kremlin sərt reaksiyasına səbəb ola biləcəyini anlayır. Və belə vəziyyətdə rəsmi İrəvanın konkret hansı varianta üstünlük verəcəyi böyük maraq doğurur.
Onu da qeyd etmək lazımdır ki, CİA direktoru Uilyam Börnsün Ermənistana səfərindən sonra rəsmi İrəvanın davranışlarında gələcəyə yönəlik daha çox narahatlığın ön plana çıxdığı müşahidə olunur. Bəzi məlumatlara görə, CİA direktorunun baş nazir Nikol Paşinyana rəsmi İrəvanın Rusiya ilə indiki yaxın münasibətlərinin ABŞ-da müsbət qarşılanmadığını anlatmağa çalışıb. Üstəlik, belə davam edərsə, Ermənistanın ABŞ və Qərbdən ola biləcək dəstək şansını tamamilə itirəcəyinə eyham vurulub.
Təbii ki, rəsmi İrəvan ABŞ kəşfiyyatının şefinin xəbərdarlıqlarına əhəmiyyət verməyəcək durumda deyil. Eyni zamanda, Paşinyan hakimiyyəti Rusiya ilə ifrat yaxınlaşmanın Ermənistana ciddi zərbələr vurduğunu anlamağa başlayıb. Və belə vəziyyətin Ermənistan üçün fəlakət vəd etdiyinin də fərqindədir.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiyaya qarşı sanksiyaların Ermənistanın iqtisadi maraqlarına sarsıdıcı zərbələr vurduğunu etiraf etmək məcburiyyətində qalıb. Hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan vurğulayıb ki, Ermənistanı indiki situasiyadan, eyni zamanda gələcək kənar təsirlərdən qorumaq və davamlı iqtisadi inkişaf modelini tapmaq üçün müxtəlif variantlar üzərində müzakirələr aparılır. Və bu məsələdə qonşu ölkələrlə münasibətlərin normallaşdırılması əsas çıxış yollarından sayılır.
Təbii ki, erməni qonşu ölkələr dedikdə ilk növbədə Azərbaycan və Türkiyəni nəzərdə tutur. Çünki, Ermənistanın Gürcüstan və İranla münasibətləri normal sayıla biləcək səviyyədədir. Ancaq bu, Ermənistana iqtisadi inkişaf perspektivləri qazandırmır. Yəni, rəsmi İrəvan anlayır ki, Ermənistanın əsas problemlərinin həlli Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına bağlıdır.
Ancaq Paşinyan hakimiyyətinin bu istiqmətdə hansısa ciddi irəliləyiş əldə edə bildiyindən danışmaq sadəcə, mümkün deyil. Bir tərəfdən, ənənəvi erməni zehniyyatı, onilliklər boyu təbliğ olunmuş “xəyali hədəflər” barədə sərsəm iddialar Ermənistan cəmiyyətinin Azərbaycan və Türkiyə ilə normal münasibətlərə inandırılmasını çətinləşdirir. Digər tərəfdənsə, bu, Rusiyanın maraqlarına zidd olduğundan Kremlin rəsmi İrəvana əngəlləyici direktivləri Ermənistanı normallaşmadan daha çox pozucu addımlara sövq edir.
Belə anlaşılır ki, Rusiyanın və “xəyali hədəflərə” bağlı sərsəm iddiaların girovunda olan Ermənistan əslində, məhz öz maraqlarına zidd xarici siyasət yürütmək məcburiyyətində qalıb. Hətta bir müddət öncə baş nazir Nikol Paşinyan da “erməni xalqının Rusiyanın maraqlarının girovluğundan xilas edilməsinin vacibliyi”ndən danışmışdı. Ancaq qısa müddətdən sonra Kreml erməni baş nazirə belə bir niyyətə düşəcəyi təqdirdə, nələrin baş verə biləcəyini anlatdı.
Bütün bunlara baxmayaraq, reallıq dəyişməyib. Ermənistan gələcək fəlakətlərdən, daxili səfalət vəd edən maliyyə-iqtisadi böhrandan xilas olmaq istəyirsə, mütləq Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına nail olmaq məcburiyyətindədir. Üstəlik, ABŞ və Qərb də bu prosesin intensivləşdirilməsində maraqlıdır, dəstəkləyir.

Ona görə də, ABŞ və Avropa Birliyi rəsmi İrəvanın həm Azərbaycan, həm də Türkiyə ilə istənilən birbaşa təmaslarına dərhal müsbət reaksiya verir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş telefon danışığı hələ də müzakirə mövzusudur. ABŞ və Avropa Birliyi bunu iki ölkə arasındakı normallaşma prosesinin inkişafı baxımından, olduqca vacib addım hesab edir. Və iki ölkə arasında sərhədlərin açıqlacağına ümidlərin yarandığını vurğulayır.
Ancaq ABŞ-da və Avropa Birliyində də anlayırlar ki, hazırda Ermənistanın konkret addımlar atması da vacib faktordur. Şünki Rusiyadan çəkinən rəsmi İrəvan belə addımların atılmasına cəsarət etmədikcə, Türkiyə Ermənistanla normallaşma prosesinə ciddi yanaşmayacaq. Və prezident R.T.Ərdoğan da Türkiyənin Ermənistandan daha aydın mövqe, dəqiq siyasi iradə, konkret addımlar gözlədiyini vurğulaması da bunu təsdiqləyir.
Məsələ ondadır ki, rəsmi Ankara Paşinyan hakimiyyətinin sadəcə, “diplomatik söz yığını”ndan ibarət olan normallaşma ritorikasını qətiyyən ciddiyə almır. Türkiyənin rəsmi dairələri Ermənistanı bəyanatlar mərhələsini sona çatdırıb, faydalı işlə məşğul olmağa çağırır. Və əks halda, normallaşma prosesində irəliləyişin olmayacağına eyham vurur.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu artıq bu barədə rəsmi Ankaranın prinsipial mövqeyini ifadə edib. Onun fikrincə, həm Azərbaycan, həm də Türkiyə Ermənistanla normallaşma prosesinə tamamilə səmini yanaşır: “Ancaq biz Ermənistandan da eyni mövqeni və daha konkret addımların atılmasını gözləyirik. Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsində maraqlıdır, bu prosesi də Azərbaycan ilə koordinasiyalı şəkildə yürütməkdə qərarlıdır”.

Paşinyan hakimiyyəti hər imkanda vurğulayır ki, Azərbaycan-Ermənistan və Türkiyə Ermənistan normallaşma proseslərinin bir-biriylə əlaqəsi yoxdur. Rəsmi İrəvan Hesab edir ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı prosesə Azərbaycan və Ermənistan arasında olan problemlərin həllini şərt kimi irəli sürməməlidir. Və bu iki proses bir-birindən ayrı davam etməlidir.
Ancaq göründüyü kimi, rəsmi İrəvanın mövqeyi bu məsələdə qətiyyən əhəmiyyət daşımır. Çünki, NATO ölkəsi olan Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Rəsmi Ankara Azərbaycanla ciddi problemləri olan ölkə - Ermənistan ilə münasibətlərini birtərəfli qaydada nizamlamaq niyyətində deyil. Yəni, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasının rəsmi İrəvanın Azərbaycanla problemlıərini həll etməsinə bağlı olduğunu qətiyyən gizlətmir.
Türkiyə prezidenti R.T.Ərdoğanın “Azərbaycan bizim “qırmızı xətdimizdir” deməsi də Paşinyan hakimiyyəti və Ermənistanın himayədarları üçün prinsipial mesaj xarakteri daşıyır. Ona görə də, rəsmi İrəvan Türkiyə-Ermənistan münasibətlərini normallaşdırıb, iqtisadi-ticari əlaqələrin qurulmasından faydalanmaq niyyətindədirsə, istənilən halda, Azərbaycanla anlaşıb, problemləri həll etmək məcburiyyətindədir. Əks halda, həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərin qapalı qalaması, blokada vəziyyətinin davam etməsi ilə barışmalı olacaq.
Elçin XALİDBƏYLİ,

“Yeni Müsavat”
Tarix: 28-07-2022, 19:57
Xəbəri paylaş





Xəbər lenti