Tehran yenə "oxu atıb, yayı gizlətdi": Nədən qorxur?
"Ölkəmizin təhlükəsizliyi əleyhinə düşmən üçün yuvaya çevrilmiş hər bir ölkə bilməlidir ki, cavab tədbirlərimizdən kənarda qala bilməyəcək".Bu sözləri İranın kəşfiyyat naziri İsmayıl Xətib deyib.
Onun İsraili və ad çəkmədən digər ölkələri təhdid etməsi diqqətlərdən yayınmayıb. Hətta İsmayıl Xəttabın həddini aşaraq Azərbaycanı da təhdid etdiyi düşünülür.
Nəzərə almaq lazımdır ki, son zamanlarda İran tərəfi açıq və ya üstüörtülü şəkildə bir neçə dəfə ölkəmizi təhdid edib. Onu da xatırlayaq ki, İsrail səfiri Corc Dikin “Təbrizin sehrli nağılları” kitabını paylaşması İran və İsrail arasındakı münasibətləri daha da gərginləşdirib. Bundan sonra isə İran tərəfindən həm İsrailə, həm də Azərbaycana yönəlik təhdid xarakterli bəyanatlar səsləndirilir.
Maraqlıdır, iranlı nazirin təhdid dolu açıqlamasında Azərbaycan da hədəf alınıb?Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov
Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın son vaxtlardakı aqressiv davranışlarının heç bir əsası yoxdur:
“Onların bu cür qıcıqlandırıcı və hədəyanlarla dolu bəyanatlar səsləndirməsinin heç bir əsası olmasa da, biz bunun şahidi oluruq. İran durduğu yerdə ayrı-ayrı dövlətləri hədələyir, onları gizli və ya açıq şəkildə sionizmə dəstək verməkdə ittiham edir.İrana öz fikrini açıq elan etməyə nə mane olur ki? İran onu nəyin narahat etdiyini açıq şəkildə deməlidir. Üstəlik, son 20 ildə müəyyən maraqlı qüvvələr iddia ediblər ki, Azərbaycan öz ərazisindən İsrailə İranın nüvə obyektlərinə və İranın mərkəzi şəhərlərinə zərbələr endirməyə icazə verəcək. Hətta bunun saatına qədər də vaxt deyirdilər. Amma gördüyünüz kimi heç bir şey baş verməyib.Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir vaxt soydaşlarımızın yaşadığı qonşu İrana qarşı hər hansısa bir addımın atılmasına imkan verməyəcək. Bütün bunlar deyildiyi halda İran bəzi fikirləri gündəmə gətirir. Mən şəxsən İranı narahat edəcək heç bir şey görmürəm. Burada nə İsrail əsgərləri, nə də nümayəndələri var. Səfirlik əməkdaşlarından başqa heç kim yoxdur. Hətta sonuncu dəfə İranın Azərbaycandakı səfiri əlinə top-tüfəng götürərək İsrail səfirinin bir paylaşımının üzərinə gedərək, onu ölümlə hədələdi”.Ekspert hesab edir ki, İsmayıl Xətibin bəyanatında sətiraltı da olsa, Azərbaycan da nəzərdə tutulub:
“Yəni onun Azərbaycanı nəzərdə tutmadığını demək doğru deyil. Amma Azərbaycan İrana qarşı hər hansısa xoşagəlməz addım atmayıb və atmaq fikri də yoxdur.İran da öz qonşuları ilə mehriban münasibət saxlamalı, sülhün və əmin-amanlığın bərpa olunması üçün müəyyən işlər görməlidir. Lakin biz bunun əksini görürük. İki gündən bir hansısa bir general və yaxud da siyasətçi çıxıb hər hansısa bir bəyanat verir. Bu fikirlər isə onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirir. Ümumiyyətlə, bizə belə bir gərginlik lazım deyil. İran sadəcə özünü gözdən salır. Hətta İranın son zamanlardakı lazımsız bəyanatları fonunda İsrail müdafiə naziri İran ərazisini vura biləcəkləri ilə bağlı bəyanat verdi. Bu, İrana lazımdır? Ona görə də İran rəsmiləri öz bəyanatlarında və hərəkətlərində bir qədər diqqətli olmalıdırlar”.
Tarix: 28-07-2022, 21:00