“Rusiya Ukrayna savaşında qalib gəlsə dünya qaranlığa doğru gedəcək” - Sərdar Cəlaloğlu
“Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq dünyanın siyasi mənzərəsi dəyişə bilər. Əgər bu müharibədə Rusiya məğlub olacaqsa, dünyada sakitlik, əmin-amanlıq hökm sürəcək, Türkiyə-Azərbaycan münasibətləri yaxşı inkişaf edəcək. Eləcə də keçmiş Sovet İttifaqı respublikaları real müstəqilliyinə çatacaq, iqtisadi yüksəliş əldə edəcək, Avropa və dünya ilə daha sıx inteqrasiyaya nail olacaq. Bu, hamının maraqlarına uyğundur”.
SİAM.AZ xəbər verir ki, bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri qeyd edib ki, əgər Putin Rusiyası bu müharibədə qələbə qazansa, dünyada silahlanma sürətlənəcək, yeni böhranlar yaranacaq, gərginlik artacaq, qarşıdurmalar müşahidə olunacaq. Onun sözlərinə görə, ruslar qalib gəlsə, imperiya maraqlarını yaymağa başlayacaqlar ki, bu da yeni toqquşmalarla nəticələnəcək.
S. Cəlaloğlu müharibə ilə bağlı birmənalı şəkildə proqnoz və rəy irəli sürmək istəməyib: “Mən yalnız şərtlə hadisələrin necə inkişaf edəcəyini deyə bilər. Rusiya qalib gələcəyi təqdirdə dünya qaranlığa doğru gedəcək, Rusiya məğlub olacağı halda dünya işığa doğru irəliləyəcək”.
ADP sədrinin fikrincə, Qarabağ məsələsinə də bu səpkidən yanaşmaq doğru olardı:
“Əslində Qarabağ probleminin 90 faizi həll edilib. Problemin həll edilməyən hissəsi Azərbaycanın inadkar, ardıcıl, stabil və qətiyyətli mövqeyindən asılıdır. Rusiya nə qədər böyük, nə qədər güclü olursa-olsun, Azərbaycan tərəfi qəti addım atacağı halda Xankəndi suverenliyimizə qovuşacaq. Mən Azərbaycanın belə bir fəaliyyətinə hazırlıq görürəm”.
S. Cəlaloğlu əlavə edib ki, Azərbaycan Ordusunun hazırlıqları, Xankəndi iqtisadi zonasında baş verənlər ölkəmizin bu ərazisini öz suverenliyinə qaytarmaq istiqamətində artan səylərini göstərir.
Tarix: 29-07-2022, 10:27