Azərbaycanda referendum HAZIRLIQLARI



Uzun müddətdir ki, ölkəmizdə Konstitusiyaya dəyişiliklərin edilməsilə bağlı referendumun keçiriləcəyi mövzusunda müzakirələr gedir. Xüsusən də, Mərkəzi Seçki Komissiyasının iyulun 26-da keçirilən iclasında yeni seçki məntəqələrinin yaradılması və seçicilərin siyahıyaalınması işlərinin aparıldığı elan olunduqdan sonra referendum müzakirələri yenidən canlanıb.

Bəs, Azərbaycanda referendum keçirilməsi gözlənilirmi? Belə bir zərurət mövcuddurmu? Siam.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc referendum qərarının Prezident tərəfindən verilə biləcəyini qeyd edib:

“Konstitusiyada ictimai-siyasi münasibətləri tənzimləmək üçün dəyişiklik zərurətini görsəniz də, bu yöndə təşəbbüslər bir araya gətirilsə də, hətta partiyalar, hərəkatlar öz diskussiyalarını, tədbirlərini həyata keçirib konsepsiya hazırlasalar da, ən sonda qərar məhz Dövlət başçısı tərəfindən verilir. Doğrudur, digər mexanizmlər də var, lakin onlar bir qədər zaman alan, çətin yollardır”.

STM sədri, ümumilikdə, 4 ümumxalq səsverməsinin keçirildiyini xatırladaraq, bildirib ki, onlar 7 ildən bir baş tutub:

“Sanki qəribə bir ardıcıllıq yaranıb. Amma bu gün Konstitusiyaya dəyişikliklərlə bağlı mövqe söyləyən qüvvələrin də fikirlərini dəyərləndirərkən, bir neçə istiqamətin qabarıq olduğunu görürük. Bir qisim, Vətən Müharibəsindən sonra ölkənin siyasi-institusional idarəçiliyinin dəyişilməsi yönünüdə mövqelərini irəli sürürlər.

İkincilər, parlament üzvlərinin sayının artırılmasını qeyd edirlər. Çünki Konsititusiyada Milli Məclisdə 125 deputat mandatının müəyyənləşməsi 7 milyonluq əhali şəraitində gerçəkləşmişdi. Amma indi həmin dövrlə müqayisədə əhali 40% artıb. Belə olan halda xalq təmsilçiliyi normasının da dəyişməsinə zərurətlərin olduğu da inkarolunmazdır.

Üçüncülər, 2000-ci ilə qədərki təcrübədə olduğu kimi, proporsional seçki sisteminin hibrid formada təkrarən gündəmə gətirilməsini vacib sayırlar. Onlar bunu daha az sayda və güclü partiyalar sisteminin formalaşmasının yol xəritəsi kimi görürlər.

Dördüncülər, xüsusilə, Prezident tərəfindən tətbiq edilən yerli idarəçiliyin yeni mexanizmlərinin Konstitusiyada tətbiq olunmasını arzulayırlar. Burada söhbət xüsusi nümayəndəlik təsisatından gedir”.

Zahid Oruc STM sədri kimi ictimai əhval-ruhiyyə ilə bağlı məlumatlı olduğunu da qeyd edib:

“Önəmli olan odur ki, biz vətəndaş və dövlət maraqlarını üzvi şəkildə əlaqələndirməliyik. Konstitusiya doqmatik (dəyişməz) bir sənəd deyil. Doğrudur, onun tez-tez dəyişməsi də suallar və çağırışlar yaradır. O anlamda ki, bəzən Konstitusiyaların uzun müddət dəyişməz qalması istənilir. Lakin biz fərqindəyik ki, bu gün regional və beynəlxalq proseslərin dəyişməsi fonunda hüquq sistemi də təkmilləşməlidir. İctimai münasibətlər bunu bir vəzifə kimi meydana çıxarır. Ona görə də biz, bunun vacibliyini inkar edə bilmərik. Lakin yenə də təkrar edirəm ki, bu birbaşa Dövlət rəhbərinin səlahiyyətində olan bir məsələdir”.

Millət vəkili əlavə edib ki, referendumun keçiriləcəyi vaxtla bağlı kompetent (qeyri-müəyyən) fikirlərin söylənilməsini doğru hesab etmir:

“Referendumun nə vaxt keçiriləcəyini sizə millət vəkilləri, siyasi camenin üzvləri söyləyə bilməyəcəklər. Ona görə ki, onların mötəbər məlumatları yoxdur, bu yöndə görüşlərin, komissiya formatında çalışmaların iştirakçısı deyillər”.

Tarix: 29-07-2022, 12:33
Xəbəri paylaş





Xəbər lenti