Azər Aslanlı: “Artıq Qərb Moskvaya qarşı əvvəlki səhvlərini təkrarlamayacaq və bunu təkcə Ukraynaya görə etməyəcəklər”
Hazırda Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən (yeni Baş nazir seçilənədək) Boris Conson NATO-nun yeni Baş katibi ola bilər. Onun NATO-nun Baş katibi postuna namizədliyini irəli sürməsini müdafiə üzrə komitənin üzvləri Riçard Draks və Mark Fransua, eləcə də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üzrə keçmiş nazir Devid Cons dəstəkləyir. Ukraynalı deputatların və Mühafizəkarlar Partiyasından olan millət vəkillərinin də bu ideyanı dəstəklədiyi bildirilir.
Xatırladaq ki, Boris Conson iyulun 7-də Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib. Bununla belə, Conson yeni Baş nazir və partiyaya yeni sədr seçilənə qədər öz səlahiyyətlərini icra etməyə davam edəcək. O, Ukraynaya dəstək verən əsas siyasətçilərdən biridir.
NATO-ya gəldikdə isə, Alyansa hazırda Yens Stoltenberq rəhbərlik edir. O, bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə gəlsə də, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.
“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev AYNA-ya açıqlamasında deyib ki, Consonun o posta gətirilməsi NATO-nin Rusiyaya qarşı daha sərt addımlar atacağını söyləməyə əsas verir: “Boris Conson Rusiyanın Ukraynaya qarşı təcavüzü dövründə Kremlə qarşı sərt mövqeyi, cəsarətli addımları, Kiyevə açıq dəstəyi ilə dünyanın rəğbətini qazandı. Hətta oŞ istefaya getdikdən sonra belə rəylər yaranmağa başladı ki, onu məhz Ukraynaya fəal dəstəyinə görə yola salıblar”.
“Consonun NATO rəhbərliyinə gətirilməsi tamamilə real və gözlənilən bir məsələdir. Hesab edirəm ki, bu, baş verəcək. Onun Baş katib seçilməsindən sonra isə NATO Rusiyaya qarşı daha da sərt davranacaq. Bütün hallarda Qərb əvvəlki səhvlərini təkrarlamaq niyyətində deyil və bu dəfə Putinə güzəşt etməyəcəklər”, - deyə həmsöhbətimiz bildirib.Əliyevin sözlərinə görə, NATO kimi qurumlarda Baş katibin kim olması bir o qədər də əhəmiyyət kəsb etmir: “Çünki bu qurumlar qəbul edilmiş qərarları icra edir. NATO bu gün üçün Rusiyaya qarşı mübarizə aparır. Stoltenberq və ya digər şəxsin olması elə də əhəmiyyət kəsb etmir. Lakin Boris Conson Ukrayna məsələsində böyük populyarlıq qazandı. Hətta onu Rusiyaya qarşı mübarizənin siması da hesab edirlər. Bu mənada Consonun NATO rəhbərliyinə gətirilməsi həm də simvolik məna kəsb edəcək. Rusiyanın bu təyinatın ardınca hərəkətə keçəcəyi də gözləniləndir. Yəqin ki, Consonun gəlişi ilə münasibətlər gərginləşəcək və keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”.
ABŞ-da yaşayan azərbaycanlı politoloq Azər Aslanlı da AYNA-ya şərhində Consonun NATO Baş katibi kimi real namizəd olduğunu söyləyib: “ABŞ və Böyük Britaniya Rusiyanın qarşısına Consonu çıxaracaq. Hələ Conson istefaya getdiyi zaman iddialar mövcud idi ki, onu digər vəzifəyə göndərəcəklər. Hətta, hələ bir ay öncə onun NATO-nun Baş katibi olacağı barədə ehtimallar irəli sürülürdü. Hadisələrin sonrakı inkişafına nəzər salanda görürük ki, bu, bir fərziyyə yox, əvvəlcədən hazırlanmış ssenari idi. Conson yəqin ki, NATO-nun Baş katibi olacaq”.
“Bundan sonra isə Qərb Rusiyaya qarşı sanksiyaları artıracaq. Rusiyanın Ukraynaya qarşı təcavüzü beş ayddan çoxdur davam edir. Bu beş ay ərzində rus ordusu 40 min itki verib. Bir neçə ay da davam etsə, Rusiyanın itkiləri daha çox olacaq. Artıq Putinin və komandasının qurtuluşu yoxdur. Conson Moskvaya qarşı bir “silahdır” və bu “silahdan” hələ uzun müddət istifadə olunacaq”, - deyə analitik vurğulayıb.Aslanlı hesab edir ki, hətta NATO-nun Baş katibi seçilməsə belə, qurumun Rusiyaya qarşı münasibəti dəyişməyəcək: “Artıq Qərb əvvəlki səhvlərini təkrarlamayacaq. Bunu təkcə Ukraynaya və özlərinin dediyi kimi, demokratik dəyərlərə görə etmirlər. Fərqindədirlər ki, dünyada bir anti-Qərb koalisiyası formalaşır və bu koalisiyanın başında Rusiya dayanacaq. Buna imkan verməmək və qarşısını almaq üçün NATO faktorundan geniş istifadə edəcəklər. Consonun gəlişi isə bu siyasətin daha da sərtləşməsi üçün zəmin rolunda çıxış edəcək. Çünki Conson Rusiyaya qarşı amansız siyasəti ilə seçilir və bu, NATO Baş katibi olaraq Qərbin işinə yarayacaq”.