“Hakimiyyət bəlli meydança yaradıb və hər kəsin orda oynamasını istəyir ”
“İstər Zakir Qaralov, istərsə də Kamran Əliyev olsun: mahiyyət dəyişməyib” Baş Prokurorluğun sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən şəxslərə xəbərdarlığı davam edir. İyulun 28-də Prokurorluq “D18” Hərəkatının keçmiş sədri Ruslan İzzətliyə xəbərdarlıq edib. Bu barədə Ruslan İzzətli Meydan TV-yə danışıb. O deyib ki, Baş Prokurorun müavini Camal Əhmədov və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisinin müavini Şəmşir Şəmşirli tərəfindən qəbul edilib: “Mənə 26 iyun Silahlı Qüvvələr günündə yazdığım statusla bağlı xəbərdarlıq etdilər. Yazmışdım ki, İlham Əliyev və komandası bu gün Qarabağa gedirsə, orada tədbir keçirirsə, o haqqı ona qazilər və hərbçilər verib. Ancaq nə yazıq ki, Silahlı Qüvvələr günündə də qazilərin və hərbçilərin problemləri həll edilmədi. Hər iki şəxs statusumun hüquqi əsası və faktımın olmadığını söyləyəndə ifadə azadlığımın olduğunu bildirdim. Əlavə etdim ki, hər bir cümləmi əsaslandıran kifayət qədər faktlar və etirazlar var”. Ruslan İzzətlinin sözlərinə görə, ona ilkin olaraq şifahi xəbərdarlıq edilib: “Davamlı olacağı təqdirdə, İnzibati Xətalar Məcəlləsinə əsasən məhkəməyə müraciət edəcəklərini bildirdilər”. O hesab edir ki, Baş Prokurorluğun insanların düşüncələrinə müdaxiləsi senzuranın başqa bir formada tətbiqidir: “Təbii ki, ifadə azadlığının pozulmasıdır”. “Hakimiyyət bəlli meydança yaradıb və hər kəsin orda oynamasını istəyir. Kim kənara çıxmağa cəhd edirsə, bu cür formalarda təzyiq edirlər. Hökumətin avtoritar siyasəti var, istər hüquq-mühafizə olsun, istərsə də, başqa orqanlar. Ona görə də şəxslərin dəyişməsi həmin strategiyanın dəyişməsi anlamına gəlmir. Ola bilər ki, şəxslərə görə hakimiyyətin avtoritar siyasəti daha qabarıq, yaxud passiv görünsün. Bu baxımdan sistem qalırsa, kadrlar heç nəyi dəyişmir”, – deyə Ruslan İzzətli bildirib. Ruslan İzzətli şifahi xəbərdarlıq olduğundan hansısa hüquqi addım atmayacağını deyib. Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, prokurorluğun davamlı şəkildə ifadə azadlığına müdaxiləsi qanunverciliyin Avropa standartlarından ciddi şəkildə uzaqlaşdırılmasından xəbər verir. Ekspert Meydan TV-yə deyib ki, hakimiyyət 2015 və 2017-ci illərdə bloklanma səlahiyyətinin qanunvericiliyə gətirəndən sonra sistemli addımlar atıb: “O zaman biz mütamadi olaraq deyirdik ki, bu, artıq Konstitusiyanın müəyyən etdiyi azadlıqlara müdaxilədir və Avropa Konvensiyasına ziddir. Prokurorluq senzor roluna girməməli və insanların mülahizələrini araşdırmamalıdır. Prokurorluq konkret olaraq qanunun pozulub-pozulmamasına baxmalıdır. Qanun da aydın olmalıdır və qadağan edilən informasiya ifadəsi çox mücərrəd ifadədir”. “Azərbaycanda informasiyanı açıq şəkildə qadağan edən “Dövlət sirri haqqında” Qanun var. Qanunun V maddəsinin 4 bəndində yazılıb ki, dövlətin mənafeyi baxımından bu informasiyalar məxfiləşdirilə bilər. Amma bu da hələ məxfi demək deyil, həm də dövlət sirrinin pozulması cinayət məsuliyyəti yaradır, inzibati yox”, – deyə o bildirib. Ələsgər Məmmədli hesab edir ki, mülahizələr heç bir halda mühakimə və təftiş olunmamalıdır: “Bəli, yanaşmamla razı olmaya bilərsən, hətta səni rahatsız da edə bilər. Ancaq rahatsız etmək sənin hüquqlarını pozmadığı müddətcə, hüquqi müdaxilə mümkün deyil. Əgər terrora təşviq çağırışı edirsənsə, o zaman hüquqi məsuliyyət yaradır. Amma İnzibati Xətalar Məcəlləsinə bir formada fəsil əlavə edib ardınca prokurorluğa səlahiyyət vermək birmənalı olaraq ölkənin demokratik mühitdən uzaqlaşmasıdır və dövlətin senzura roluna girməsidir. Ona görə müvafiq qanunvericilik Konstitusiyanın 47 və 50, Konvensiyanın 10-cu maddələrinə zidd olduğundan yenidən baxılmalıdır. Çünki ifadə azadlığına kobud müdaxilə yaradır və Baş Prokurorluq senzor rolunda çıxış edir”. “Müdafiə Xətti” Hərəkatının təmsilçisi Rüfət Səfərovun fikrincə, idarəetmə orqanlarının təməllərinə avtoritarizm dərin nüfuz etdiyindən mövcud durum yaranıb. O, avtoritarizmin başlıca sütunlarının hüquq-mühafizə orqanları, xüsusən prokurorluq olduğu qənaətindədir: “İstər Zakir Qaralov, istərsə də Kamran Əliyev olsun: mahiyyət dəyişməyib. Sistem dəyişməsə, azadlıqlar hər gün pozulacaq”. Rüfət Səfərov da hazırda Baş Prokurorluğun senzor rolunu oynadığını deyir: “27 iyulda bir sıra adamların Baş Prokurorluğa çağırılması özünüifadə və məlumatyayma azadlığına hücumdur. Bəli, “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsinə görə bu qurum inzibati qaydada iş açıb məhkəmə məsuliyyətini qoya bilər. Həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda da bir qrup xəbərlərin yayılması qadağan edilir. Bura terrorçuluğun maliyyələşməsi, zorakılığın təşviqi, dini ekstremizm və s. daxildir”. “Son aylarda jurnalistlərin və ictimai fəalların məhz Baş Prokurorluq vasitəsilə cəmiyyətdən təcridi hansısa informasiyaların yayılması yox, ifadə azadlığına kobud müdaxilədir. Düzdür, Tofiq Şahmuradovun adı “Tərtər işi”ndə heç də pozitiv hallanmayıb. Amma Baş Prokurorluğun onun barəsində məlumatı sual yaradır: bu adam hansı dövlət sirrini yayıb ki, 1 aylıq həbsə məruz qalıb?! Yaxud Ruslan İzzətli, jurnalistlər Səxavət Məmməd və Fikrət Fərəməzoğlunun çağırılması birbaşa ifadə azadlığına müdaxilədir”. Jurnalist Səxavət Məmməd jurnalistlərin hansı əməlinə görə inzibati cəzaya məruz qalmasının onun üçün qaranlıq qaldığını deyib. O, bu barədə “Facebook” səhifəsində yazıb. S.Məmməd vurğulayıb ki, ordu ən açıq qurumdur və orduda baş verən ən xırda hadisə belə bir neçə saniyədə yayıla bilir: “Deyirlər, ordu müqəddəsdir. Mən razı! Ancaq sualım var: ordu mənsubu olan biriləri çapıb-talayırsa, dövlət büdcəsindən ayrılan vəsaiti yeyirsə, korrupsiyaya, rüşvətə qurşanıbsa, onu yazan jurnalist o müqəddəsliyə xələl gətirir, yoxsa həmin ordu mənsubları? Bu da dövlət sirri deyil axı. Hansı sayda zabitin saxlanıldığını, hansı miqdarda yeyinti edildiyini DTX ictimayyətə təqdim edib. Dövlət sirri demişkən, jurnalistləri dövlət sirrini yaymaqda, “erməni dəyirmanına su tökmək”də ittiham edirlər. İndiyə qədər dövlət sirrinin yayılmasına görə o sirri qorumalı olan hansısa şəxsin cəzalandırılmasını görüb, eşidən olub? Bu, necə dövlət və ya hərbi sirrdir ki, onu jurnalist, bloger, sosial media istifadəçisi rahatlıqla əldə edir və yayır?” “Məncə, bu ittihamı səsləndirənlər həm də o sirri qoruyanları aşağılayır. Dövlət və ya hərbi sirr yalnız kompromat savaşları zamanı ötürülür, əldə edilmir, birbaşa ötürülür”, – deyə Səxavət Məmməd qeyd edib. İyulun 27-də Baş Prokurorluq sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən şəxslərə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda deyilir ki, “jamaz.info” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu), “miq.az” saytının rəhbəri Aqil Alışov Baş Prokurorluğa çağırılıb, onlara xəbərdarlıq olunub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatdan aydın olur ki, eyni səbəblə xəbərdarlıq edilənlər arasında Şirvan şəhər sakini Elçin İsmayıl, Lənkəran rayon sakini Əli Cabbarlı və Xaçmaz sakini Nuranə Fətəliyeva da var. Elə həmin gün Nizami Rayon Məhkəməsinin qərarıyla Tofiq Şahmuradova 30 sutka inzibati həbs cəzası verilib. Tofiq Şahmuradov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsi) maddəsilə ittiham olunub.