“Sülh göyərçini” ola bilməyən Paşinyan “çəkiclə zindan” arasında; erməni aydınların barışıq çağırışını ermənilər eşidəcəkmi?..
Düşmən qonşular çevrəsində yaşamaq sözsüz ki, ağır, hissdir, əzabdır. Xüsusən bu düşmənçiliyin baiskarı özünsənsə. Fərq eləməz, fərd olsun, yaxud toplum və ya millət. Axı bütün qonşularla yaman olub necə sakit, rahat yaşamaq olar? Əlbəttə ki, ağıl yiyələri olan insanlar və xalqlar bundan optimal çıxış yolu tapırlar. Çıxış yolu isə, əlbəttə ki, öz səhvlərini etiraf eləmək və qonşulardan üzr istəməkdən keçir.
Erməni xalqının faciəsi də bundadır. On illərdir irqçi “ziyalılarına” və siyasətbazlarına, dinsiz-imansız katolikoslarına qulaq asıb qonşu xalqlarla ədavət aparmaq, onlara qarşı əsassız ərazi iddiası irəli sürmək, mifik arzularla, “dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşamaq - bunun qonşulara hansı bəlalar gətirdiyi çılpaqlığı ilə ortada.
Bir şey yəqindir: Qafqaza gəlmə olan ermənilər etnos kimi bölgəmizdə yox olmaq istəmirlərsə, ilk növbədə öz rəhbərlərindən qonşu ölkələrə münasibətdə dürüst, səmimi, sülhpərvər siyasət tələb eləməlidir. Həm də təcili. Avantüristləri isə birmənalı iqnor eləməlidirlər. Əfsus ki, baş nazir Nikol Paşinyan “sülh göyərçini”nə çox da bənzəmir. Çünki sülhdən də, müharibədən də qorxur. Sanki “iki daş”ın, “çəkiclə zindanın” arasında qalıb. Lakin xof limiti sonsuz da deyil. “Qorxunun isə əcələ faydası yoxdur”. Günün birində qərar vermək lazım gələcək: hərb, yoxsa sülh?
Ancaq yaxşı ki, erməni cəmiyyəti fitnəkarlığa və yalanlarına qarşı immuniteti olan, pozitiv və realist düşünən üzvlərindən xali deyil. Nə qədər çətin də olsa, onlar öz xalqının gözünü açmağa çalışırlar.
Məsələn, erməni ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov hesab edir ki, əksərən Ermənistan sakinləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, qonşu Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq istəyirlər: “Məhz Azərbaycan kimi qonşu ilə dost olmaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək olar və olmalıdır. Bu, Ermənistan üçün faydalıdır. Erməni əhalisinə bunu anlamağa kömək etmək lazımdır. Paşinyan və onun fraksiyasının səhvi odur ki, xalqın qarşısına izahatla çıxmırlar”.
Onun sözlərinə görə, yaxşı olardı ki, Azərbaycandan Ermənistana nümayəndə heyətləri getsin, görüşlər keçirilsin: “O cümlədən Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında, Qarabağ erməniləri ilə əlaqə yaratmağa dəyər. Ermənistan və Azərbaycandan kənarda yaşayan erməni millətinin nümayəndələri, o cümlədən Bakı erməniləri belə sülhməramlı fəaliyyətlərə cəlb oluna bilərlər. Onlar Ermənistana gedə, insanlarla görüşə, məsələləri müzakirə edə və Azərbaycanla qonşuluğun təhlükə olmadığına inandıra bilərdilər. Bu alınacaqmı, bilmirəm. Ancaq bu barədə düşünməyə dəyər”.
Ağacanov əmindir: “Ermənilər münasibətlərin normallaşmaması və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün əllərindən gələni edən ekstremistlərə qulaq asmamalıdırlar. Hər halda, fikrimcə, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması qaçılmazdır. Proses yavaş gedir, istərdim ki, daha sürətli getsin...”
Öz növbəsində tanınmış erməni alim-tədqiqatçı Filip Ekozyans erməni xalqına növbəti video-müraciətində bir daha öz soydaşlarını ayılmağa, saxta tarixdən və əsassız iddialardan əl çəkməyə çağırıb.
“Mənim erməni xalqım, ayılın. Sizə həmişə, tarix boyu deyiblər ki, guya qonşularınız sizin düşmənlərinizdir, guya onların torpaqları da sizindir, guya sizi həmişə əzmək, qovmaq istəyiblər. Sizin əcdadlarınız bu düşüncə ilə yaşayıb, siz də bu fikirlərlə yaşamağa davam edirsiniz... Məni yenə bəziləri boykot edir. Ancaq deyə bilərəm - sizin uşaqlara yenə də axmaqlar dərs deyəcək, ”tarixçiləriniz" isə saxta, feyk kitablar yazacaq. Siz artıq anlamalısız ki, dövlətçiliyiniz saxtalıq üzərində qurulub. Sizin kökünüzdə yalan durub. Siz bunu anlasanız, hazırda qəhrəman kimi gördüyünüz ideallarınızdan zəhləniz gedər", - deyə o çağırış edib.
Erməni jurnalist və bloger Roman Baqdasaryan isə Teleqram kanalında erməni diasporu və kilsəsinə qarşı ittihamlarla çıxış edib (Axar.az).
Belə ki, o, 44 günlük müharibə zamanı erməni diasporu və kilsəsini ifşa edərək, onların kriminal aləmlə əlbir çalışdıqlarını deyib: “44 günlük müharibə zamanı erməni diasporu və kilsəsi kriminal avtoritetlərlə əlbir olaraq Qarabağı amansızcasına talan edirdilər. Son 34 il ərzində uşaqlarımızın ölümündə erməni icmalarının və diaspor təşkilatlarının başçıları da günahkardır. Çünki Qarabağda müharibə gedəndə onlar o torpaqları talan etməklə milyonlar qazandılar”.
Baqdasaryan həmçinin Rusiyanın erməni icmalarının və təşkilatlarının heç bir rəhbərinin öz oğlunu Qarabağda döyüşmək üçün göndərmədiyinə diqqət çəkib. “Onlar ancaq nağıllar danışırdı. Bu diaspor və kilsə köpək balıqlarının 99%-i toplanmış milyardların hara sərf edildiyi barədə heç bir hesabat təqdim etməyibr” - deyə o qeyd edib.
Hərçənd Baqdasaryan bilməlidir ki, nəinki erməni diasporunun, habelə heç bir Ermənistan vətəndaşının Qarabağa döyüşmək üçün öz övladını və ya muzdlu göndərməyə haqqı yox idi, yoxdur. Çünki bu, beynəlxalq hüququn, Azərbaycan Konstitusiyasının kobud pozuntusu deməkdir. Necə ki, öz haqq-hüququndan istifadə edən Azərbaycan işğalçıların dərsini verdi. Torpaqlarımıza soxulanlar ucuz ölümə tuş gəldilər. Bəzilərinin heç cəsədi də tapılmayıb...
Bütün hallarda tanınmış erməni xadimlərinin tənqid və çağırışlarını erməni cəmiyyəti eşidəcəkmi? Ermənistan yenə müharibəni seçir, yoxsa barışığı? Suala cavabı çox gözləmək lazım gəlməyəcək. Çünki Bakının səbir limiti də tükənir...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Tarix: 30-07-2022, 11:40