Molla rejimi Azərbaycan vətəndaşlarını necə AGENTƏ ÇEVİRİR? - BU NƏDİ BELƏ?




“Keçın həftə əvvəl Nyu- York Cənub Dairə Məhkəməsi Azərbaycan vətəndaşı Xalid Mehtiyevin barəsində həbs qərarı verib. Nyu- Yorkun yerli mediası onun iki həftədən sonra məhkəmə qarşısına çıxarılacağını bildirir. Xalid Mehtiyevin başqa ştat ərazisində icarəyə götürdüyü avtomaşınından silah tapılıb. Tapılan silahlar AK47 “Kalaşnikov” avtomatı, onun üçün 66 patron və səsboğucu ilə təmin olunmuş tapançadır. Xalid Mehtiyevin tutulması nə deməkdir?”

Siam.az xəbər verir ki, bunu Amerikada yaşayan siyasi şərhçi Ərəstun Oruclu deyib.

O, şəxsə qarşı irəli sürülən ittiham barəsində məumat verib:

“ Mehtiyevin vəkili onun qanunsuz silaha görə 5 il həbs cəzası almalı olduğunu bildirir, hakim Sara Keyv (Sarah Cave) isə məsələyə fərqli baxır.

Məsələ isə burasındadır ki, onu iranlı dissident-jurnalist Masih Əlinejadın Bruklində yaşadığı evin qarşısında saxlayıblar ki, bu da vəziyyəti xeyli qəlizləşdirir. Ona görə ki, 1 il əvvəl ABŞ xüsusi xidmət və polis orqanları iranlı xanımı oğurlamağa çalışan İran xüsusi xidmət orqanlarının 5 əməliyyatçısını saxlayıb.

Elə də geniş əhatə dairəsi, izləyici auditoriyası olmayan Masih Alinejadı aradan götürməyin İran hakimiyyətinin nəyinə lazım olması maraqlı deyil. İran, Çin, Rusiya tipli rejimlərin saysız-hesabsız belə əməliyyatlarının qarşısının alınması, cinayətlərinin ifşa olunması barədə kifayət qədər faktlar və sübutlar var.

Bizim üçün burada önəmli olan Azərbaycan vətəndaşlarının belə cinayətkar əməliyyatlara cəlb olunmasıdır və bu, yeganə hadisə deyil. Təxminən bir il əvvəl, daha dəqiq desək, keçən ilin sentyabrında başqa bir azərbaycanlı israilli biznesmenləri öldürməyə cəhd ittihamı ilə Kiprdə saxlanılmışdı.

İsrailin dövlət orqanlarının “Hizbullah” və İran kəşfiyyatı ilə əlaqəsi olduğunu iddia etdiyi potensial killerin Rusiya vətəndaşı olmasına rəğmən, etnik azərbaycanlı olması da bütün dünya mediasinda xüsusilə qabardılırdı. Bizim üçün də əhəmiyyətli olan elə budur”.

Məsələ burasındadır ki, azərbaycanlıların belə cinayətlərə, xüsusilə də fərdlərə və cəmiyyətə qarşı planlaşdırılan terror aktlarında cəlb olunması istər-istəməz bütün ölkə vətəndaşlarına təsir edir:

“Çünki bu, ölkənin imicinə təsir göstərməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının terrora meyilli olması fikrinin yayılmasına xidmət edir.

Nəticədə də bundan hər kəs əziyyət çəkir. Ən azı ona görə ki, ölkə vətəndaşlarının özündə təhlükə riski daşıması yüksək dəyərləndirilir ki, bu da sonda onların viza məhdudiyyətlərinə və xarici ölkələrə səfər zamanı daha ciddi nəzarətə məruz qalmasına səbəb olur. Belə hallar da artıq olub. Məsələn, dələduzların Avropa ölkələrinə və ABŞ-a saxta yolla siyasi qaçqın yerləşdirmək cəhdi ifşa olunanda.

Məhz həmin ifşa ABŞ-ın dövlət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının etibarlılıq dərəcəsinin və müraciətlərə viza verilməsi faizinin xeyli dərəcədə aşağı salınmasına gətirib çıxardı. İndi isə söhbət adi saxtakarlıqdan deyil, terror təhlükəsindən gedir”.

Məsələnin digər tərəfi də var:

“Bir müddət əvvəl Rusiyada və İranda Azərbaycana qarşı azərbaycanlı diversantların hazırlanması barədə “Turan” İnformasiya Agentliyinə müsahibəm geniş müzakirə predmeti olmaqla yanaşı, həm də fərqli münasibətlər də doğurmuşdu. Onların arasında belə bir fikri ortaya atmaqla hakimiyyətin əlinə oynadığımı iddia edənlər də vardı.İndi sualım həmin iddialarda bulunanlaradır: doğrudanmı düşünürsünüz ki, belə bir təhlükə yoxdur və Kiprdə, ardınca da ABŞ-da azərbaycanlı killerlərin saxlanılması sadəcə təsadüfdür? Bəlkə düşünürsünüz ki, heç bir diversant hazırlanması yoxdur? Onda belə çıxır ki, saxlanılan potensial killerlər ZOOM konfrans fasitəsilə “online” formatda təlimatlandırıblar.

Son olaraq, İrandan Azərbaycana yönələn real və potensial təhlükələr haqqında yazdıqlarımız və danışdıqlarımız heç bir halda ölkədəki möminlərə qarşı istifadə oluna bilməz. Bu, baş verəcəyi halda isə ona əl atanlar qarşılarında sərt reaksiya görəcəklər. Çünki hüquqi məsuliyyət fərdi məsuliyyətdir.

Çünki hər kəsin əməli yalnız fərdi qaydada və ortada ciddi sübutlar olduğu halda hüquqi məsuliyyət doğura və o, ittiham oluna bilər. Qanun belə deyir. Qanun qarşısında isə milliyyətindən, irqindən, dinindən, siyasi baxışlarından və s. asılı olmayaraq, hamı bərabər olmalıdır. Bunu da xatırlatmağı özümə borc bilirəm ki, açıqlamalarımdan kimlərəsə qarşı sui-istifadə halları elə mənim tərəfimdən də sərt reaksiya ilə üzləşəcək”.
Tarix: 1-08-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti