Ərdoğanın Putin "kartı"



Türkiyə lideri rusiyalı həmkarı ilə dostdur?
Astana Üçlüyü sammiti çərçivəsində Tehranda Türkiyə, İran və Rusiya liderlərinin hay-küylü görüşündən sonra dünya özünə gəlməmiş, məlum olub ki, NATO üzvü olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukraynanın işğalı və onun ərazisində törədilmiş hərbi cinayətlər səbəbilə toksik siyasətçiyə çevirilən rus dünyasının lideri Vladimir Putinlə görüşmək üçün Soçiyə gedir.
Ukraynaya ilk yardım əlini uzadıb, onu müharibənin əvvəlindən “Bayraktar”larla təmin edən, onun ərazi bütövlüyünü tanıyan, ümumiyyətlə, strateji tərəfdaşı olan Ərdoğan məntiqlə nəinki Putini qucaqlamamalı, heç ona əl də uzatmamalıdır. Onun Putinlə görüşdən daha çox Kiyevə səfər edəcəyi gözlənilirdi.
Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə münaqişənin əvvəlindən özünü əsas danışıqlar vasitəçisi kimi təklif etdi, bu, həqiqətən də yaxşı variantdır və Ərdoğanla Putin arasında mövcud münasibətləri nəzərə alaraq, bu, münaqişənin hər iki tərəf tərəfindən məmnunluqla qəbul edilib, hətta ABŞ və NATO tərəfindən də dəstəklənib. Elə buna görə də İstanbul danışıqlar məkanına çevrildi və burada Ərdoğanın özünün iştirakı ilə “taxıl sazişi” imzalandı və buna görə də Türkiyə ABŞ-dan xüsusi təşəkkür aldı.
Bəs, doğrudan da, Ərdoğanı Putinin dost hesab etmək olarmı? Daha doğrusu, onlar vaxtaşırı bir-birilərinə kömək göstərsələr də, əslində, rəqibdirlər. Yeri gəlmişkən, Ərdoğan yəqin ki, dünyada Putinin hörmət etdiyi və hətta deyə bilərik ki, çəkindiyi yeganə siyasətçidir. Çünki digər dünya siyasətçilərindən fərqli olaraq Ərdoğan ona adekvat  cavab verə bilər - vurulan rus qırıcısı ilə və ya dəfələrlə Liviya və Suriyadakı döyüş meydanlarında olduğu kimi.
Bəli, Türkiyə Rusiya ilə birgə layihələr həyata keçirir - Rusiya Türkiyədə Akkuyu AES tikir, ona S-400 satır, türk pomidorlarının əsas idxalçısıdır, Türkiyə turizm sektoru rus turist axınından çox asılıdır. Türkiyə isə Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi. Amma eyni zamanda, Aralıq və Qara dənizlərdə, Liviyada, Suriyada, Qarabağda, Cənubi Qafqazda və Mərkəzi Asiyada Türkiyə və Rusiya rəqibdir.
Aydındır ki, hər bir siyasətçi kimi, Ərdoğan üçün də ölkəsinin maraqları münaqişə tərəflərindən hər hansı birinin maraqlarından daha vacibdir. Ərdoğan yaranmış vəziyyətdən öz problemlərini həll etmək üçün istifadə edir - İsveç və Finlandiyanın NATO-ya daxil olması prosedurundakı kimi. O, veto qoyacağı ilə hədələyərək, bu ölkələrdən kürd siyasi mühacirləri məsələsində müəyyən güzəştlər və hətta bəzilərinin ekstradisiya vədini və Baydenin F-16-ların Türkiyəyə tədarükünə dəstək ala bildi.
İndi isə çox güman ki, o, konkret dividendlər əldə etmək üçün yenidən ABŞ və NATO ilə oynayır - F-35 proqramına qayıtmaq və ya Suriyada növbəti hərbi əməliyyat keçirməyə razılıq almaq istəyir. Amma indi bunun üçün rus kartından istifadə edir.
Rusiya üçün bu gün bütün sivil dünyanın ona boykot elan etdiyi, Lavrovun Afrikanın ən kasıb ölkələrində dəstək axtardığı bir vaxtda Ərdoğanın əl sıxması və səfəri göydən gələn lütf kimidir. “Bayraktar”ların Rusiyada necə istehsal ediləcəyi barədə rus təbliğatı hər gün yeni-yeni alovlu izahlar verir. Amma Türkiyə niyə “Bayraktar”ları Rusiyanın əlinə versin ki? Yəni sonradan bu PUA-lar Azərbaycan Qarabağına və ya Türkiyənin özünə qarşı yönəlməyəcəkmi? Əlbətdə ki, bu məsələ ciddi deyil!
Tarix: 1-08-2022, 14:15
Xəbəri paylaş





Xəbər lenti