Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında deyib ki, Rusiyanın nüfuzu Ermənistanda gün-gündən azalır.
Onun fikrincə, həm Qərbi Avropa, həm də ABŞ Rusiyanın yerini tutmaqda iddialıdırlar:
“Biz son zamanlar onların bu istiqamətdə fəallıq göstərdiklərini görürük, yəni müxtəlif siyasi və iqtisadi nümayəndə heyətləri Ermənistana gedib-gəlir. Bu baxımdan hesab edirəm ki, qərbyönlü istiqaməti daha da cəlbedici etmək üçün bu cür addımlar atılır. Xüsusən də, erməni lobbisinin təsiri altında olan bəzi konqresmenlər tərəfindən belə addımlar atılmaqdadır. Təbii ki, bu, Azərbaycanın suverenliyinə qarşı olan bir addımdır. Əgər onlar doğurdan da, kömək etmək istəyirdilərsə, Azərbaycana da bu maliyyəni verərdilər. Amma biz görürük ki, burada ABŞ ermənipərəst mövqeyini daha da göstərmək üçün bu cür addımlar atılır. İstisna etmirəm ki, bundan sonra da bu cür addımlar atılacaq. Biz hazır olmalıyıq ki, Rusiyadan sonra artıq Qərb tərəfindən də erməni ictimaiyyətini qərbyönlü etmək üçün bu cür addımlar atılacaq. Azərbaycan tərəfi bu və ya digər şəkildə mövqe bildirir. Açığı deyək ki, nəticəni gözləmək biraz çətindir. Çünki biz görürük ki, Amerika Birləşmiş Ştatları qarşısına hansı məqsədləri qoyur və bu siyasəti gələcəkdə də davam etdirəcək. Yəni, təkcə bizə qarşı yox, o, digər ölkələrə qarşı da öz maraqlarına uyğun addımlar atır”.